İlham Əliyev: “Bu, agentliyin gələcək fəaliyyəti üçün uzunmüddətli strategiya olmalıdır”
“Ermənistan minalanmış sahələrin xəritələrini bizə verməyib, ona görə burada peyk təsvirləri önəmli rol oynaya bilər. Eyni zamanda, mən hesab edirəm ki, biz özəl şirkətləri bu işlərə cəlb etməliyik. Mən artıq göstəriş vermişəm, indi xarici şirkətlərlə danışıqlar gedir. Hesab edirəm ki, onları cəlb etmək işimizi yüngülləşdirmək üçün önəmli addım olacaqdır. Hesab edirəm ki, bununla paralel olaraq, yerli şirkətlər də yarana bilər. Çünki bizdə bu vaxta qədər belə təcrübə olmamışdır. Ancaq işin həcmini nəzərə alaraq, mən hesab edirəm ki, özəl şirkətlər yarana bilər, Azərbaycanın biznes dairələri burada öz sözünü deyə bilər və beləliklə, biz bu işləri daha qısa müddət ərzində görə bilərik. Əlbəttə ki, bu özəl şirkətlər müvafiq texnika ilə təmin edilməlidir. Eyni zamanda, Minatəmizləmə Agentliyi onlara sertifikatlar da verməlidir, onlar akkreditasiyadan keçməlidir. Həmçinin xarici şirkətlərlə birgə müəssisələr də yaradıla bilər. Ona görə, siz agentliyin rəhbəri kimi bu işlərə də fikir verin”.
AYNA-nın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
“Biz Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə milli standartlar hazırlamalıyıq. Yəni, bu, Azərbaycan standartları olmalıdır, əlbəttə ki, dünya praktikasına da baxmaq lazımdır. Hesab edirəm ki, bizim azad edilmiş ərazilərdə olan bu minalanmanın həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir. Təmizləmə işləri də, əlbəttə ki, ardıcıllıqla aparılmalıdır. Burada da prioritetlər düzgün müəyyən edilməlidir. Siz bu prioritetləri də Operativ Qərargahla mütləq razılaşdırın. Çünki bu prioritetlər bizim bərpa işlərimizlə də uzlaşmalıdır. İlk növbədə, misal üçün, infrastruktur obyektləri - indi yollar çəkilir, mütləq o sahədə minatəmizləmə işləri aparılmalıdır, hava limanı tikilir, orada da indi bu işlər aparılır, elektrik xətləri çəkilir, yol boyunca bu işlər görülməlidir”, - deyə ölkə başçısı qeyd edib.
Prezident deyib ki, biz, ilk növbədə, şəhərləri bərpa etməliyik: “Ona görə, bütün şəhərlərin əraziləri birinci növbədə minalardan təmizlənməlidir. Bununla paralel olaraq, yaxın gələcəkdə bəzi kəndlərdə bərpa işlərinə start veriləcək və mən artıq bunu bildirmişəm. Biz indi “ağıllı kənd” konsepsiyasını da hazırlayırıq. Bu konsepsiya demək olar ki, hazırdır, mənə məruzə edildi, mən bunu təsdiqlədim. “Ağıllı kənd” birinci pilot layihəsi icra ediləcəkdir. Məhz o yerlər də düzgün təsbit edilməlidir. Əkin sahələri və əkin sahələrinə gedən yollar təmizlənməlidir. Bu da prioritetlər sırasındadır. Çünki mənfur düşmən bizim torpağımızı da vəhşicəsinə istismar edib. Azad olunmuş torpaqlarda təkcə taxıl altında 90 min hektar sahədən mənfur düşmən qanunsuz istifadə edib və qanunsuz varlanıb. Vaxt itirməmək üçün mənim göstərişimlə bütün güclər artıq səfərbər edilib və müharibə başa çatandan sonra mən dərhal bu işlərə start verdim. Deyə bilərəm ki, payızlıq əkin də aparılmışdır. Baxın, müharibə noyabrın 10-da dayandı və biz dekabr ayından payız əkininə başlamışıq. Mənə gündəlik məlumat verilir, 7 min hektarda artıq payız əkini aparılıb. Yəni, bu, yenə də bizim gücümüzü göstərir. Onu göstərir ki, biz bir dəqiqə də, bir gün də gözləmək istəmirik. Biz bu torpaqlara qayıtmaq istəyirik və keçmiş köçkünlər, əlbəttə ki, bu arzularla 30 il yaşayıblar. Onların hisslərini başa düşmək olar. Amma, eyni zamanda, onların və onlarla birlikdə olanların təhlükəsizliyi birinci dərəcəli məsələdir. Bu yaxınlarda üç nəfər minaya düşüb, bir nəfər həlak olub. Yəni, o işin təşəbbüskarı var. Təşəbbüsü irəli sürən adam özü də xəsarət alıb, yanında olanlar da. Ona görə, bu, çox ciddi məsuliyyətdir. Ona görə, indi yazlıq əkin üçün sahələrin müəyyənləşdirilməsi prosesi də gedir, torpaqlar müəyyən edilib və o əkin sahələrinə gedən yollar da mütləq prioritetlər sırasında olmalıdır”.
“İnkişaf etmiş ölkələrdə istehsalçılar indi robotlardan geniş istifadə edirlər, biz də bundan istifadə etməliyik. Bir sözlə, ən müasir texnologiyalar, ən son model texnika Azərbaycana gətirilməlidir. Biz güclü bir qurum yaratmalıyıq, ilk növbədə, onun başlıca vəzifəsi əraziləri minalardan təmizləmək olmalıdır. Bizim Dövlət Minatəmizləmə Agentliyimiz ölkə daxilində bütün işləri başa çatdırandan sonra bu təcrübədən istifadə edərək, xarici ölkələrdə də fəaliyyət göstərə, podratçı kimi işləyə bilər. Beynəlxalq təşkilatlar tərəfindən də bizim bu agentliyin xidmətindən istifadə oluna bilər. Bax, strategiyanı belə qurun. Yəni, bu, agentliyin gələcək fəaliyyəti üçün uzunmüddətli strategiya olmalıdır. Ancaq qısamüddətli və ortamüddətli strategiya torpaqların minalardan təmizlənməsidir ki, bərpa işləri başlansın və vətəndaşlar tezliklə öz doğma torpaqlarına qayıda bilsinlər”, - deyə İ.Əliyev əlavə edib.