"Naxçıvanın statusunun ləğvi məsələsinə baxıla bilər"

Siyasət

27.07.2022 - 18:21

Qulamhüseyn Əlibəyli: "İndiki məqamda referenduma gedilməsi məqsədəuyğun deyil"

Azərbaycanda Konstitusiya dəyişikliyi üçün referendum keçiriləcəyi barədə fikirlər var. Bir sıra ictimai-siyasi şəxslərin, ekspertlərin qənaətincə, inzibati idarəetmədə və qanunverici orqanda sistem dəyişikliyi üçün Konstitusiyanın dəyişdirilməsi labüddür. Ekspertlər hesab edirlər ki, icra strukturlarının səlahiyyəti bölgüsü yenidən müəyyənləşdirilməli, bələdiyyələrin funksiyaları artırılmalıdır. Bununla yanaşı, Milli Məclisdə deputat sayının artırılması, seçkilərin həm mojaritar, həm də proporsional sistemdə keçirilməsinin vacibliyi önə çəkilir. Eyni zamanda, bəzi şəxslər Naxçıvan Muxtar Respublikasının statusunun aradan qaldırılma ehtimalını önə sürürlər. 

Konstitusiya referendumunun bu ilin sonu, gələn ilin əvvəlində keçiriləcəyini proqnozlaşdıran ekspertlər qeyd edirlər ki, Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar dəyişikliyi diktə edir. 

Milli Məclisin sabiq üzvü, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də AYNA-ya deyib ki, Konstitusiyada müəyyən səviyyədə dəyişikliklər olmalıdır: 

- Seçki sistemi ilə bağlı dəyişikliyə mütləq zərurət var. Son dövrdə proporsional seçki sisteminin bərpası ehtiyyacı yüksəlib. Hesab edirəm ki, proporsional sistemin bərpasına həqiqətən də zərurət var. Eyni zamanda, Milli Məclis üzvlərinin sayının artırılması məsələsi dəfələrlə gündəmə gəlib. Bunların həlli Konstitusiya səviyyəsində həyata keçirilməlidir. Hökumət dəyişiklikdə maraqlıdırsa, mütləq referendum keçirilməlidir. 

- Yerli idarəetmədə də dəyişikliklərə zərurət olduğu haqqında fikirlər var...

- Bəli, yerli icra hakimiyyətlərinin yenidən təşkili də gündəmdə qalmaqdadır. Qüvvədə olan Azərbaycan Konstitusiyasına görə, yerlərdə idarəçiliyi icra hakimiyyətlərinin başçıları həyata keçirir. Lakin işğaldan azad edilmiş ərazilərdə idarəçiliyi həyata keçirmək üçün Prezidentin xüsusi nümayəndələri vəzifəsi təsis edilib. Onlar azad edilən ərazilərdə demək olar ki, icra hakimiyyətlərinin funksiyalarını həyata keçirirlər. Hesab edirəm ki, bu məsələ dəqiqləşməlidir. Bələdiyyə idarəetməsi sistemi də təkmilləşdirilməlidir. Hesab edirəm ki, bu sahələrdə dəyişiklik üçün referenduma gedilməlidir. 

- Hökumət referendum qərarı verə bilərmi?

- Bu gün Azərbaycanda siyasi vəziyyət elədir ki, Konstitusiya referendumuna gedilməsi çətin görünür. Hakimiyyət hələ ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və digər məsələləri həll edir. Ərazilərimizin bir hissəsi hələ də Rusiya hərbçilərinin nəzarəti altındadır. Bununla yanaşı, beynəlxalq durum, geosiyasi vəziyyət Azərbaycan hakimiyyətinə müəyyən təzyiqləri istisna etmir. Düşünürəm ki, hazırda həssas məqamdır və belə vəziyyətdə referenduma gedilməsi inandırıcı deyil. Məncə, indiki məqamda referenduma gedilməsi heç məqsədəuyğun da deyil. 

Amma gələn il yəqin ki, siyasi vəziyyət bir qədər dəyişəcək. Geosiyasi problemlər aradan qalxa bilər, Rusiya-Ukrayna müharibəsi bitə bilər. Bundan sonra Azərbaycan üçün də müəyyən problemlər aradan qalxmış olar. O zaman bəli, referenduma gedilməsi, dediyim məsələlərin həlli vacibdir. 

- Naxçıvan Muxtar Respublikasının statusunun ləğvi haqqında da fikirlər var. Bu, mümkündürmü?

- Bəzi fikirlər var ki, Qarabağ məsələsinə, ermənilərin "status" tələbi baxımından Naxçıvanın da statusu ləğv edilsə, bu iddialara son qoymaq olar. Amma mən belə düşünmürəm. Naxçıvan Muxtar Respublikası ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunun yaranması tamam fərqli məsələlərdir. Naxçıvana status beynəlxalq müqavilə əsasında - Qars müqaviləsi və Moskva müqaviləsi ilə müəyyənləşib. Orada qeyd edilib ki, Naxçıvan Azərbaycanın tərkibində muxtar respublika olacaq və bunun qaranı kimi Türkiyə çıxış edəcək. Elə bu baxımdan Naxçıvanın statusunun ləğvi çətindir. Birtərəfli qaydada Naxçıvanın üzərindən respublika statusu götürmək qəlizdir. Əlbəttə, Naxçıvandan bir respublika olaraq, ərazi vahidi olaraq təşəbbüs olarsa, o zaman bəli, referenduma baxmaq olar. 

Qarabağın statusu demək olar ki qondarma şəkildə, süni formada yaradılıb. Dağlıq Qarabağ Muxtar Vilayəti xüsusi qanunla tənzimlənmişdi, aradan qaldırıldı. Naxçıvanın statusu isə beynəlxalq müqaviləyə, beynəlxalq qanunlara əsasən tənzimlənib. Ümumiyyətlə isə Naxçıvanın statusunun ləğvini düzgün hesab etmirəm. 

Müəllif: Anar Bayramoğlu