Onlardan təxminən 100-200-ü hüquq-mühafizə orqanlarına dəstək verir
Pentaqon paytaxtda təhlükəsizliyi və ictimai asayişi təmin etmək üçün ABŞ Milli Qvardiyasının 800-ə yaxın əsgərini Vaşinqtona göndərib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Pentaqonun Mətbuat Xidməti məlumat yayıb.
"Kolumbiya dairəsinin təhlükəsizliyi üçün bu gün 800-ə yaxın əsgər Vaşinqtona yerləşdirilib. Onlardan təxminən 100-200-ü hüquq-mühafizə orqanlarına dəstək verir", qeyd olunub.
Pentaqonun məlumatına görə, bu əsgərlərin vəzifələrinə inzibati və maddi-texniki təminat funksiyaları daxil olacaq.
Bundan əlavə, onlar Amerika paytaxtının hüquq-mühafizə orqanlarına dəstək verəcəklər.
ABŞ müdafiə naziri Pit Heqsetin sözlərinə görə, Milli Qvardiyanın əsgərləri “güclü olacaqlar, sərt olacaqlar”.
Daha əvvəl Heqset ictimai asayişi bərpa etmək üçün Milli Qvardiya bölmələrinin Vaşinqtonda yerləşdirilməsinin bu həftə başlayacağını bildirib.