Növbədə kimdir?

Aktual

06.10.2023 - 10:20

Köçəryan və Sarkisyan hazırlaşsın

Azərbaycan Silahlı Qüvvələrinin təkbaşına, beynəlxalq səviyyədə tanınmış ərazisində - ölkənin Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticələri heyrətamiz oldu. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanata əsasən, Azərbaycan ordusu cəmi bir gündə Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin təslim olmasına nail oldu.

Bunun ardınca silahların təhvil verilməsini, separatçı rejimin qeyri-qanuni dövlət strukturlarının ləğvini, Azərbaycan hakimiyyəti tərəfindən onlara ən əlverişli şərait yaradılması ilə bölgənin erməni sakinlərinin könüllü olaraq Ermənistana getməsini və separatçı liderlərin həbsini müşahidə etdik. Hər şey sentyabrın 27-də qondarma “DQR”-in keçmiş “dövlət naziri” Ruben Vardanyanın Qarabağı tərk etmək istəyərkən həbsi və qondarma rejimin “prezidenti” Samvel Şahramanyan müşaviri David Babayanın Azərbaycan hakimiyyətinə təslim olmaq qərarından xəbər verən bəyanatı ilə başladı.

Daha sonra, sentyabrın 29-da Azərbaycanın təhlükəsizlik qüvvələri Birinci Qarabağ müharibəsinin keçmiş iştirakçısını saxlayıb: qondarma “Dağlıq Qarabağ ordusu”nun komandanı general-leytenant Levon Mnatsakanyan və “Dağlıq Qarabağ Respublikası Müdafiə Ordusu komandanının birinci müavini” Ermənistan vətəndaşı Daviat Manukyan.

Həbs paradı isə səs-küylü həbslərlə tamamlandı - Qarabağdakı separatçıların keçmiş “prezidentləri” Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020), Araik Arutyunyan (2020-2023), Daşnaksütyun partiyasının üzvü və separatçı rejimin parlamentinin keçmiş “spikeri” David İşxanyan həbs edildilər.

Əllərində minlərlə Azərbaycan vətəndaşının - qadınların, uşaqların, qocaların, könüllülərin, gənc əsgər və zabitlərin qanı olan bu cinayətkarların hamısı indi Bakıda Azərbaycanın istintaq orqanlarına ifadə verir.

Amma Azərbaycan ictimaiyyəti də Qarabağ münaqişəsinin əsas günahkarlarının - Birinci Qarabağ müharibəsi iştirakçılarının, Azərbaycan torpaqlarının 20%-nin işğalının əsas təşkilatçılarının, Qarabağ torpaqlarında fəaliyyət göstərən silahlı erməni birləşmələrinin komandirlərinin, “DQR”-in və Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın sağlığında qaçılmaz cəza gözlədiyini görməyə ümid edir. Bu gün bunun əsasını Ermənistanın özü verdi və bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunu ratifikasiya etdi.

Bu Statuta görə, Ermənistan ərazisinə ayaq qoyan kimi təkcə Rusiya Prezidenti Vladimir Putin və Rusiya uşaq ombudsmanı Mariya Lvova-Belova həbs edilməyəcək. Ermənistanın özündə də Azərbaycanın əli ilə cinayətkarlar Köçəryan və Sarkisyanın da məsuliyyətə cəlb olunacağına ümid var. Erməni bloger Natali Aleksanyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində birmənalı açıqlama verib ki, indi rəsmi Bakı BCM-ə müraciət edərək, qaniçən quldurların həbsini tələb edə bilər.

“Madam ki, Ermənistan bu qaniçən soyğunçulardan qurtula bilmir, qoy onların işləri ilə onların haqlı vətəni olan Azərbaycan məşğul olsun. Unutmayaq ki, bu ikisi Azərbaycanda doğulub, Azərbaycanda fəaliyyət göstəriblər və hakimiyyəti qəsb etməklə qanunsuz olaraq Ermənistan vətəndaşlığı və rəhbər vəzifələr alıblar. İndi onlardan qurtulmaq və Azərbaycana köçürmək üçün böyük imkan var”, - deyə xanım bloger bildirib.

Yaxşı məsləhətdir! Özü də Roma Statutunu ratifikasiya etməyən Azərbaycanın Ermənistan ratifikasiya etdikdən sonra, beynəlxalq axtarışda olan Köçəryan və Sarkisyanın həbsini və ekstradisiyasını tələb etməyə tam haqqı var. Belə halda Nikol Paşinyan üçün Ermənistanda yenidən baş qaldıran və çevriliş etmək istəyən rusiyayönümlü qüvvələrə qarşı durmaq işi daha da asanlaşır.

Nə ermənilər, nə də biz “Qarabağ klanı”nı və onların əlaltılarını yenidən Ermənistan rəhbərliyində görmək istərdik. Bu fürsətdən istifadə edib, hərbi cinayətkarlar və terrorçular Köçəryan və Sarkisyanın həbsi və sonrakı mühakimələri üçün Bakıya göndərilmələrinə təşəbbüs göstərməyin vaxtı çatıb.

Onda Qarabağın azadlığı uğrunda canından keçmiş minlərlə şəhidin ruhu sakitləşəcək. Və təbii ki, Qarabağ torpağı tamamilə Azərbaycanın ixtiyarına keçəndə onu başqasının çəkməsi tapdalamayacaq və son əcnəbi də bu bəlalı torpağı tərk edəcək.

Axı, artıq onlara ehtiyac yoxdur - Qarabağın demək olar ki, bütün erməni əhalisi Ermənistana gedib, orada kimisə qorumaq üçün qalan rus “sülhməramlıları” kimləri qoruyacaq və kimləri ərzaqla təmin edirlər? Sentyabrın 30-da özlərinə 15,5 ton un gətirmədilər? Ruslar bu yerdə kimə “nəzarət edir”? Onları öz gətirdkilər undan böyük bir “karavay” bişirib, Qarabağdan xoş sözlər deyərək, duz-çörəklə yola salmağın vaxtı deyilmi?

Müəllif: Mira Həsənova