Qadın ömrünün səhifələri - FOTOLAR

Mədəniyyət

02.09.2022 - 14:06

“…Hər bir nota görə özümü cavabdeh hesab edirəm” deyən Elnara Dadaşova ömrünün 70-ci baharına qədəm qoydu

Dahi bəstəkar Ü.Hacıbəylidən gələn ənənələri davam etdirən, görkəmli bəstəkar Q.Qarayev məktəbinin yetirməsi, Əməkdar incəsənət xadimi (2007), Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2010), “Qızıl qələm” media mükafatı laureatı (2013), bəstəkar, professor Elnara Dadaşova ömrünün 70-ci baharına qədəm qoyaraq yaradıcılığının ən kamil dövrünü yaşayır.

Elnara xanımın yaradıcı aləminin təsnifatını versək, onun bir-neçə istiqamətə ayrılan fəaliyyətini bəstəkar, musiqişünas, pianoçu, dirijor və pedaqoq kimi səciyyələndirmək olar.

Hələ uşaqikən onun musiqiyə olan dərin marağı, mükəmməl eşitmə qabiliyyəti sayəsində fortepiano arxasına keçərək dinlədiyi əsərləri ifa etmək bacarığı valideyinlərinin diqqətindən yayınmamış, o, Kövkəb xanım Səfərəliyevanın rəhbərlik etdiyi xüsusi istedadlı uşaqlar üçün yaradılmış (indiki Bülbül adına) orta ixtisas musiqi məktəbinə İvetta Adolfovna Qudelisin fortepiano sinfinə daxil olmuşdur. Məktəb illərində uğurları ilə seçilən Elnara xanım müəllif əsərlərinin ifasıyla kifayətlənməyərək, bir sıra  improvizələr də etməyə başlayır. Öz şagirdinin daxilində dolub-daşan yaradıcılıq hissini duyan ixtisas müəllimi onu 9-cu sinifdən ilk qadın bəstəkarlarımızdan biri olan Ədilə Hüseynzadənin bəstəkarlıq sinfinə yönləndirir. Beləcə, gənc Elnara özünün əsl yerini taparaq kompozisiya sənətinin dərinliklərinə bələd olmağa başlayır. Məktəb illərində anası “Şöhrət” ordeni ilə təltif olunmuş tibb elmlər doktoru, professor Sayalı xanım Tağıyevanın sözlərinə “Ana” romansı, simli kvartet, xor əsərləri, variasiya silsiləsi və fortepiano üçün iki dəftər “Prelüd” bəstələmişdi.

E.Dadaşovanın tədris illərində növbəti önəmli mərhələ 1970-1975-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) görkəmli bəstəkar Qara Qarayevin sinfinə qəbulu olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin müqtədir bəstəkarı Q.Qarayev milli musiqi fəzasında bədii kəşfləriylə yadda qalan, musiqi mədəniyyətimizi yeni mərhələyə aparan ən önəmli simalardan biridir. Bu baxımdan, onun yaratdığı bəstəkarlıq məktəbini keçmək, birgə yaradıcı prosesə daxil olmaq əvəzolunmaz və olduqca arzuolunan hal idi.

E.Dadaşovanın tələbəlik illərində formalaşmaqda olan üslubunu səciyyələndirən əsərləri gənc bəstəkarın fərdi yaradıcılıq keyfiyyətlərini özündə birləşdirərək 60-70-ci illərə xas olan yeni üslub axtarışları içərisində neoklassiksizmə meylini, çağdaş zamanla ayaqlaşan musiqi texnikası imkanları çərçivəsində milli ənənələrdən qaynaqlanan melodiya və harmoniyanı əks etdirir.

Artıq fərdi dəst-xətti müəyyənləşmiş gənc bəstəkar yaradıcılığının irəliləyən mərhələlərində əsərlərinin musiqi dilinin, forma və ifadə vasitələrinin daha aydın, şəffaf səslənməsi yönümündə işlər aparır. Bəstəkarın özünün də qeyd etdiyi kimi “…Hər bir nota görə özümü cavabdeh hesab edirəm”. Qələmini kamera musiqisindən tutmuş iri həcmli orkestr əsərlərində də sınayan E.Dadaşova əlli altı ilə yaxın zamanı əhatələyən müstəqil yaradıcılığı ərzində əksər janrlarda bəstələdiyi əsərlərin müəllifidir və özünün yeni kompozisiyalarını yaratmaqdadır. Hər bir əsərin ümdə xüsusiyyəti müasir musiqi kontekstində milliliklə yoğrulmuş musiqi intonasiyalarını ehtiva etməsidir. Bunun daxilində zərif, həssaslıqla işlənmiş musiqi toxumaları, ritmik oynaqlığın, tembr əlvanlığının, işıqlı boyaların zənginliyi vəhdət şəklində musiqili obrazın yaranmasına xidmət edir.

