Pay sahiblərinin payız gözləntisi – Tarixi qərarın bir addımlığında

Cəmiyyət

29.07.2023 - 10:20

Azər Badamov: “Ümidvaram ki, Konstitusiya Məhkəməsi vətəndaşların maraq və mənafelərinə uyğun qərar verəcək”

Fəzail Ağamalı: “İnanıram ki, məsələyə məntiqi yekun vurulacaq və yüzminlərlə insanın hüquqları bərpa ediləcək”

Özəlləşdirmə çekləri əlində qalan müharibə veteranları, təqaüdçülər və müxtəlif peşə sahiblərinin nümayəndələrinin Konstitusiya Məhkəməsinə şikayət məktubu göndərməsi barədə məlumat vermişdik. Şikayət müəllifləri öz müraciətlərində hüquqlarının bərpa edilməsini və özəlləşdirmə çekləri ilə bağlı qərarın yenidən araşdırılmasını tələb edirlər.

Məlum şikayətlə bağlı vətəndaşların hüquqi nümayəndəsi, hüquqşünas Mübariz Yolçuyevin bildirdiyinə görə, yaxın zamanlarda özəlləşdirmə çeklərinin aqibəti ilə bağlı qərar veriləcək: “Konstitusiya Məhkəməsindən verilən məlumata görə, özəlləşdirmə çekləri ilə bağlı məsələ bir neçə hakimin icraatına verilib və palatada müzakirə olunur. Hazırda yay mövsümü olduğuna görə əməkdaşlar məzuniyyətə yollanıb. Sentyabr ayında bu məsələ geniş şəkildə müzakirə olunacaq və obyektiv mövqe bildiriləcək”.

Özəlləşdirmə çeklərini qoruyan vətəndaşlar Milli Məclisin deputatlarına da müraciət ünvanlayıblar. Hansı ki, bu günə qədər Azərbaycan Parlamentinin onlarla deputatı özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsi, tədavül müddətinin artırılması və ya kompensasiya ödənilməsi şəklində məsələyə yekun vurulması çağırışı ilə mətbuat orqanları vasitəsilə müvafiq dairələrə çağırışlar ediblər.

Milli Məclisin üzvü Azər Badamov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə qaytarılması vacibdir: “Belə bir qərarın verilməsi yüzminlərlə insana sevinc bəxş edər. Özəlləşdimə payları əlində qalan vətəndaşların xeyli hissəsi öz çeklərini satışa çıxardı. Lakin bəzi vətəndaşlar hələ də vauçerlərini qoruyurlar. Hansı ki, bu, dövlətin onlara ayırdığı imtiyazdır və onlar bundan istifadə etməlidirlər”.

“Çox təəssüf ki, xeyli sayda vətəndaş hələ də bu hüququndan yararlana bilməyib. Vauçerləri əllərində olsa da, heç bir real dəyəri yoxdur. Yaxşı olardı ki, bu məyələyə məntiqi yekun vurulsun. Bu, əhalinin də sosial rifahına müsbət təsir edər. Bunun necə həyata keçirilməsi isə dövlət orqanlarının səlahiyyətinə aid olan məsələdir. Hesab edirəm ki, özəlləşdirmə çeklərindən yerli və xarici investorlar yenidən istifadə edə bilərlər. Müvafiq qurumların bu istiqamətdə hərəkətə keçməsi zəruridir”, - deyə deputat söyləyib.

Badamov Konstitusiya Məhkəməsi tərəfindən müsbət qərar veriləcəyinə inanır: “Özəlləşdirmə çekləri əlində qalan vətəndaşlar sosial mediada və digər platformalarda təşkilatlanıb. Rəsmi qurumlara həm onların, həm də ölkə ziyalılarının, eləcə də deputatların adından müraciət və çağırışlar edilib. Ümidvaram ki, Konstitusiya Məhkəməsi bu faktları nəzərə alacaq və vətəndaşların maraqlarına və mənafeyinə uyğun qərar verəcək”.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı da oxşar fikirdədir. O, AYNA-ya açıqlamasında söyləyib ki, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsi üçün tarixi məqam yetişib: “Qeyri-rəsmi məlumatlara görə, onların sayı yüzminlərlədir. Bu, kifayət qədər ciddi rəqəmdir. Pay sahibləri hüquqlarının bərpa olunmasını tələb edirlər. Onların əlində qalan vauçerlər tədavül müddətinin başa çatması səbəbindən dəyərini itirib. Bütün hallarda vətəndaşlara dəyən zərər kompensasiya edilməlidir”.

Həmsöhbətimiz Konstitusiya Məhkəməsinin ədalətli qərar verəcəyinə ümid edir: “Bu problem illərdir müzakirə olunur. Özəlləşdirmə payları əlində qalan vətəndaşlar dəfələrlə rəsmi dairələrə müraciətlər ünvanlayıblar. Azərbaycan Parlamentinin deputatlarına da müraciət olunub. Biz də bununla bağlı çağırışlar etmişik. İnanıram ki, qarşıdakı aylarda bu mövzuya məntiqi yekun vurulacaq və özəlləşdirmə çekləri əlində qalan vətəndaşların hüquqları bərpa ediləcək”.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Əlavə qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri - QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray