Qarabağ razılaşmasının suallar yaradan tərəfləri – <font color=red> MÜSBƏT, MƏNFİ və GÖZLƏMƏDƏ</font>

Aktual

13.11.2020 - 13:58

Sülhəddin Əkbər: “Rusiya müzəffər Azərbaycan Ordusunun tam və qəti qələbə çalmasının qarşısını aldı”

 

 

Qarabağ müharibəsinin bitməsi ilə bağlı Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri tərəfindən noyabrın 10-da bəyanat imzalandı. 9 maddədən ibarət bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.

 

Həmçinin, bəyanatda Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 nəfərlik odlu silahlı hərbi qulluqçusunun, 90 hərbi zirehli texnikasının, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentinin yerləşdirilməsi qeyd olunub.

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, Qarabağ üzrə monitorinq mərkəzi Azərbaycanda yaradıla bilər, Qarabağda yox. Lakin bu, ayrıca danışıqların predmetidir: “Doğrudan da söhbət Azərbaycan ərazisində atəşkəsin şərtlərinin monitorinqi üzrə mərkəzin yaradılmasından gedib. O, Azərbaycanda olacaq və belə bir monitorinq mərkəzinin yerləşdirilməsinin nüansı artıq ayrıca razılaşmanın predmetidir”.

 

Bununla yanaşı, artıq Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə lideri qeyd edib ki, bu gün səhər saatlarında imzalanan müqavilədə atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Mərkəzinin yaradılmasının detalları müəyyənləşib: “Türkiyə atəşkəs razılaşmasının həyata keçirilməsini müşahidə etmək və prosesə nəzarət etmək üçün bölgədə yaradılacaq sülhməramlı missiyada Rusiya ilə birlikdə rol alacaq. Mərkəz Azərbaycanın işğaldan azad edilən ərazilərində qurulacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısının alınması üçün bütün tədbirləri mərkəz görəcək”.

 

AYNA-nın mövzuya dair suallarını Azad Demokratlar Partiyasının (AzDP) sədri, istiqlalçı deputat Sülhəddin Əkbər cavablandırıb.

Sülhəddin Əkbər Ədalət Vəliyevlə nə danışıb? - Baku Press Klub

- Sülhəddin bəy, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında imzalanmış bəyanat haqqında ilkin dəyərləndirməniz necədir?

 

- Hər şeydən öncə qeyd edək ki, bu, adından da göründüyü kimi, hüquqi öhdəliklər yaradan sənəd deyil, siyasi sənəddir. İkincisi, sülh müqaviləsi deyil, atəşkəs haqqında yüksək səviyyəli siyasi razılaşmadır. Üçüncüsü, bundan öncəki təcrübələr də nəzərə alınarsa, qarşı tərəfin, ümumiyyətlə əməl edib-etməyəcəyi hələ məlum deyil. Lakin o da var ki, bu dəfə müharibə bölgəsinə Rusiya Federasiyasının sülhməramlı qüvvələri yeridilir. Yəni, atəşkəsə təminatçı hərbi qüvvələr olacaq. Dördüncüsü isə qarşı tərəfin öhdəliklərinə vaxtında və tam həcmdə əməl edib-etməyəcəyi də hələ məlum deyil. Yəni, zaman göstərəcək.

 

- Bəs, bəyanatın hərbi-siyasi mahiyyətini necə şərh etmək olar?