Bu zəmindən, E.Dadaşovanın milli nəfəsli və Avropa simfonik alətlərinin birgə ifası üçün nəzərdə tutduğu kompozisiyanı yada salmaq kifayətdir. Kamera orkestrinin fonunda səslənən milli nəfəsli alətlər: balaban, zurna, ney və tütəyin koloritinin birgə yaratdığı ahəng “Diptix” (“Laylay” və “Şənlik”) əsərində parlaq şəkildə nümayiş olunur (2011).

Bəstəkarın təbirincə desək, “…İnsan dünyaya gələndə də, dünyanı tərk edəndə də laylay oxunur. Laylay bizim ana folklorumuzdan gələn qoruyucu rəmzdir. Onu körpəyə də oxuyurlar, vida mərasimində də. Ardınca gələn “Şənlik”dir ki, hansı el bayramımız açıq havada zurnanın sədası gəlmədən, milli nəfəs alətləri səslənmədən keçirilə bilər? Yüzilliklərdir ki, belə olub və indi də belədir. Bu elə bir fəlsəfədir ki, həyatın ən yaddaqalan anları ilə bağlıdır. Bu kompozisiyanın daxilində həmən o fəlsəfə durur”.

Özünün “İkinci müqəddəs məkan” adlandırdığı Qarabağa ana tərəfdən kökləri gedib çıxan bəstəkar xatirələrində Şuşanı belə yada salırdı: “Uşaqlıqdan yayları Şuşada – ulu nənəmin yanında keçirmişik. Şuşanın havası, suyu, mənzərələri yaddaşımdadır. Danışılan tarixçələr də yadımdadır… Elnara xanım ürəyində müqqəddəs yurda qayıtmaq, insanların didərgin düşmüş torpaqlarına qovuşması, sülh və əmin-amanlığın bərqərar olması arzularını yaşatmış və nisgili, kədəri bəstələrinə yansıtmışdır. Mənfur erməni daşnaqlarının törətdiyi Xocalı soyqırımına həsr etdiyi orqan üçün bəstələnmiş “Xocalı laylayı” da bu qəbildəndir. Musiqini dinlədikcə sanki, nənəsinin söyləmələri ilə yaddaqalan, əmin-aman, firavan günlərin xəyalına dalaraq həm hüzn, həm də gələcəyə nikbinlik dolu yönələn baxışları görə bilirsən. E.Dadaşovanın vurğuladığı kimi: “Şuşalı nənəmin uşaqlıqda mənə çaldığı layla əsasında”.

Həmçinin, o, bəstəsi olduğu “Qalx döyüşə, Azərbaycan”, “Vətən keşiyində duran əsgərəm” (DSX-nın qoşunlarına həsr olunub) marşları, “Vətənim” romansı (söz. G.Murad), “Alqış qeyrətinizə”, “Gedən gəlmədi” xor əsərləri, bir çox instrumental və s. bu səpkili bəstələrində vətən həsrətini, eyni zamanda, döyüşkən xarakterini dilləndirərək kompozisiyalarına yansıdıb.

Həssas qəlbli Elnara xanım təbii ki, İkinci Qarabağ müharibəsi ərzində cərəyan edən hadisələrə laqeyd qala bilməzdi və yenə də bütün duyğularının, yaşantılarının təcəssümünü qələmindən çıxartdığı bəstələrdə tapdı. Bu dönəmdə fortepiano üçün “Laçın” əsərini bəstələmiş, lirik hisslərlə bağlı olan əsərlərini yenidən gündəmə gətirərək igid oğullarımızı döyüşə səsləmiş, müharibədə şəhidlik zirvəsinə ucalan övladlarımızın xatirəsinə ithafən müxtəlif konsertlərdə səsləndirilmişdir.

