Qadın gül dəstəsini başınıza niyə vursun ki?!

Cəmiyyət

08.03.2022 - 10:15

“Səni Klara Setkin tərəfindən təməli qoyulan, Roza Lüksemburqun xeyir-dua verdiyi, əslində yəhudilərin Purim bayramı və bizim milli-dini dəyərlərimizə zidd olan müəmmalı gün münasibəti ilə təbrik edirəm”

Bu gün dünyanın əksər ölkələrində 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Azərbaycanda bu ənənə SSRİ dönəmindən başlayıb və davam edir. Martın 8-i təqvimdə rəsmi dövlət bayramları sırasında yer alır.

Amma hər il bu tarix yaxınlaşdıqda sosial şəbəkələrdə bir virtual savaş başlayır. Bir qrup bu bayramın Azərbaycanla heç bir əlaqəsi olmadığını iddia edir. Dindar kəsim İslamla heç bir əlaqəsi olmadığını söyləyir. Bir başqaları tarixi eşələyib “şok açıqlamalarla” milləti “ayıltmağa” çalışırlar: Klara Setkin belə gəldi, Roza Lüksemburq belə getdi.

Hətta 8 martı yəhudilərin Purim bayramı ilə əlaqələndirən “bilicilər” də tapılır. “Olmaz”, “bizə yaraşmır”, “haramdır”, “ayıbdır”...

Hə, bəzi kişilər də var ki, Sevgililər Günü “sevginin məgər günü olar”, martın 8-də isə “qadının nə üçün məxsusi günü olsun ki” söyləyirlər. Maraqlıdır ki, ən çox bunu deyənlər o kəslərdir ki, bəlkə də, illərlə tərəf müqabilinə öz ülvi hisslərini izhar etməyə lüzum görmür, nəinki bir dəstə gül bağışlamağa...

Düzdür, əvvəlki illərdən fərqli olaraq bu il ortalıq bir qədər sakitdir. Səbəb isə bütün diqqətlərin Ukraynadakı müharibəyə yönəlməsidir. Odur ki, bəlkə də, göz yumub keçmək olardı. Amma hər halda...

Ritorik sual

8 mart gününə qarşı “Səlib yürüşü” edənlərə üzümüzü tutub soruşmaq istərdik: qardaşlar, başınıza dönüm, nə vaxtsa anasına, həyat yoldaşına, bacısına, qızına bir dəstə gül uzadıb belə söyləyən eşitmişdiniz: “Əzizim! Səni Klara Setkin tərəfindən təməli qoyulan, Roza Lüksemburqun xeyir-dua verdiyi, əslində yəhudilərin Purim bayramı olan, bizim milli-dini dəyərlərimizə zidd müəmmalı gün münasibəti ilə təbrik edirəm”? Yəqin ki, eşitməmisiniz. Elə biz də.

Dünyanı qoyaq bir kənara, Azərbaycandan danışaq. Sizcə, orta statistik Azərbaycan qadınına bu “şok açıqlamalar” çoxmu maraqlıdır? Sizcə, martın 8-i ona bir dəstə gül bağışlasaq, nə baş verər, hansı qlobal təlatümlər meydana gələr?

Ehtiyatlı olun: qadın bayıla bilər!

Daha bir maraqlı məqam. Əlində qılınc ortalıqda dolaşaraq 8 martı qətl etmək istəyənlərin böyük əksəriyyəti kişilərdir. Elə qardaşyana məsləhətimiz də onlaradır. Qılıncı qoyun bir kənara. Gedin 1-2 manat verin, bir dəstə nərgizgülü alın. Sonra aparın martın 8-də bağışlayın əzizinizə. Məsələn, həyat yoldaşınıza. Bu zaman söyləniləcək mətnin yüz, min, bəlkə də milyon variantı mövcuddur.

Birini yazaq, bəlkə, lazım olar: “Təqvim bir bəhanədir. Bayram isə gərək insanın qəlbində olsun. Sən Allahın mənə bəxş etdiyi bir nemətsən, əbədi bayramımsan. Çox sağ ol ki, varsan!”.

İnanın: heç bir normal qadın bu sözlərdən sonra gül dəstəsini alıb nə başınıza vuracaq, nə də zibilxanaya atacaq. Vallah, vurmayacaq, atmayacaq! Əlbəttə, əgər indiyə qədər əzizinizə heç vaxt gül hədiyyə etməmisinizsə, ona bir əşya kimi baxmısınızsa, onun fikrini heç vaxt dəyərli saymamısınzsa, onunla qulluqçu və kəniziniz kimi davranmısınzsa, o zaman ehtiyatlı olun: 8 mart aksiyası onun bayılması ilə, hətta daha ciddi fəsadlarla nəticələnə bilər.

Yox, əgər həyatınızda mütəmadi olaraq belə addımlar atmısınızsa, o zaman martın 8-i də olacaq sıradan bir gün: kişinin qadına diqqəti və hörmətinin təzahür etdiyi bir gün. Dünən kimi. Bu gün kimi. Sabah kimi. Vəssalam. 5-10 manata görə özünüzü belə həlak etməyin. Qadınlar sadəcə diqqət tələb edir. Pul və hədiyyə isə onuncu dərəcəlidir.

Müəllif: Polad Xudayarlı