Qalxın ki, sonra oturmayasınız – Amma Xankəndidə yox, Bakıda

Siyasət

07.08.2023 - 10:21

İstənilən müharibədən sonra bütün günahkarların cinayət məsuliyyətinə cəlb edilməsi baş verir

Populyar erməni nəşri “Hraparak”ın sensasiyalı olduğunu iddia edən məqalə dərc edib. Nəşrin yazdığına görə, separatçıların lideri Araik Arutunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir. Bu erməni mətbuatının yazdığına görə, Arutunyan açıq şəkildə inteqrasiyaya qarşı yönələn bəyanatlara qoşulsa da, əslində, gizli şəkildə inteqrasiya istiqamətində addımlar atır.

Nəşrin qeyd etdiyi kimi, Qarabağın “rəhbərləri” artıq Rusiyanın dəstəyi gözlənilmədiyi üçün başa düşürlər ki, onlar yalnız özlərinə arxalanmalıdırlar və Qarabağda qalan insanlar isə nə edəcəkləri barədə kollektiv qərar verməlidirlər. Bu yazı, etiraf edək ki, daha çox müəlliflərin zorla fakt kimi qələmə vermək istədiyi fantaziyalarına bənzəyir.

Başlayaq ondan ki, “Azərbaycanla inteqrasiyanın gizli tərəfdarı” ifadəsinin özü lətifədir. Yalnız ona görə ki, belə bir şeyi gizlətmək mümkün deyil. O, ya mövcuddur, ya da yoxdur. Axı bu, latent homeksualizm deyil! Qarabağ separatçı quldur birləşmələrinin keçmiş “komandiri” Samvel Babayan bu günlərdə Azərbaycanla inteqrasiyaya real maraq göstərməyin necə mümkün olduğunu nümayiş etdirdi.

O, xüsusilə, Ağdamdan Əsgəran yolu ilə ərzaq tədarükünün aparılmasının zəruriliyi ilə bağlı Azərbaycan hökumətinin təkliflərini qəbul etməyə çağırır. Yeri gəlmişkən, bu barədə Ermənistanın “Hraparak” nəşri də məlumat yayıb. Əlavə edilib ki, Babayan bu məqsədlə öz tərəfdarları və “separatçı hökumət” nümayəndələri ilə görüşləri bərpa edib.

“İkitərəfli ticarətə həm Ağdamdan, həm də Qorisdən başlamaq lazımdır - bu, istəsək də, istəməsək də baş verəcək. Qarabağa hava şarı ilə enənlər fikirləşirlər ki, nümayişlə nəyisə dəyişə bilərlər, amma yəqin ki, dünyada hər gün 200 min insan acından ölür, beynəlxalq ictimaiyyət isə buna əhəmiyyət vermir”, - deyə Babayan bildirib.

O, haqlı olaraq qeyd edib ki, dünya üçün Ermənistan tərəfinin bütün qondarma “etiraz aksiyaları” heç bir əhəmiyyət kəsb etmir və Azərbaycan Türkiyənin dəstəyi ilə irəliyə gedəcək.

"Niyə də insanlara həqiqəti deməyəsən: müharibəni uduzanda, oyunun qaydalarını qəbul edib yenidən bərpa olunmağa çalışmalısan", - deyə Babayan söyləyib.

O, bu barədə də haqlıdır. İstənilən müharibələrdən sonra bütün günahkarların tapılıb, cinayət məsuliyyətinə cəlb edilməsi baş verir. Və diqqətəlayiqdir ki, S.Babayan başa düşür ki, onun barəsində ədalətli mühakimə olunmaqdan qaçmaq çətin olacaq.

Etiraf edirəm ki, oxşar fikirlər indi Araik Arutunyanı təqib edir. Xüsusən də, hərbi cinayətkar Vaqif Xaçaturyanın tutularaq Bakıya gətirilməsindən sonra. Amma kim nə deyirsə desin, Qarabağ separatçılarının başçısından “Hraparak” nəşrinin yazdıqlarını sübut edəcək konkret addımlar və hərəkətlər gözləməyin vaxtı çatıb.

İndiyədək biz onun yalnız sirk tamaşalarına, o cümlədən “müddətsiz oturaq etiraz” adlı tamaşaya baxmışıq. Qalxmaq vaxtıdır ki, sonra oturmasın, amma Xankəndidə yox, Bakıda, çadırda yox, başqa bir otaqda...

Müəllif: Əkbər Həsənov