Ərazi bütövlüyünə nail olduqdan sonra, Elnara xanım uzun müddətdən sonra 2021-ci il 18 sentyabr Milli Musiqi Günündə bu müqəddəs torpaqlara ayaq basaraq Azərbaycanın mədəniyyət beşiyi Şuşada gerçəkləşən festivalda iştirak etmişdir.

İnsan qəlbini fəth edən, könülləri riqqətə gətirən vokal musiqi. Axı ədəbi mətnlə musiqinin harmonik qovuşuğu yalnız kamil sənət əsərini ərsəyə gətirməyə səbəbiyyət verə bilər. Bəstəkarın həssas duyuma malik təbiəti, hər bir nüansı xırdalığına qədər ürəyinə, beyninə hopduraraq işləmək bacarığı, geniş erudusiyası kiçik forma daxilində özünü tam şəkildə ifadə etməyə imkan verir. Məhz buradan ideyanın bədii  obrazlarla, məxsusi musiqili ifadə üsulları ilə qiyafələnmiş görünüşü meydana çıxır. Müraciət etdiyi obrazlar isə rəngarəngdir: işıqlı və kədərli elegiyalardan tutmuş vətənin, doğma təbiətinin vəsfinə qədər. Bütün bu çeşidli əsərlərini özünün ümumi ad altında “Qadın ömrünün səhifələri”nə sığdırıb və bir növ həyatının gündəliyini ərsəyə gətirib.

E.Dadaşovanın müəllifi olduğu vokal-simfonik əsərlərə bariton və xalq çalğı alətləri orkestri (habelə bariton və nəfəs alətləri orkestri) üçün cəngi və marşlar (1992-2005), o cümlədən, solist və nəfəsli alətlər orkestri üçün “Qalx döyüşə, Azərbaycan” marşı, səs və xalq çalğı alətləri ansamblı üçün həm klassik (Nizami, Füzuli), həm də XX əsr poeziyasından (H.Cavid, Ə.Cavad, Ə.Cəmil, M.Müşfiq, S.Vurğun, B.Vahabzadə, T.Elçin və s.) Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnı və romansları (1972-2022) qeyd etmək olar.

Vokal, xüsusilə xor musiqisini dərindən duyan E.Dadaşova bu janrda da çoxlu sayda əhəmiyyətli sənət nümunələri yaradır. Təsadüfü deyil ki, Azərbaycanda xor sənətinin ustası C.Cahangirov məhz bu sahəyə istiqamətlənməyi E.Dadaşovaya məsləhət görmüşdü. Elnara xanım polifonik təfəkkürü, müxtəlif tembr boyaları ilə peşəkar şəkildə işləmə bacarığı sayəsində həm “a kapella”, həm də müşayiətli xor üçün çoxsaylı nümunələr yaradıb. Əsərlərinin hər birində bəstəkarın ən nəcib görünüşü ilə əks etdirilən vətən nisgili, övlada, valideynə qayğı, məhəbbət hissləri səslənir.  Bəstəkarın istər yazı texnikası, ifadə vasitələri, istərsə də məzmunun açılması yönümündə unikal həmahənglik sərgiləyən xor əsərləri əksər xor kollektivlərinin repertuarına daxil edilmişdir.

Yaradıcı insan daima yeni axtarışlar yoluna qərq olaraq bilik və bacarıqlarını inkişaf etdirir, dünya görüşünü zənginləşdirir. Cəsarətlə dilə gətirmək olar ki, E.Dadaşova da belə keyfiyyətlərə malik şəxslərdəndir. Özünəməxsus qələmi olan Elnara xanım musiqi mədəniyyətimizdə tədqiqatçı kimi də öz sözünü deyir. O, elmi-yaradıcılıq fəaliyyəti zamanı “Azərbaycan xalq oyun havalarında melodik yönəlmə və modulyasiya məsələləri” (2016), ilk dəfə Azərbaycan dilində yazılmış və  işıq üzü görmüş “Polifoniya üzrə qısa mühazirələr kursu” (2 dərs vəsaiti: 1991, 1998), “Xor toplusu” (Məktəbəqədər, məktəb yaşlı uşaqlar və ali musiqi məktəblərinin tələbələri üçün “Solfecio” fənni üzrə dərs vəsaiti - 2005), “Azərbaycan xalq rəqs melodiyaları əsasında lad yönəlmələrinin “Solfecio” fənnində oxunması və təyin olunması”, “Azərbaycan xalq rəqs melodiyaları əsasında melodik modulyasiyaların “Solfecio” fənnində oxunması və təyin olunması” (2 dərs vəsaiti: 2010, 2011) dərs vəsaitləri, tədris proqramları, metodik tövsiyələr, beynəlxalq və respublika konfranslarında məruzələr, dövri mətbuat,  elmi toplu və jurnallarda çoxsaylı məqalələrin müəllifidir.