 

- Buna bir neçə istiqamətdən baxmaq olar:

1) Bu bəyanat, Vətən Müharibəsinə çevrilən II Qarabağ Müharibəsində işğalçı Ermənistanın təslim olmasının və Azərbaycan Ordusunun qələbə çalmasının təsbit edilməsidir. Azərbaycan II Qarabağ Müharibəsində hərbi zəfər əldə etdi;

2) Lakin eyni zamanda, bu bəyanatla işğalçı Ermənistanın böyük havadarlarının - ABŞ, Fransa və Rusiya kimi böyük güclərin müdaxiləsi ilə, ölkəmizin düşmən üzərində tam və qəti qələbə çalmasının qarşısı alındı;

3) Rusiya tarixi dərinliyi olan “strateji sənət əsərlərini” - strateji uzantılarını, yəni işğalçı Ermənistanı və qondarma “DQR”-i qoruma altına aldı. Lakin Azərbaycan vasitəsilə ağır cəzalandırdıqdan sonra;

4) Rusiya, “sorosçu”, qərbpərəst Paşinyan rejimini və erməni cəmiyyətinin onu dəstəkləyən böyük hissəsini ağır cəzalandırmaqla birlikdə, öz əsəri olan işğalçı süni Ermənistan dövlətinə və qondarma “DQR”-ə sahib çıxdı və “Sizin varlığınızın faktiki yeganə təminatçısı mənəm!” demiş oldu.

 

- Sənədin özünü konkret necə başa düşək? Bildiyiniz kimi, aydın olmayan və suallar yaradan məqamlar var.

 

- Yenə bir neçə yöndən diqqət edək:

1) Sənəddə Azərbaycan Respublikası və Ermənistan Respublikasının (bundan sonra tərəflər adlandırılacaq) hazırda tutduqları mövqelərdə qalacaqlarının təsbit edilməsi ümumiyyətlə müsbət haldır. Lakin işğalçı Ermənistan ordusunun Dağlıq Qarabağın işğal altında qalan hissəsindən nə zamansa çıxarılmasına ümumiyyətlə toxunulmaması mənfi haldır. Çünki bu, işğalçı Ermənistan ordusunun bundan sonra da Dağlıq Qarabağda qalmağa davam edəcəyini istisna etmir. Özü də bu dəfə havadarı Rusiyanın silahlı qüvvələri ilə birlikdə;

2) 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun Azərbaycan Respublikasına qaytarılmasının nəzərdə tutulması, əlbəttə, sevindirici və müsbət haldır;

3) Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu yalnız işğalçı Ermənistanın hərbi müttəfiqi olan Rusiya Federasiyasının (1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət) sülhməramlı kontingentinin yerləşdirilməsinin nəzərdə tutulması, qardaş Türkiyənin oyundan kənarda saxlanılması bu sənədin ən mənfi, ən ziyanlı və ən zərərli maddəsidir. Özü də bu, yalnız operativ-taktiki planda deyil, həm də strateji planda keçərlidir. Birbaşa münaqişə zonasında işğalçı Ermənistana (və qondarma “DQR”-ə) hərbi müttəfiqi olan Rusiya Federasiyası hərtərəfli dəstək və təhlükəsizlik təminatı verməyə davam edəcəyi halda, oyundan kənarda saxlanılan qardaş Türkiyə Azərbaycana birbaşa deyil, yalnız dolayısı ilə belə dəstək və təminat verə bilər;

4) Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsinin nəzərdə tutulması normaldır. “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır” müddəası isə, hər halda, müsbət dəyərləndirilə bilər. Çünki ilk baxışda 5 il uzun müddət kimi görünsə də, hər halda, bu, müvəqqətidir deməkdir. Üstəlik, Azərbaycan bu müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam verilməsi ilə bağlı çıxış edə bilər. Ancaq o da nəzərə alınmalıdır ki, Rusiyanı girdiyi bir yerdən çıxarmaq elə də asan bir iş deyil. Post-sovet məkanının yaxın tarixi də bunu göstərir;

5) Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması da təbii və normaldır. Burada qardaş Türkiyənin iştirakının nəzərdə tutulması, əlbəttə ki, müsbət haldır. İki gün öncə (11.11.2020) atəşkəsə nəzarət üçün ortaq Türkiyə-Rusiya monitorinq mərkəzinin yaradılması ilə bağlı saziş imzalanıb. Üstəlik, bu mərkəz Azərbaycanın işğaldan azad etdiyi bölgədə qurulacaq. Bununla birlikdə, təəssüf ki, bu, qardaş Türkiyənin birbaşa münaqişə zonasında (Rusiya kimi) lazım olan təsir və effekti yaratması üçün, şübhəsiz, yetərsiz olacaq. Çünki bunun üçün nə mandatı, nə də qüvvəsi olacaq;

