Parlamentin yeni komissiyası yaradılıb: payız sessiyasında yeni qanunlar hazırlanacaq
Yeddinici çağırış Milli Məclisinin 2024-cü il payız sessiyasının ilk iclası keçirilib. Sessiya Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gündəliyinə 17 məsələnin daxil edildiyi iclasda Mərkəzi Seçki Komissiyası (MSK) yeni seçilən deputatlara vəsiqələr təqdim edib.
Əvvəlcə iclasda çıxış edən spiker Sahibə Qafarova bildirib ki, bu sessiya Azərbaycan tarixinin ən şərəfli dövrləri ilə üst-üstə düşür: “Yeddinci çağırış Milli Məclisin birinci sessiyasına başlayarkən mən ilk növbədə Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevə bir daha hamımızın minnətdarlığını bildirmək istərdim. O, sentyabrın 23-də Milli Məclisin birinci iclasında söylədiyi dərin məzmunlu nitqində dövlət başçısı yaxın illərdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən etməli olan strateji hədəfləri və milli prioritetləri elan edib. Parlament üzvləri olaraq biz möhtərəm Prezidentin irəli sürdüyü vəzifələrin konkret qanunvericilik tədbirlərində təcəssümünü tapması üçün məsuliyyət daşıyırıq. Biz təmin etməliyik ki, dövlətimizin qanunvericilik bazası həm milli prioritetlərimizə uyğun olsun, həm də xalqımızın və dövlətimizin inkişafı üçün möhkəm təməl yaratsın”.
Spiker: “Biz ölkəmizin tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşuq”
“Birinci iclasda etdiyim çıxışda mən Azərbaycan Prezidenti cənab İlham Əliyevin parlamentin fəaliyyəti barədə fikirlərinə əsaslanaraq yeddinci çağırış Milli Məclisin qarşısında dayanan vəzifələr barəsində baxışlarımı bölüşmüşdüm. İndi isə qısa olaraq bir daha qeyd etməliyəm ki, biz ölkəmizin tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşuq. Xalqın təmsilçiləri kimi biz sürətlə dəyişən dünyada Azərbaycanın xoşbəxt gələcəyini təmin edə bilən dəyərləri rəhbər tutmalıyıq", - Milli Məclis sədri vurğulayıb.
“Parlamentin gücü onun kollektiv zəkasındadır. Bizim birgə ahəngdar fəaliyyətimiz ən mürəkkəb problemlərin həllinə yol aça bilər. Eyni zamanda, Milli Məclisin ayrılıqda hər bir üzvünün fəaliyyəti bu gün çox böyük əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, müasir dünyanın mürəkkəb şəraiti bizdən hər bir məsələyə milli və beynəlxalq reallıqları dərindən başa düşməklə və onları nəzərə almaqla yanaşmağı tələb edir. Mən bu fikirlərimi sizinlə bölüşərək, əmin olduğumu bildirmək istəyirəm ki, biz birlikdə elə fəaliyyət göstərəcəyik ki, möhtərəm cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin qanunvericilik bazasını möhkəmləndirmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirsin”, - deyə spiker əlavə edib.
S.Qafarova xatırladıb ki, dörd il bundan əvvəl, 2020-ci ilin payızında, eləcə də ötən ilin sentyabr ayında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirmiş, torpaqlarımızın 30 illik işğalına son qoyub: “Üç gün öncə, sentyabrın 27-də dövlət başçısının iştirakı ilə keçirilən Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilmiş mülki vətəndaşlarımızın və itkin düşmüş soydaşlarımızın xatirəsi dərin ehtiramla yad edildi. Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş edən müzəffər sərkərdəmiz İlham Əliyevə, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır”.
“Hörmətli həmkarlar, artıq bilirsiniz ki, Milli Məclisdə gözəl bir ənənə yaranıb. O da ondan ibarətdir ki, hər çağırışın birinci sessiyasının əvvəlində millət vəkillərinə deputat vəsiqələri təqdim edilir. Bu gün MSK sədri hörmətli Məzahir Pənahov və hörmətli komissiya üzvləri buradadırlar. Siz, hörmətli həmkarlar, siyahı üzrə buraya dəvət edilib deputat vəsiqələrinizi təhvil alacaqsınız".
