Əfqan Ələsgərovun qanunazidd əməllərinin qarşısı alınıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Əfqan Ələsgərovun qanunazidd əməllərinin qarşısı alınıb.
İdarədən AYNA-ya bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan “Mercedes Bens” markalı, 99-OK-279 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Əfqan Ələsgərov Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Əfqan Ələsgərovun narkotik maddə qəbul etməsi müəyyənləşdirilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ə.Ələsgərov nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.