Partiyalar seçim qarşısında: ya 5000 üzv, ya siyasi fəaliyyətə xitam, ya da...

Siyasət

24.08.2023 - 10:24

Müsavat başqanı: “Ümidvaram ki, hakimiyyət Müsavat Partiyasını qeyri-leqal fəaliyyətə keçmək məcburiyyəti qarşısında qoymayacaq”

REAL funksioneri: “Düşünürəm ki, növbəti müraciətimizə mənfi cavab vermək üçün əsassız bəhanələr gətirilməyəcək”

ADP sədri: “Qanun qəbul olunan zaman problemlərin ortaya çıxacağı gözlənilən idi”

“Siyasi partiyalar haqqında” yeni qanunun tələbinə görə, hər bir siyasi partiyanın minimum 5000 nəfər üzvü olmalıdır. Dövlət qeydiyyatına alınmış siyasi partiyanın üzv sayının 4500-dən az olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır. Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.

Qeyd edək ki, qanunun qəbulundan sonra bir çox partiyalar dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciətlər etsə də, onlara mənfi cavab verilib. Səbəb kimi isə üzvlərinin sayının 5000-dən aşağı olması göstərilir. Müsavat, Azərbaycan Milli İstiqlal, Azərbaycan Xalq Cəbhəsi, Respublikaçı Alternativ, Vətəndaş Həmrəyliyi və digər siyasi partiyalar qeydiyyat müraciətlərinə müsbət cavab ala bilməyib. Onlara yenidən Ədliyyə Nazirliyinə müraciət etmək təklif edilib. Bu məqsədlə siyasi partiyalara 30 gün vaxt  da verilib.

Hazırda vəziyyət nə yerdədir? Həmin partiyalar təkrar qeydiyyat üçün müraciət edibmi? Ədliyyə Nazirliyi yenidən həmin partiyaları dövlət qeydiyyatına almaqdan imtina edərsə, bu halda atacaqları addımlar nədən ibarət olacaq?

AYNA suallara siyasi partiyalardan cavab almağa çalışıb.

Müsavat Partiyasının başqanı Arif Hacılının sözlərinə görə, Ədliyyə Nazirliyi partiya tərəfindən təqdim olunan 2766 partiya üzvünün məlumatlarının doğru olmadığını iddia edir: “Bir neçə yüz səhvdən söhbət getsəydi, bunu anlayışla qarşılamaq olardı. Lakin bir halda ki, 2766 üzvün məlumatlarının doğru olmadığını iddia edirlər, bu, aydın şəkildə göstərir ki, Ədliyyə Nazirliyi Müsavat Partiyasının dövlət qeydiyyatına alınmasına maneçilik törətmək niyyətindədir”.

“Bizim də mövqeyimiz odur ki, səhvə yol verən tərəf Müsavat Partiyası yox, Ədliyyə Nazirliyidir. Bizə bildirirlər ki, guya 250 müsavatçı telefon zəngi ilə partiyanın üzvü olmadığını söyləyib. Lakin nazirlik unudur ki, partiyanın sıralarını tərk etmək zəng əsasında baş vermir. Onlar kollektiv qərara əsasən, üzv olduqları kimi, rəsmi müraciətlə də partiyadan xaric olunurlar. Şübhəsiz ki, Ədliyyə Nazirliyinə qeydiyyat üçün yenidən müraciət olacaq”, - deyə başqan bildirib.

Hacılı hesab edir ki, hakimiyyət çoxpartiyalı sistemi aradan qaldırmağa çalışır: “Ümid edirəm ki, partiyamız dövlət qeydiyyatına alınacaq. İctimai rəydə də qəbul olunur ki, Müsavat ölkənin ən tanınmış iki partiyasından biridir. Yəni, bu partiyanı qeydiyyata almamaq ölkədə yeni siyasi mənzərə yaradacaq. Bəzi üzvlərimiz dövlət təşkilatlarında çalışırlar və işlərini itirməmək üçün partiya üzvlüyünü gizlətmək məcburiyyətində qalıblar. Çünki Azərbaycanda müxalif mövqeyinə görə insanların hansı təqiblərə məruz qalması reallıqdır. Ümidvaram ki, mövcud hakimiyyət Müsavat Partiyasını qeyri-leqal fəaliyyətə keçmək məcburiyyəti və seçimi qarşısında qoymayacaq”.

Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin dediyinə görə, təmsil olunduğu partiya qeydiyyat üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edib: “Artıq son tamamla işləri də yekunlaşıb və biz yenidən müraciət etmişik. Hər şey qaydasındadır və inanmıram ki, hər hansı problem yaşansın. Hesab edirəm ki, Respublikaçı Alternativ Partiyasını dövlət qeydiyyatına alacaqlar. Bu məsələdə hər hansı problem yaranacağı qənaətində deyiləm. Çünki bütün sənədlər qaydasındadır və üzvlərin sayı da tələb olunan meyarlara uyğundur”.

“Bundan öncə nazirlikdən “yetərsiz” saydığı üzvlərin adlarını elan etməsini tələb etdik. Onlar bunu etmədilər. Çünki partiya olaraq biz üzvlərin siyahısını göndərmişik. Orada hər şey müfəsssəl qeyd olunub. Ədliyyə Nazirliyi də aydın şəkildə söyləməli idi ki, hansı üzvlər üzv olmadıqlarını bəyan edirlər. Bu, baş vermədi. Düşünürəm ki, növbəti müraciətimizə mənfi cavab vermək üçün əsassız bəhanələr gətirilməyəcək”, - deyə REAL yetkilisi vurğulayıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu söyləyib ki, onlar hələ qanun qəbul olunan zaman problemlərin ortaya çıxacağını gözləyirdilər: “Siyahıda imzası olan 2676 nəfərin partiya üzvü olduğu təsdiq edilib, 3178 üzv barədə isə dəqiqləşdirmələr aparılır. Biz müraciət etdik. Ədliyyə Nazirliyi ilkin müraciətimizə mənfi cavab verdi və bir ay vaxt verdi. Təbii ki, biz qeyd olunan səhvlərin, əgər səhvlər varsa, aradan qaldırılmasına çalışırıq”.

“Düşünürəm ki, Azərbaycan Demokrat Partiyası dövlət qeydiyyatına alınacaq. Bu partiya ölkəmizin ən güclü siyasi partiyalarından biridir. İlkin müraciət zamanı əksər partiyalara olduğu kimi, bizim partiyaya da mənfi cavab verilib. Ümid edirəm ki, problem aradan qalxacaq və partiyamız qeydiyyata alınacaq. O ki qaldı bunun baş verməyəcəyi təqdird atacağımız addımlara, tələsik fikirlər söyləmək niyyətində deyiləm”, - deyə ADP sədri fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev