Milli Məclisin iclasıdır: Mustafa Şentop çıxış edir

Xəbərlər

20.10.2020 - 11:15

İclasın gündəliyinə 5 məsələ daxildir

 

Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilir. AYNA-nın xəbərinə görə, Azərbaycan Parlamentinin iclasında ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun sədrlik etdiyi nümayəndə heyəti, türkiyəli deputatlar da iştirak edir.

 

İclasın gündəliyinə 5 məsələ daxildir:

 

1. Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopun çıxışı.

2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

 

İclasa sədrlik edən Milli Məclisin Sədri Sahibə Qafarova açılış edərək deyib ki, Azərbaycan və Türkiyə qanı-canı bir olan qardaş dövlətlərdir: “Bizim dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır. Azərbaycan və Türkiyə həmişə bir-birinə güvənir. Prezident İlham Əliyevin də dediyi kimi dünyada ikinci belə ölkə yoxdur ki, bir-birinə bu qədər yaxın olsun. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı təxribatı zamanı Türkiyənin göstərdiyi mövqe ilə dünya bu qardaşlığa şahid oldu. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu gün Mustafa Şentopun burada olması da bizim qardaşlığımızın daimi nümunəsidir”.

 

Bundan sonra TBMM Sədri M.Çentop çıxışa başlayıb.

Müəllif: Ayna.az