“Gözünü qıyıb Günəşi lənətləyənlər varsa, mən kiməm ki?!” - FOTO, VİDEO

Mədəniyyət

23.04.2022 - 22:57

Nəzrin: “Mahnılarım həzin və hüznlüdür – toylar mənlik deyil”

Bu günlərdə tədbirlərin birində səsləndirdiyi “İlahi” mahnısı ilə gündəmə gələn gənc musiqiçi Nəzrinin ifası ötən həftə sosial şəbəkələrdə maraqlı müzakirələrə və paylaşımlara yol açdı – kimiləri alqışladı, kimiləri ifa tərzini bəyənmədiyini bildirdi. Biz də AYNA olaraq, mövzu ətrafında elə ifaçının özü ilə həmsöhbət olduq.

- Nəzrin kimdir?

- Musiqiçi və coğrafiya müəllimi.

- Coğrafiya müəllimliyi ilə musiqi sənəti eyni arada...?

- Müəllimlikdən öncə də musiqi ilə məşğul idim. "Müğənni" sözünü heç sevmirəm, musiqiçiyəm, bəstəkaram, ifaçıyam. Vaxtı yaratmaq çətin olur, amma insan nəyisə sevirsə, ona mütləq vaxt yaradacaq.

Bu gün sənətdə tutduğunuz mövqedən razısınız?

- Mənim üçün mövqe anlayışı yoxdur və olmayıb. Hansısa bir yerə mənsub olmaq istəməmişəm. Sənət mənim üçün estetikanın ən üst pilləsi, ruhun incəliyidir. Mövqe isə rəqiblik tələb edir. Mən sadəcə könlümdən keçəni etməyə çalışıram, bilirəm ki, bəzən özünü, individuallığını sərgiləmək qorxu yarada bilər, bilirəm ki, tənqidlər yağışının altında qala bilərəm, amma gözəl işlər gördüyümdən də əminəm. Tənqiddən qaçmaq istəyiriksə, bir "heç" olmalıyıq, danışmamalı və heç nə etməməliyik. Bu isə mənə uyğun deyil.

- Musiqi stiliniz digər stillərdən fərqlənir. Necə oldu ki, bu cür tərzdə oxumaq qərarına gəldiniz?

- Düşünürdüm ki, bu sahədə uğur əldə etmək üçün insanların istədiyini etməlisən, onların məhsulu olmalısan, ona görə uzun zaman mahnılarım gizli qalırdı. Mahnıda danışmaq istədiklərim, təcrübə və dünyanı necə görməyim, qəlbə toxunan notlar və hiss edərək oxumağım bir tərz yaratdı - dakr ambient tərzi - atmosferli, əhvala köklənən tərz, hər notun sözlə uyğunlaşması. Hər mahnıda bir hekayə var, təcrübə var, "İlahi" mahnısında isə sirr var.

- Bu günə kimi sənətinizlə bağlı hansı tənqidlər almısınız və bu tənqidlərdən hansı nəticələr çıxarmısınız?

- Əsaslı tənqidləri nəzərə almışam, əsassızları yox. Nəticəm odur ki, nə edirsən et, bu, mütləq kiminsə xoşuna gəlməyəcək. Günəş işıq saçanda gözlərini qıyıb onu lənətləyənlər varsa, mən kiməm ki, Günəşin yanında?!

- Müğənni sözünü niyə sevmirsiniz?

- İfaçı - ifa edir, kiminsə ərsəyə gətirdiyi əsəri canlandırır, müğənni anlayışı isə bir az mənə bəsit gəlir. Bəlkə də, yanılıram. Gəlin bu sənətlə məşğul olanlara “artist”, “ifaçı”, “musiqiçi” deyək.

- Bəstələdiyiniz mahnıları özünüz ifa edirsiniz, yoxsa başqa müğənnilərə satırsınız?

- Həm özüm ifa edirəm, həm də digər sənətçilərə satıram.

- Şou-biznes ilə aranız necədir? Həmin cameəyə qatılmağı düşünürsünüz?

- Şou-biznes şou üzərində qurulmuş biznesdir, burada daha da artistik, diqqət mərkəzində olmağı sevən, rəngarəng, səhnəni ələ ala bilən və maraqlı personajlar var - mən burada bacarıqsızam.

- Amma ötən həftəki çıxışınız sizi gündəmə gətirdi. Hətta bəziləri bildirdi ki, şou-biznesin yeni "sakinisiniz". Bu çıxışa olan reaksiyalara münasibətiniz necədir?

- Reaksiyam yoxdur. Kiminsə səhv düşüncəsi mənim problemim deyil. Gündəmə gəlib-gəlməməyim də mənə təsir etmir. Mən sadəcə işini görən sıradan insanam.

- Çoxu bu sənəti pul qazanmaq, toylara getmək üçün seçir. Siz necə, toylara dəvət alırsınız?

- Dünyada ən böyük arzulardan biri sevdiyin işlə məşğul olub gəlir əldə etməkdir. Əgər gəlir əldə etmək üçün məcburi bu işlə məşğul olurlarsa, nəticələri qənaətbəxş olmaz. Çünki sevdiyin iş yatırım istər. Dəvətlər alıram, amma çıxış etmirəm, bu, mənə uyğun deyil.

- Niyə uyğun deyil?

- Mahnılarım həzin və hüznlüdür, əyləncə üçün uyğun deyil. Daha sakit, intellektual mühitdə çıxışlarımdan zövq ala bilərəm.

- Bəs konsertlərdə çıxış etmək?

- Bəli. Bu, mümkündür. Mən konsertlər, turnelər və peşəkar sənətlə məşğul olmağa üstünlük verirəm.

- Bəzi müğənnilər duet oxuyaraq daha böyük publikaya özlərini tanıdırlar. Sizin belə bir planınız var?

- Hələlik planım yoxdur. Amma Alim Qasımov və Dihaj ilə duet ortağı olmaq istərdim.

- Musiqinin də əhvala təsiri olur. Sizin musiqilər hansı əhval üçündür?

- Musiqi ülvi duyğular üçündür, sizi yüksəkliyə qaldıracaq, ya da dərinliyə, dibə aparacaq.

Müəllif: Təranə Xudabaxşiyeva