"Hazırda 1000-ə yaxın şəxs karantində saxlanılır"
"Hər yeni aşkar olunan şəxs qeydiyyata alınır və onunla ünsiyyətdə olan insanlar araşdırılır".
AYNA xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu günə qədər 72 hal aşkar olunub, onlardan 10-u sağalıb və bir nəfər dünyasını dəyişib: "Hazırda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır".
Nazir müavini qeyd edib ki, koronavirusa yoluxanlar arasında 2 nəfər xarici vətəndaş var, digərləri isə Azərbaycan vətəndaşlarıdır: "Yoluxanlar əsasən, 29-50 yaş arası şəxslərdir".
Nazir müavini bildirib ki, qoruyucu maskalardan düzgün istifadə edilməlidir: "Ancaq bizdə küçədə tək gəzən şəxs də maska taxır. Halbuki buna ehtiyac yoxdur. Maskalardan kütləvi yerlərdə olarkən istifadə edilsə, məqsədəuyğun olar. Maskalar da aptek şəbəkələri tərəfindən ölkəyə gətirilir. Maskaların satışı da mütəmadi şəkildə davam etdirilir".
O qeyd edib ki, bu gün ölkədə virusu müəyyən etmək üçün kifayət qədər test dəstləri var: "Azərbaycana testlər ilk olaraq Türkiyədən gətirilmişdi. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı gətirildi. Hazırda ölkədə xəstəliyi təyin edəcək lazımlı sayda test dəstləri var".