“Ukraynanın əlavə dəstəyə ehtiyacı olduğu sahələri və NATO-nun bunu necə təmin edə biləcəyini müzakirə etdik”
NATO-nun yeni baş katibi Mark Rutte Kiyevə gəlib və Ukrayna Prezidenti Volodimir Zelenski ilə gələcək yardımın göstərilməsi ilə bağlı danışıqlar aparıb. AYNA Ukrayna mediasına istinadən bildirir ki, Rutte danışıqlardan sonra mətbuat konfransı keçirib.
"Bu gün biz Ukraynanın əlavə dəstəyə ehtiyacı olduğu sahələri və NATO-nun bunu necə təmin edə biləcəyini müzakirə etdik", - Rutte Kiyevdə Zelenski ilə NATO saytında yayımlanan mətbuat konfransında deyib.
Rutte qeyd edib ki, Alyans üçün prioritet vəzifə Ukraynaya kömək etməklə yanaşı, NATO ölkələrinin silah ehtiyatlarını artırmaqdır: “Ukraynanı dəstəkləmək və arsenallarımızı artırmaq üçün sənaye istehsalı artırılır. Və bu mənim üçün prioritet olacaq”.
Ruttenin sözlərinə görə, Ukraynanın daxili potensialını yalnız investisiya və innovasiyalar vasitəsilə gücləndirmək olar.
Zelenski isə bildirib ki, Rutte ilə cəbhədəki vəziyyəti və bu yaxınlarda ABŞ Prezidentinə, digər Amerika siyasətçilərinə təqdim olunan Ukraynanın “Qələbə planı”nı müzakirə edib.