6) Sənəddə Ermənistan Respublikasının 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarmasının nəzərdə tutulması, əlbəttə, çox müsbət haldır. Lakin Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizinin (5 km. enliyində) yalnız işğalçı Ermənistanın (və qondarma “DQR”-in) müttəfiqi olan Rusiyanın sülhməramlı kontingentinin nəzarəti altında qalacağının nəzərdə tutulması, heç şübhəsiz, ən mənfi haldır. Bu, lap “quzunun qurda tapşırılması”na bənzəyir. Yaxşı ki, heç olmasa, bu durum Şuşa şəhərinə toxunmayacaq. Bu maddədə nəzərdə tutulan “Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur” müddəası əlavə olaraq ətraflı təhqiqat tələb edir. Diqqətli olmalıyıq ki, inşası nəzərdə tutulan Laçın dəhlizi üzrə yeni hərəkət marşrutu başımıza yeni işlər açmasın. Bu maddədə, “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir” deyilsə də, ümumiyyətlə, “Laçın dəhlizi”nin yaradılması və onun Rusiyanın sülhməramlı kontingentinin nəzarəti altında qalması ölkəmizin suverenliyinə ziddir;

7) Sənəddə, “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır” müddəasının təsbit olunması, əlbəttə, müsbət haldır, beynəlxalq hüquq normalarına, insan hüquq və azadlıqlarına uyğun olmaqla birlikdə, ölkəmizin maraqlarına tam cavab verir. Lakin onların təhlükəsizliyinin təmin olunması məsələsi açıq qalır;

8) Sənəddə “hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi”nin nəzərdə tutulması da məqbul, təbii və normaldır;

9) Sənədin müvafiq bəndində “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi”nin nəzərdə tutulması da məqbul, təbii və normaldır. Bu, bir tərəfdən regionda sülh, sabitlik və təhlükəsizliyin yaradılmasına, digər tərəfdən regional iqtisadi əməkdaşlığa və inkişafa xidmət edəcək. Eyni zamanda, Tərəflər arasında davamlı sülh danışıqlarının başlaması üçün nisbi əlverişli şəraitin yaranmasına da xidmət edəcək. Bu maddədə “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir” müddəasının yer alması –“Mehri dəhlizi”nin yaradılmasının nəzərdə tutulması Azərbaycan Ordusunun hərbi qələbəsinin masaya yansımalarından biri olub, diplomatik uğurdur. Bu, baş tutması halında, həm Azərbaycanın, həm qardaş Türkiyənin, həm də bütövlükdə türk dünyasının maraqlarına cavab verən strateji nailiyyət olacaq.

 

- Bəs, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanlarının həyata keçirməsi istər Türkiyə, istərsə də Azərbaycan üçün gələcəkdə xoşagəlməz situasiyalar yarada bilərmi?

 

- Bu müddəa birtərəfli olub, yalnız Rusiya və müttəfiqi Ermənistanın maraqlarına cavab verir. Burada yenə sovet dövrü və təcrübəsi yada düşür. “Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir” müddəasının təsbit edilməsi də müsbət haldır, təbii ki, maraqlarımıza cavab verir. Lakin eyni zamanda ciddi araşdırma və xüsusi diqqət tələb edir. Burada “Mehri dəhlizi”nə “Laçın dəhlizi” ilə birlikdə analoji statusun verilməməsi, xüsusən də 5 km-lik zonanın nəzərdə tutulmaması və suverenliyin Ermənistana məxsus olması, heç şübhəsiz, maraqlarımıza ziddir.

