II Qaregin bu dəfə İsveçrədə bütün Avropaya yalan danışdı
Erməni kilsəsi Qarabağ bölgəsində, guya, xristian irsinin Azərbaycan tərəfindən məhv edilməsi mövzusundan əl çəkmir. Belə ki, Katolikos II Qareginin təklifi ilə Ümumdünya Kilsələr Şurası və İsveçrə Protestant Kilsəsinin təşkilatçılığı ilə Berndə Qarabağın mədəni, dini və tarixi irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
O, tədbirin açılışında çıxış edərək, dərhal konfransın məqsədini açıqlayıb: “Azərbaycan Qarabağın erməni xristian və mədəni-tarixi abidələrini vəhşicəsinə məhv etməyə davam edir, eyni zamanda Qarabağ rəhbərliyinin nümayəndələrini və digər erməniləri əsir saxlayır. Qarabağ ərazisində qədim erməni abidələrinin, xristian ziyarətgahlarının, erməni məskənlərinin və qəbiristanlıqlarının qəsdən dağıdılması davam edir. Beynəlxalq ictimaiyyətin susması, cəzasızlıq yeni cinayətlərə və cəzasızlıq hissinə səbəb olur”.
Lakin Azərbaycan hökumətinin səyləri nəticəsində, Qarabağın uzunmüddətli erməni işğalının nəticələri geniş beynəlxalq ictimaiyyətə məlumdur. Bunlar yer üzündən silinmiş yaşayış məntəqələri, donuzxanaya çevrilmiş məscidlər, Azərbaycan xalqının tarixi-mədəni irsinin murdarlanmış abidələridir. Ermənistan cəmiyyətində azərbaycanlılara qarşı dözümsüzlük və zooloji nifrət təbliğ olunduğu üçün bu obyektlər qəsdən və sistemli şəkildə məhv edilib.
İnanclılarını Azərbaycana nifrət ruhunda bəsləyən erməni kilsəsi isə bu cinayətlərə əl atıb. Erməni kilsəsi uzun onilliklər ərzində terrorizmin və separatizmin ideoloji və mənəvi himayədarı olub, öz inanclılarını Azərbaycan torpaqlarını işğal etməyə təhrik edib.
Uzun müddət erməni kilsəsinin fəaliyyəti Azərbaycana qarşı ərazi iddiaları ilə məhdudlaşdı. Bu yerdə xatırlamaq yerinə düşər ki, katolikos I Vazgen 1956-cı ildə SSRİ Nazirlər Sovetinin sədri Nikolay Bulqaninə ünvanladığı məktubda Qarabağın Ermənistana verilməsi məsələsini qaldırmışdı. Buna paralel olaraq, erməni kilsəsi uzun müddətdir ki, Qafqaz Albaniyasına məxsus xristian abidələrini erməniləşdirməyə çalışır.
Bu cinayət əməllərinin məqsədi XIX əsrin əvvəllərindən başlayaraq ermənilərin Qarabağa köçürülməsi ilə bağlı təkzibolunmaz faktları gizlətmək və onların bu torpaqlarda guya minillik yaşamasına dair saxta tarixi “dəlillər” yaratmaq idi. Baxmayaraq ki, bir çox tədqiqatçılar, o cümlədən erməni alimləri Qarabağın xristian kilsələrini erməni kilsəsinə aid etməyib.
Beləliklə, özgə torpaqlarının zəbt edilməsi üçün ideoloji zəmin hazırlayan, sülh və əmin-amanlığı deyil, müharibə və təcavüzü təbliğ edən, azərbaycanlılara qarşı nifrət hissini qızışdıran erməni kilsəsi ötən əsrin 90-cı illərində Azərbaycan ərazilərinin işğalının bilavasitə təhrikçilərindən birinə çevrildi.
Hazırda Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə barışmayan erməni kilsəsi öz çirkin əməllərini davam etdirir. Erməni kilsəsinin son şousu Azərbaycanın Qarabağ bölgəsini hələ də Ermənistan dövlətinin ərazisi hesab etdiyini, öz inanclılarının revanşist əhval-ruhiyyəsini qızışdırmaqda, düşmənçiliyi fəal şəkildə körükləməkdə və bununla da Ermənistan-Azərbaycan münaqişəsinin alovunun sönməsinə imkan vermədiyini sübut etməyə davam edir.
Azərbaycan əraziləri işğaldan tam azad edildikdən sonra erməni kilsəsi heç vaxt Bakı ilə İrəvan arasında regionda sülh və əmin-amanlığın yaranması üçün dialoqu müsbət qarşılamayıb. O, müharibənin vurduğu yaraları sağaltmağa, xalqlar arasında sülh və əmin-amanlığı təbliğ etməyə çalışmadı, Azərbaycana qarşı düşmənçilik və nifrət toxumu səpməkdə davam etdi. Kilsə mənəvi missiyasını itirərək, Cənubi Qafqazda çoxdan gözlənilən sülhün başlanmasının qarşısını alaraq, faktiki olaraq revanşizm və dini dözümsüzlüyün qalasına çevrildi.