Hansı istiqamətə yönəlirsə yönəlsin, onun qələmindən süzülüb gələn  bütün ideyalarının qayəsində yenə də, peşəkarlıq və millilik etalon rolunu oynayır. Məhz Azərbaycanın zəngin leksik lüğətinə məxsus olan milli mənşəli söz və ifadələrə də Elnarə xanımın işlərində rast gəlmək olar.

Uşaqlara, gənclərə xüsusi həssaslıqla yanaşan E.Dadaşova tam incəliyilə duyur ki, onlar müasir Azərbaycanın işıqlı sabahı, gələcəyinin qurucularıdırlar. Məhz erkən yaşlardan düzgün təməlin qoyulması onların vətənə layiqli, savadlı kadrlar kimi yetişməsində önəmli rol oynayır. Bir zamanlar Bəstəkarlar İttifaqında Uşaq musiqisi bölməsinə rəhbərlik edən E.Dadaşova bu məsələ ilə yaxından maraqlanmış və tədrisdəki çatışmazlıqların həlli naminə uşaqlar üçün bir sıra opuslar, silsilə əsərlər toplusu bəstələmişdir.

Eyni zamanda, 1978-ci ildən bəri Ü.Hacıbəyli adına BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi (1986), bəstəkarlıq kafedrasının dosenti (2003) və Musiqi nəzəriyyəsi kafedrasının professoru (2009) vəzifəsində çalışan E.Dadaşova tələbələrə kompozisiya, partitura qirayəti, solfecio, alətşünaslıq, harmoniya, musiqi əsərlərinin təhlili, polifoniya kimi dəqiq və mürəkkəb nəzəri və yaradıcı fənnləri tədris edərək onları məntiqi yanaşma tələb edən elmi biliklərlə də  maarifləndirir.

Neçə illərdir ki, bəstəkarlıq ixtisası üzrə təhsil alan tələbələrin yaradıcı bacarıqlarını formalaşdıraraq yönləndirən, nəzəriyyə üzrə təkmilləşən bakalavr, magistr və dissertantların buraxılış və elmi işlərinə rəhbərlik edən E.Dadaşova onlarla birgə qurduğu təlim-tədris prosesinə son dərəcə qayğı, məsuliyyət və diqqət sərgiləyir.

Diqqətimdən yayınmayan bir nəsnə var ki, E.Dadaşovanın çoxşaxəli fəaliyyətinin bir istiqaməti də əsl musiqişünas kimi söz demək, natiqlik bacarığına malik olmağıdı. Onun müxtəlif radio və televiziya verilişlərində, eləcə də, internet saytlarında incəsənət nümayəndələri haqqında söylədiyi müfəssəl fikirlər (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, V.Mustafazadə, T.Quliyev, Ə.Hüseynzadə, O.Zülfüqarov, S.İbrahimova, N.Əliverdibəyov və digərləri haqqında) dünya görüşünün necə zəngin və miqyaslı olmasının sübutudur. Eyni zaman kəsiyində bu qədər fəaliyyətlə peşəkarcasına məşğul olmağı axıb gedən insan ömrünə sığdırmaq Elnara xanımın yaradıcı portretinin məziyyətidir. 