MSK sədri: “Seçkilər müasir dövrün tələblərinə uyğun keçirilib”
MSK sədri Məzahir Pənahov iclasda deyib ki, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri yüksək səviyyədə baş tutub: “Səsvermə günü bütün proseslər şəffaf keçdi. Seçkilərlə bağlı səsvermə günü heç bir beynəlxalq müşahidəçidən MSK-ya hər hansı pozuntu ilə əlaqədar müraciət daxil olmayıb”.
M.Pənahov bildirib ki, Azərbaycanda seçkilər günü min məntəqədə vebkameralar vasitəsilə seçkilərin bütün dünyadan izlənilməsinə imkan yaradılıb: “Seçkilər müasir dövrün tələblərinə uyğun keçirilib”.
MSK sədri bildirib ki, 25 siyasi partiyanın seçkilərə qoşulması cəmiyyətin digər üzvlərinin, vətəndaşların səsvermə prosesində iştirakına da müsbət təsirini göstərib.
Bundan sonra deputatlara vəsiqələri verilib. Vəsiqələri MSK sədri təqdim edib.
Qeyd edək ki, qanuna görə, hər bir deputata Azərbaycan Milli Məclisi deputatının vəsiqəsi və döş nişanı verilir. Deputatın vəsiqəsinin və döş nişanının təsviri və onlar haqqında əsasnamələr Milli Məclisin qərarı ilə təsdiq edilir.
İclasda Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında layihə müzakirəyə çıxarılıb. Layihədə payız sessiyasında bir sıra yeni qanunların hazırlanacağı əksini tapıb.
Plana əsasən, "Minatəmizləmə haqqında" qanun layihəsi hazırlanacaq. Payız sessiyası çərçivəsində, həmçinin "Beynəlxalq müqavilələr haqqında" və "Diplomatik xidmət haqqında" qanun layihələrinin hazırlanması nəzərdə tutulub. Müzakirədən sonra layihə qəbul edilib.
Komitə sədri: “Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır”
İclasda Milli Məclisdə yeni komissiyanın yaradılması müzakirəyə çıxarılıb.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında qanun səsə qoyulub. Qanun birinci oxunuşda qəbul edilib.
Komissiyanın sədri deputat Ramid Namazovdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, müvəqqəti komissiyasının yaradılması zamanın tələbidir və mühüm addım kimi qəbul edilməlidir: “Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistandan Azərbaycana, eləcə də digər qonşu ölkələrə qarşı vasitə kimi istifadə etmək Qərbin marağındadır. Buna görə də mütləq şəkildə güclü olmaq, hərbi sənaye kompleksini daha da inkişaf etdirmək çox mühüm məsələdir. Bu gün Minsk qrupunun ləğvi məsələsi mütləq baş tutmalıdır. Minsk Qrupu yarananda onun məqsədi sülhün təmin edilməsi olub. Lakin onlar birmənalı şəkildə onlar ancaq deklarativ bəyanatlarla yadda qaldılar. Guya Ermənistanın arxasında dururlar. Əslində isə qələbəmizi həzm edə bilməyən bu qüvvələr Ermənistandan istifadə edib bizə qarşı məkrli planlarını həyata keçirirlər.Ermənistan və onun arxasında duran istənilən qüvvə, ölkə bilməlidir ki, Azərbaycanın dönməz xarici və daxili siaysəti var. Azərbaycan xalqı ilə Ali Baş Komandan arasındakı vəhdət ərazi bütövlüyümüz, suverenliyimiz üçün ən mühüm amildir. Hər bir təxribatın qarşısını almaq üçün bizim güclü ordumuz, təhlükəsizlik orqanlarımız və hərbi birləşmələrimiz var. Hibrid oyunçular qəsdən ölkə daxilində qeyri-müəyyənlik yaradılır. Dövlətlə vətəndaş münasibətini pozmaq istəyirlər. Bunun qarşısı alınmalıdır. Sosial müdafiədə aktiv olunmasının önəmini biz müharibə zamanı gördük. Kiberhücumların qarşısını almaq baxımından bu qanunun qəbulu vacibdir”.