Paşinyanın Moskva səfəri, Laçından yan keçən yol və Sarkisyanın təəccübü

Aktual

20.04.2022 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

Ankara və Bakının "qol"u, Ermənistanda isterika: "elə bil Bakının yarısı burada işləyir"

Ənənəvi olaraq, hər gün Ermənistan mətbuatını izləyirəm. Bu gün iki xəbər önə çıxıb: Paşinyanın Moskva səfəri və Laçın şəhərindən yan keçməklə yeni yolun tikintisi.  

Paşinyanın Moskva səfəri haqqında: Görünən odur ki, Kreml Azərbaycan-Ermənistan münasibətlərinin tək və əsas moderatoru olmaqda israrlıdır, Brüsselin, Avropa Birliyinin bu məsələdə aktivliyindən qıcıq olur. Amma Moskvanın indiki beynəlxalq mövqeyini, izolyasiyasını nəzərə alaraq onu demək olar ki, Kreml təkbaşına bu işi bacarmayacağını da anlayır. Bu məsələdə Türkiyə faktoru çox önəmlidir: Azərbaycan və Türkiyə xarici siyasətdə, beynəlxalq və regional məsələlərdə, futbol dili ilə desək, “paslaşaraq” qərarlar alırlar, bunun nəticəsində bəzən rəsmi Ankara, bəzən isə rəsmi Bakı “qol” vurur. Yəni sıx koordinasiya və maraqların tam uyğunlaşdırılması prosesini izləyirik və bu çox doğru addımlardır. 

Bu gün Türkiyə Kreml üçün vazkeçilməz “nəfəslikdir”, bunu Moskva dəqiq görür və anlayır – Türkiyə sanksiyalara qoşulmamaqla, hava məkanını açıq saxlamaqla, Rusiyanın ehtiyacı olan, amma birbaşa sanksiyalara tuş gəlməyən sahələr üzrə təhcizatçı olmaqla Moskva üçün önəmi dəfələrlə artıb, önəm artdıqca Rusiyanın Türkiyədən asılılığı  da artır. Yəni Kreml bu gün bölgə ilə bağlı istədiyi ssenariləri həyata keçirməkdən çəkinməsinin əsas səbəbi AB deyil, məhz Türkiyədir. 

Alternativ Laçın yolu haqqında: Ermənistanda isterika yaşanır – may-iyun aylarında alternativ yolun açılışı gözlənilir. Bu, çox vacib addımdır, həm 10 noyabr anlaşmasında yer alıb deyə Rusiya və Ermənistan gedişata mane ola bilmir, həm də Azərbaycan çox sürətlə işləri aparır deyə, Ermənistan reaksiya verməyə belə gec qalır. Alternativ yolun özəlliyi bir tək Laçın şəhərinin tam bizim nəzarətə keçməsi deyil, həm də Ermənistanın “Laçın koridoru” (yeri gəlmişkən, “koridor” ifadəsini tərgidək, onun əvəzinə ancaq “yol” ifadəsi işlədək) adlandırdığı köhnə yoldan Xankəndiyə müxtəlif kommunikasiya xəttləri gedir – işıq, qaz, internet və s. Yeni yolda isə bu kommunikasiya xəttləri olmayacaq, Xankəndi şəhərimizin bütün təminatını özümüz həyat keçirəcəyik. İndi yeni yol üçün Həkəri çayı üzərindən yeni körpü tikilir. Yaxınlıqda yerləşən kəndlərdən birinin sakini Sarkisyan təəccüblə deyib ki, "elə bil Bakının yarısı burada işləyir, çox sürətlə çalışırlar. Yəqin 1 aya işləri tamamlayacaqlar". 

Bu gün işğaldan azad edilən bölgələrdə infrastruktur layihələrində çalışan azərbaycanlılar əsgərimizin işini, əməyini tamamlamaqla məşğuldurlar. Hökumətin əsas vəzifəsi işğaldan azad edilən bölgələrdə sürətlə işlərin görülməsi ilə yanaşı şəffaflığın da təmin edilməsi olmalıdır. Əsgərin əməyinə, işinə, kölgə sala biləcək, korrupsiya ehtimalları yarada biləcək addımlar atılmamalıdır – bu hamımızın boynunun borcu, Əsgərimiz qarşısında öhdəliyimizdir...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert