Murad Əliyev: “Əsas plan və hədəfimiz dəqiq, operativ xəbər verməyə davam etməkdir”
Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 7 il ötür. AYNA Agentliyin fəaliyyəti istiqamətində baş redaktor Murad Əliyevlə həmsöhbət olub.
- Murad bəy, yeddi illik fəaliyyətinizi özünüz necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, bizim fəaliyyəti oxucular və digər media orqanları – bizim xəbərlərdən istinadla istifadə edənlər daha yaxşı dəyərləndirərlər. Bu gün Azərbaycanda “Report” həm oxucular, həm də digər xəbər portalları üçün etibarlı xəbər mənbəyidir. Bu baxımdan öz missiyamızı yerinə yetirmiş hesab edə bilərik. Agentliyin üzərinə düşən əsas vəzifə operativ xəbər çatdırmaq, eksklüziv xəbərlər istehsal etməkdir və bu da bizim bugünkü işimizin əsas istiqamətini müəyyənləşdirir.
- “Report”u yaradarkən qoyduğunuz hədəfin bu yeddi ildə nə qədərinə nail oldunuz?
- Media orqanı üçün əsas hədəf oxucusunun inandığı bir resursa çevrilməkdir. “Report” da yarandığı ilk gündən öz dəqiqliyi ilə seçilib, yoxlanılmamış xəbər yaymamışıq və bu baxımdan oxucu qarşısında üzüağıq. Əsas hədəf də həm ölkə daxilində bütün hadisələrdən, həm də dünya gündəmindən xəbərdar olmaqdır. Bu məqsədlə də bizim bütün bölgələrdə müxbir postlarımız mövcuddur və indi də şükürlər olsun ki, Qarabağ azaddır, orada da müxbir postumuz fəaliyyət göstərir. Hazırda müxbir postumuz Bərdədə yerləşsə də, bütün azad olunmuş ərazilərdən çəkilişlər həyata keçiririk. Bununla yanaşı, ölkə xaricində – Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna, Fransada müxbir postlarımız var. Onlar da yerindən informasiya göndərir, oradakı yerli strukturlarla, rəsmi şəxslərlə, ekspertlərlə müsahibələr edir, Azərbaycan oxucusuna maraqlı olan digər məsələləri işıqlandırırlar.
- “Report”u tənqid edənlər də olur. Qaçaqaçlı xəbər dünyasında bəzən qeyri-dəqiq xəbərlərin verilməsi ilə tənqid olunursunuz. Buna münasibətiniz necədir?
- Bəli, bəzən mediadakı dostlar, eyni zamanda, digər şəxslər tərəfindən bəzi iradlar bildirilir. Mediada xəbər operativ təqdim olunursa, müəyyən qüsurlar təbiidir. Amma xəbərin özünün qüsurlu olması birmənalı şəkildə yolverilməzdir. Lakin operativliyin qorunması naminə bəzən xəbərin içərisində hansısa detallarda yanlışlıq ola bilər, bu da dərhal dəqiqləşdirilir, düzəliş edilir. Digər tərəfdən, bəzi hallarda müəyyən hadisələr ola bilər ki, hadisə yerindən götürülən məlumatlarda bəzi yanlışlıqlar ola bilər. Təbii ki, bunlar da dərhal düzəldilməlidir. Hansısa həmkarın iradına tənqidi yanaşmamışıq, əksinə, onların tənqidlərini redaksiyanın fəaliyyətini daha da təkmilləşdirmiş formada davam etdirməsi üçün zəruri hal kimi qəbul edirik.
- Ölkəmizdəki ən çox izlənən informasiya agentliklərindən birisiniz. Bəzi hallarda qeyri-peşəkarlıqda da qınanılırsınız. Bununla razılaşırsınızmı?
- Bununla, tamamilə, razı deyiləm. “Report”da kifayət qədər peşəkar insanlar toplaşıb. Məhz xəbərin dəqiqliyi üçün bizdə digər xəbər resurslarındakı kimi hər kəs hər şeydən yazmır. Bizdə müxbirlər də, redaktorlar da konkret sahələr üzrə bölünüblər və hərə öz sahəsi üzrə yazır, işıqlandırır. Xəbərlər kifayət qədər peşəkar formada təqdim olunur. Operativlik şərtdir, amma bu xəbərin strukturuna, keyfiyyətinə təsir edə bilməz. Bu yaxınlarda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən Azərbaycan məkanında fəaliyyət göstərən bütün saytlar monitorinqi ilə bağlı dərc olunan kitabda da istər üslub, istərsə də ədəbi dilin normaları ilə bağlı ən az səhvi olanlardan biri “Report” İnformasiya Agentliyi idi. Çünki biz hər bir xəbərə diqqətlə yanaşırıq. Yəni hesab edirəm ki, vəziyyəti bu baxımdan yaxşı dəyərləndirmək olar.
- Yeri gəlmişkən, “Report” Media Məktəbinin peşəkar kadrların mediamıza qazandırılmasında fəaliyyətini necə dəyərləndirirsiniz?
- “Report” Media Məktəbinin yaradılması zərurətdən irəli gəldi. Bilirsiniz ki, ölkəmizdə ixtisaslı jurnalist tapmaq çətin olur. Bir çox halda Jurnalistika fakültəsini bitirən şəxslər bir o qədər də praktik bacarıqlara malik olmurlar. Amma kadr daim lazımdır. Kimsə sahəsini dəyişir, dövlət işinə gedir və s. Biz də digər media qurumlarından işçi cəlb etməmək üçün “Report” Media Məktəbini yaratdıq. Kifayət qədər də uğurlu alındı. Oranı bitirənlərdən bir çoxu artıq bizdə işləyirlər. Düşünürəm ki, buna bir qədər də geniş baxmalıyıq. Bu, Azərbaycan mediası üçün resursdur. Məktəbi bitirən tələbələr arasında aparıcı media qurumlarında uğurlu fəaliyyət göstərənlər çoxdur. Ona görə də hesab edirəm ki, hər bir agentliyin üzərinə düşən bir missiyadır ki, özü jurnalist yetişdirsin. Bu səbəbdən də “Report” Media Məktəbinin həm “Report”a, həm də ümumilikdə Azərbaycan mediasına kifayət qədər xeyiri olub.
- Gələcəklə bağlı planlarınız nələrdir?
- Əsas plan və hədəfimiz dəqiq, operativ xəbər verməyə davam etməkdir. Çünki günü-gündən genişlənən media məkanında öz yerini qorumaq, xəbəri birinci çatdırmaq çətinləşir. Buna görə məqsədimiz əldə etdiyimiz uğurları qorumaq, davam etdirmək, oxucuların etibarlı xəbər mənbəyi olaraq öz mövqeyimizi qorumaqdır.
- Mən də AYNA kollektivi adından sizi, “Report” əməkdaşlarını təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm!
- Çox sağ olun!