Hazırda 1374 nəfər deputatlığa namizəd var
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
MSK sədrinin bildirdiyinə görə, hazırda 1374 nəfər deputatlığa namizəd var: "Deputatlığa namizədlərin 248 nəfəri 19 siyasi partiyanın siyahısında olan şəxslərdir. Ümumilikdə isə deputatlığa namizədliyi qeydə alınan şəxslərin 310 nəfərinin partiya mənsubiyyəti var".
Məzahir Pənahovun sözlərinə görə, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib: "İndiyə qədər 55 min 492 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 52 min 858 nəfər dairə seçki komissiyalarında, 1434 nəfər isə MSK-da qeydiyyatdan keçib”.
MSK sədri, həmçinin vurğulayıb ki, namizədlər sosial şəbəkələrdə məşhurlaşmağa üstünlük verirlər: "Sosial şəbəkələrdə yayılan bəzi görüntülərə bizim müdaxilə etmək hüququmuz yoxdur. Bəzən namizədlər seçicilər ona səs verməyəcəyini deyəndə, bunu faciə halına çevirirlər. Siyasi məsələləri seçki prosesi ilə qarışdırmaq olmaz”.
M.Pənahov onu da qeyd edib ki, MSK-ya 30 saylı Suraxanı birinci seçki dairəsindən ciddi qanun pozuntuları ilə bağlı şikayətlər daxil olub: "Seçicilərin ələ alınması üçün ərzaq paylamaq Seçki Məcəlləsinə meydan oxumaqdır. Bu cür hallara yol vermək olmaz. Bütün bu hallarla bağlı sosial şəbəkələrdə yayılmış görüntülər də MSK tərəfindən araşdırılır. Bu, digər məsələlərlə müqayisə olunmayacaq qanun pozuntusudur. MSK bu kimi hallara çox pis yanaşır və bu hallarla bağlı ciddi ölçü götürüləcək”.
MSK sədri Müsavat Partiyasının İctimai Televiziya və Radio Yayımları şirkətində pulsuz efir vaxtı tələb etməsi ilə bağlı məsələyə də münasibət bildirib: “Onlar hətta MSK-ya da bununla bağlı müraciət ünvanlayıblar. Müsavat Partiyası iddia edir ki, 64 namizədi qeydiyyatdan keçib, pulsuz efir vaxtı verilməlidir. Ancaq bu mümkün deyil. Çünki 64 nəfərin hamısı partiya siyahısında verilən namizədlər deyil. Elə bilirlər ki, qışqırmaqla, səs-küy yaratmaqla nəyəsə nail olacaqlar. Müsavat Azərbaycanda birinci yaradılan partiyadır. Bu partiyanın bu cür çıxışlarla gündəmə gəlməsi primitiv məsələdir. Primitiv səviyyədə tənqidlər olanda artıq dözə bilmirik".