Təbriz Gülalıyev atasına dəstək olan hər kəsə ailəsi adından təşəkkürünü bildirib
Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş baş verib. AYNA xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat verib.
"Atam Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur. Son 2 gündə qızdırması olmayıb və nəfəs alması yaxşılaşıb. Həmçinin böyrəklərində olan kreatinin səviyyəsi azalmağa doğru gedir. Tez bir zamanda daha yaxşı xəbərlər vermək diləyi ilə", - deyə o, qeyd edib.
T.Gülalıyev atasına dəstək olan hər kəsə ailəsi adından öz dərin təşəkkürünü bildirib.
Xatırladaq ki, O.Gülalıyev 29 oktyabrda saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçmək istəyərkən piyada keçidininin üzərində, taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə vurulub. Yaralanan hüquq müdafiəçisi əvvəlcə 1 saylı Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə baş verən günün səhərisi isə "City Hospital"da əməliyyat olunub. Noyabrın 1-də “City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.
Səhhəti ağırlaşan O.Gülalıyev 6 noyabrda Heydər Əliyev Fondu tərəfindən xüsusi təyyarə ilə Türkiyə aparılıb və İstanbulda yerləşən Avrasiya Xəstəxanasına yerləşdirilib. Noyabrın 20-də İstanbulun "Amerika Xəstəxanası"nda hüquq müdafiəçisinin beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.
Baş vermiş hadisə ilə bağlı Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.