 

Beləliklə, sənədin imzalanmasınadək işğal altında qalan ətraf rayonların (Kəlbəcər, Ağdam və Laçın) və ərazilərin (Qazax və Naxçıvandakı yerlər istisna olmaqla) qansız işğaldan azad edilməsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazılığının (keçmiş DQMV-nin hazırda işğal altında qalan əraziləri, “Laçın dəhlizi”, Qazax və Naxçıvandakı ərazilər istisna olmaqla) əsasən və ya böyük ölçüdə təmin edilməsinin, daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmasının, Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsinin nəzərdə tutulması milli maraqlarımıza cavab verir.

 

- Hər bir halda, Azərbaycan Ermənistan üzərində, böyük ölçüdə hərbi zəfər əldə edə, onu sülhə məcbur edə bildi...

 

- Doğrudur. Lakin işğalçı Ermənistanın müttəfiqi neoimperialist Rusiyanın “tam zamanında” siyasi-hərbi müdaxiləsi müzəffər Ordumuzun tam və qəti qələbə çalmasının qarşısını aldı. Biz Ermənistana, demək olar ki, qalib gəldik, ancaq gözlənildiyi kimi havadarı Rusiya araya girdi. Bu da acı reallıqdır. O da qeyd edilməlidir ki, hələ cavabını gözləyən böyük və ciddi suallar çoxdur. Bu sənəd, ümumiyyətlə həyata keçiriləcəkmi? Keçiriləcəyi halda, tam, əsasən, yoxsa qismən həyata keçiriləcək? Vaxtında və tam həcmdə həyata keçirilmədiyi təqdirdə Azərbaycan nə edəcək? Və ya nə edə bilər? Məsələn, Ermənistan çıxacağını vəd etdiyi ərazilərdən çıxmayacaqsa, Rusiya sülhməramlılarının burada olduğu və onları öz çətiri altına aldığı halda Azərbaycan nə edəcək? Bu sualların hər biri ayrıca araşdırma tələb edir. Əslində isə çox gözləməli olmayacağıq, 15 noyabra nə qalır ki? Yaşayıb, görəcəyik.

 

- Demək olar ki, bu gün hər kəsi maraqlandıran əsas bir sual var: Rusiya silahlı qüvvələrini bölgədən bir də necə çıxaracağıq?

 

- Bununla yanaşı, bu sualları da nəzərdə saxlamaq lazmdır: Sözün həqiqi mənasında, öz müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü və sərhəd toxunulmazlığımızı necə, təmin edəcəyikmi? Bunu yaşayıb, görə biləcəyikmi? Hər halda, bu, heç də hamıya nəsib olacaq bir məsələ kimi görünmür. Çünki Rusiya silahlı qüvvələrinin yenidən Azərbaycana geri dönməsi – hansı formada olmasından asılı olmayaraq mahiyyəti dəyişmir – milli çağırışdır. Və millətimiz bu çağırışa adekvat milli reaksiya verməlidir.

 

- Məlumdur ki, Azərbaycan həm siyasi, həm hərbi, həm də cəmiyyətin inkişafı baxımdan çox dəyişib. Demək olarmı ki, bu suallara elə bu cəmiyyətin özü cavab tapacaq?

 

- Məncə, milli natamamlıq kompleksindən sürətlə azad olmaqda olan Azərbaycan cəmiyyəti öz ictimai-siyasi inkişafında yeni oyanış və diriliş mərhələsinə qədəm qoyub, əslində, xeyli yetkinləşib. Və bu suallara da cavab tapa və ya verə biləcək imkan və qabiliyyətə sahibdir. Görünür, yeni inkişaf mərhələsi yenidən tarix səhnəsinə çıxan xalqımız, ələlxüsus da yeni nəsil qarşısında “Tam azadlıq!”, “Tam müstəqillik!” hədəfi qoyacaq. Tanrı yar və yardımçımız olsun. Tanrı sizi, millətimizi və dövlətimizi qorusun!

Müəllif: Mərahim Nəsib