“Ermənistanın Bakıda COP29-da iştirakı ilə bağlı qərar yoxdur”
“Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək BMT-nin COP29 İqlim Konfransında iştirakı ilə bağlı hələlik qərar yoxdur”. AYNA bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Sputnik Ermənistan”ın Bakıda COP29-a səfərlə bağlı qərarın olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib: “Xeyr”.
Ermənistan hakimiyyəti bundan əvvəl BMT-nin Azərbaycanda keçiriləcək böyük tədbirində iştirak etmək üçün dəvət alıb. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bu tədbirdə iştirakla bağlı hələ də qərar yoxdur.
Dünən erməni mediasında Mirzoyanın COP29-da iştirak etmək üçün Bakıya gələcəyi yazılmışdı.
Öz növbəsində, Baş Nazir Aparatının rəhbəri Arayik Arutyunyan qeyd edib ki, Bakıya getmək qərarına sülh müqaviləsi çərçivəsində ciddi irəliləyişlər də daxil olmaqla, bir çox hallar təsir edə bilər.
Qeyd edək ki, noyabrın 11-22-də Azərbaycanın paytaxtında BMT-nin COP29 İqlim Konfransı keçiriləcək.