Bir çox ifaçıların, ansambl kollektivlərinin və orkestrlərin repertuarında yer alan, həmçinin, ölkənin hüdudlarından kənarda – ABŞ, Kanada, İtaliya, Fransa, İsveçrə, Almaniya, Türkiyə, Ukrayna və Rusiyanın konsert salonlarında sevilərək səsləndirilən E.Dadaşovanın əsərləri geniş kütlələrin rəğbətini qazanır. Belə ki, 2012-ci il Elnara xanımın 60 illik yubileyi çərçivəsində 36 il öncə bəstələnmiş  “Sayalı” baleti Azərbaycan Akademik Opera və Balet Teatrında səhnələşdirildi. Yubiley çərçivəsində E.Dadaşovanın yaradıcılığına həsr olunmuş  iki hissəli müəllif konserti təşkil edilərək uğurla səsləndirilmişdir: görkəmli dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və solist Kəmalə Neymanovanın ifasında səslənən fortepiano və BSO üçün “Konsert-simfoniya”; bədii rəhbər və baş dirijor Gülbacı İmanovanın idarəsi altında Azərbaycan Dövlət Xor Kapellasının təfsirində bəstəkarın əsərləri.

2018-ci ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər Nazim Hacıəlibəyovun idarəsi altında Azərbaycan televiziya və radiosunun Niyazi adına simfonik orkestrinin müşayiəti ilə Elnara xanımın balet musiqisindən  simfonik parçalar, orkestrin müşayiətilə müxtəlif alətlərdə ifa edən solistlərin və vokalçıların müəllifin əsərlərindən ibarət yaradıcılıq gecəsi  dinləyicilərə ərməğan olunmuşdu.

2021-ci ildə Xəzər universitetinin F.Əmirov Konfrans-Konsert Mərkəzində keçirilən bəstəkarın yaradıcılıq gecəsində Xəzər universitetinin təsisçisi və eksrektoru, professor Hamlet İsaxanlı, ona həmfikir olan Xalq artisti, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov, konsertin ifaçıları və dinləyicilər çıxış edərək qeyd etdilər ki, məhz müasir gəncliyimizin zövqünün formalaşmasında, onların milli-mədəni dəyərlərlə düzgün şəkildə tərbiyə almasında bu gün həyatda olan sənətkarlarımızın əməyi və rolu əvəzsizdir. Odur ki, Azərbaycan musiqi mədəniyyətini yaşatmaq və onun daha yüksək zirvələri fəth etməsi naminə dövrümüzün sənətkarlarının əməyinin sağlığında layiqincə qiymətləndirilməsi, eyni zamanda, onların həqiqi yeri və dəyərinin müəyyənləşdirilməsi amalına xidmət edərək həm yaradıcı şəxsə qürur və rəğbət hisslərini aşılaya, onu yaradıcı prosesə daha da sövq edə, həm cəmiyyətdə savadlı musiqiyə olan tələbatı formalaşdıra, həm də milli musiqi xəzinəmizin keyfiyyətli sənət əsərlərinin dünya mədəni irsinə daxil olmasını təmin edə bilərik.

E.Dadaşova elə bir məziyyətlərə malik şəxsdir ki, qəlbinin kövrək, olduqca məlahətli, səxavətli duyğuları onun bütünlükdə yaradıcılığına nüfüz edib milli ənənələrlə qovuşuqda musiqi palitrasını zənginləşdirir. Yaratdığı fərdi intonasiyaların hər bir musiqi toxumasına naxış kimi bəzək vuran, bir növ onu canlandıran ən zərif nüanslar bəstəkarın əsərlərindən doğan səmimiliyi daha da qabardır. Eyni zamanda, ruhən duyaraq ifadə etdiyi hisslərin müəyyən məntiqiliklə bir məxrəcə gətirilməsi E.Dadaşovanın fəlsəfi təfəkkürünü aşkar şəkildə ortaya çıxardır.

Onun musiqisi məhz bu amillərdən təkan alaraq insan qəlbinin dərinliklərinə qədər gedib çıxa bilir. Elnara xanım bütün varlığıyla özünü sənətinə həsr edərək ümman biliklərini usanmadan gələcək nəsillərə çatdırır. Daima nələrinsə həlli, yerinə yetirilməsi üçün çalışır. Bəli, o, musiqi sənətinin fədaisidir.

Üzü kimi qəlbi də nura boyanmış, duyğulu, kövrək, zərafətli və nəcib Elnara xanım, yubileyiniz mübarək!

Günel Seyidova

Xüsusi olaraq AYNA üçün

Qadın ömrünün səhifələri - Qadın ömrünün səhifələri - Qadın ömrünün səhifələri -
Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə