“Neftçi” - “Qarabağ” qarşılaşması barədə iddialar: Pərdə arxasında nə baş verir?

İdman

21.05.2021 - 20:03

Stadionda baş qaldıran narazılıq dalğası sosial şəbəkədə davam edir

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub. Birinci hissə qarşılıqlı hücumlar şəraitində başlasa da, ikinci hissənin ortalarında "Qarabağ"dan Xayme Romero rəqibin cərimə meydançasında yerdə qalıb, lakin baş hakim Elçin Məsiyev oyunu davam etdirib. 65-ci dəqiqədə Mahir Emrelinin başla zərbəsi çərçivəyə düşməyib.

 

Oyunun sonlarına doğru "Neftçi"nin baş məşqçisi Samir Abbasov meydana daha 2 hücumçu - Mirabdulla Abbasov və Ahmed Ahmedovu buraxıb. Artıq hamı oyunun qolsuz yekunlaşacağını düşündüyü vaxt 90-cı dəqiqədə Ahmedov qələbə topuna imza atıb.

 

Beləliklə, 1:0 hesablı qələbə sayəsində xalını 59-a çatdıran "Neftçi" "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluğuna son qoyub və qızıl medallara yiyələnib. Bu, flaqmanın 9-cu çempionluğu olub.

 

Amma bu oyunun qələbəsini rəqib komandanın azarkeşləri qəbul etməyib. Hətta stadionda ciddi narazılığa da səbəb olub. Oyundan sonra isə məsələ sosial şəbəkələrdə qızğın müzakirə başlayıb.

 

Bir neçə gündür Qarabağ azarkeşləri ciddi etiraz edirlər. Mütəxəssislər necə düşünürlər, həqiqətənmi bu oyunda haqsızlıq oldu?

 

AYNA suallara cavab axtarıb.

 

İdman yazarı Kənan Məstəliyev "Qarabağ" azarkeşlərinin etirazını haqlı sayır: “İkinci - əllə oyun epizodu barədə birmənalı fikir bildirmək olmur, amma hakim ilk epizodda ağdamlıların halal penaltisini verməyərək, bəlkə də komandanı çempionluqdan etdi. Belə vacib, böyük əhəmiyyət daşıyan matçda kobud səhvə yol vermək biabırçılıqdır”.

 

“Hakimlər Komitəsi hər cür iradı haqq edir. Son zamanlar hakimlərimizin səviyyəsində eniş müşahidə olunur və bunun da nəticəsini son matçda gördük. Çox təəssüf ki, biz oyunun özü, futbolun gözəlliyi haqda yox, ədalət təmsilçilərinin qərarları barədə danışırıq”, - deyə Məstəliyev bildirib.

 

Onun həmkarı Rəşad Ergün düşünür ki, "Qarabağ" azarkeşlərinin etiraz etdiyi məqam komandanın lehinə verilməsini düşündükləri penalti epizoduna bənzəyən epizodla bağlıdır: “Mən də orda penalti olduğunu düşünürəm. Amma qərarı nə azarkeşlər verir, nə də jurnalistlər. Qərarı hakim verir. Həmin oyunda VAR sistemi olsaydı, bu cür söz-söhbət də yaranmazdı. Ya da AFFA belə vacib oyunun idarəçiliyi üçün xaricdən hakim dəvət edə bilərdi”.

 

“Bizdə əvvəl belə nümunələr olub. Hətta bizim hakimlər də xarici ölkələrin milli çempionat matçlarının idarəçiliyi üçün dəvət alırlar. Hakim Elçin Məsiyev bu oyunun idarəçiliyi üçün uğurlu seçim deyildi”, - Ergün vurğulayıb.

 

İdman jurnalisti Sənan Abdullayevin fikrincə, hakimliklə bağlı bədbin proqnozlar tək bu oyunla əlaqəli deyil: “Ən azı bir penalti var idi. Amma "Qarabağ" çempionluğu bu gün uduzmamışdı. Ağdam klubu büdcə azaldılanda, Geryeni çox maaş alması səbəbindən başından eləyəndə, Rəşad Sadıqov kimi, mənə görə, Azərbaycan futbol tarixinin ən güclü futbolçusu, kapitanı, lideri məşqçiliyə başlayanda uduzmuşdu”.

 

“Qənaət üçün hücumçu alınmadı, Rəşadın yerini Maksimlə doldurmaq istədilər, olmadı. Hər sezon "Qarabağ"ın heyətində açıq-aşkar seçilən heç olmasa, bir legioner olardı, amma bu dəfə heç Zubir də əvvəlki səviyyəsində oynaya bilmədi. Etiraf etmək lazımdır ki, zədələr də mane oldu. Amma ümumilikdə "Qarabağ" sanki tükənmiş və istirahətə çəkilmək üçün canını dişinə sıxmış təsiri bağışlayırdı. Məncə, bu məğlubiyyətin nəticəsində yaxşı bir yenilənmə olacaq”, - deyə Abdullayev qeyd edib.

Müəllif: Təranə Xudabaxşiyeva