Milli Məclisdə büdcə müzakirələri: nazirlər hədəfləri açıqlayıblar

İqtisadiyyat

19.11.2025 - 13:10

Parlamentdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb: müzakirələr 3 gün davam edəcək

Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb. İclasda Baş nazir və hökumət üzvləri iştirak ediblər. Büdcə zərfinin 3 gün ərzində müzakirəsi nəzərdə tutulub. 19, 20 və 21 noyabr da tarixlərində keçiriləcək iclaslarda büdcə zərfinə daxil olan qanun layihələri müzakirə olunacaq.

Spiker: “Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmlənib”

Müzakirənin ilk günündə Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmlənib. Spiker xatırladıb ki, bu il büdcə müzakirələri Konstitusiya və Suverenlik İlinə təsadüf edir: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizin makroiqtisadi sabitliyini qorumağa təkan verib. Azərbaycanın iqtisadi müstəqilliyi də möhkəmlənib. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğura davam etdirilir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar üzərində qurulan yeni iqtisadi model formalaşır. Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan büdcə gəlirlərinin artımını, maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin edib. 2026-cı ilin büdcəsi ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdışın həyata keçirilməsi kimi hədəflərlə bağlı olacaq”.

Komitə sədri: “İqtisadiyyatdakı yeniləşmə nə vaxtdan durğunluq hesab edilir?”

“Neft sektorunun iqtisadiyyatda payının azalması və onun fonunda iqtisadi artımın cari ilin 10 ayında 1,3 faiz təşkil etməsi, cari ilin sonuna 3 faiz gözlənilməsi və növbəti il üçün 2,9 faiz proqnozlaşdırılması bəzilərinin təqdim etdiyi kimi nə durğunluqdur, nə də hər hansı iqtisadi patologiyadır”. Bu sözləri isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov səsləndirib. Komitə sədri vurğulayıb ki, 2026-cı il üzrə gözlənilən qlobal artım tempi ilə eyni səviyyədə proqnozlaşdırılan iqtisadi artım sənayenin strukturundakı dəyişikliklərlə bağlıdır: “Bu, konkret olaraq neft hasilatının aşağı düşməsini əks etdirir. Reallıq bundan ibarətdir ki, hasilatın azalması da öz növbəsində transformasiya səbəbindən qeyri-neft sektorunda artım tempini də aşağı sala bilir. Görəsən, iqtisadiyyatın, sənayenin strukturundakı yeniləşmə, neft hasilalatının geoloji və texnoloji xüsusiyyətindən irəli gələn azalma meyilləri nə vaxtdan iqtisadi tənəzzül və ya durğunluq hesab edilir?!”, - deyə A.Əmiraslanov əlavə edib.

Parlamentdə təklif: Vahid iqtisadi təhlükəsizlik konsepsiyası hazırlansın!

"Büdcə konsolidasiyasının iqtisadi artım tempini qısa müddətdə zəiflədə biləcəyini nəzərə alaraq, stimullaşdırıcı tədbirlərin dairəsini genişləndirməliyik. Nəzərə almalıyıq ki, makroiqtisadi sabitliyin bir sütunu büdcə dayanıqlığı və maliyyə sabitliyidirsə, digər sütunu davamlı iqtisadi artımdır. Bu baxımdan fiskal, monetar, sənaye və investisiya, başqa sözlə, artım siyasətlərinin bir-biri ilə uzlaşdırılaraq vahid iqtisadi siyasətə ardıcıl bir şəkildə birləşdirilməsi vacibdir", - deyən A.Əmiraslanov vurğulayıb ki, büdcə xərclərinin optimallaşdırılması çərçivəsində səmərəsiz xərclərin müəyyən edilməsi üçün konkret qiymətləndirmə meyarları tətbiq edilə bilər: “Büdcə zərfi, mahiyyətcə, maliyyə təhlükəsizliyi tədbirlərindən ibarətdir. Dövrün reallıqlarını və çağırışlarını nəzərə almaqla sosial, iqtisadi, maliyyə, enerji, ərzaq və su təhlükəsizliyi sahələrini əhatə edən Vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının işlənib hazırlanmasını təklif edir. Həmçinin büdcə reglamentinin təkmilləşdirilməsi, qeyri-neft gəlirlərinin və cari xərclərin hesablanması metodologiyasına, icmal büdcənin struktur komponentlərinə yenidən baxılması ilə bağlı Hesablama Palatasının təhlillərini və tövsiyələrini də əhəmiyyətli hesab edirik. Aparılmış müzakirələrin nəticələrini və Hesablama Palatasının rəyini nəzərə almaqla bildiririk ki, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi büdcə qanunvericiliyinə tam uyğundur”.

Nazir: “Bu büdcə zərfi tariximizin ən böyük büdcə zərfidir”

İclasda çıxış edən maliyyə naziri Sahil Babayev  deyib ki, müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərimizin beşinci ildönümünə təsadüf edir: “Bu qələbə məhz Prezident cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda həyata keçirilən ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər olunması nəticəsində əldə edilmişdir. Bu gün təqdim edilən büdcə layihəsi də məhz zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır”.

Nazir bildirib ki, növbəti ilin büdcə layihəsi də tarixi Zəfərə gətirib çıxarmış yolun davamı kimi təqdim olunur: “Uzunmüddətli makroiqtisadi dayanıqlılığın təməl şərtləri olan strateji valyuta ehtiyatlarının 82,5 milyard dollara çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizinə bərabər olması iqtisadi siyasətin səmərəliliyinin və islahatların nəticələrinin daha bir göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən çoxşaxəli islahatlar beynəlxalq reytinq agentlikləri tərəfindən də nəzərə alınır və Fitç agentliyindən sonra cari ildə Moody`s tərəfindən də Azərbaycanın suveren kredit reytinqi investisiya dərəcəsinə qaldırıldı”.

“Dövlətimizin artan imkanları sosial təminatın gücləndirilməsinə, ölkəmizin sosial rifah dövləti mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb. Ölkə Başçısının təşəbbüsləri nəticəsində, 2025-ci ildə beşinci sosial islahat paketi reallaşdırıldı, minimum əmək haqları, minimum pensiya, müavinət və təqaüdlərin məbləğləri artırıldı. Bütün bu islahatlar cənab Prezidentin əhalinin, xüsusilə sosial həssas qrupdan olan vətəndaşlarımızın rifahının daha da yaxşılaşmasına göstərdiyi diqqətin növbəti təzahürüdür” - deyə S.Babayev bildirib.

“Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur”

Nazir qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaq: “2020-ci ilin sonundan etibarən yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənmişdir. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də ilk növbədə bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur. 2026-cı ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur. Bu, Cənab Prezident tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik”.

“2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcəkdir. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaqdır”, - deyən nazir vurğulayıb ki, örtamüddətli büdcə dövrü ilə, yəni 2022-ci illə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və ya 48 faiz çox olacaq: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Ortamüddətli büdcə dövrü ilə müqayisədə, yəni cəmi 4 illik dövrdə bu xərclər 41 faiz artmışdır. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcəkdir.  Sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır”.

Gələn il təhsil və elmə 5,2 milyard ayrılacaq

Nazir qeyd edib ki, 2030-cu ilə müəyyən edilmiş milli prioritetlərdən biri olan təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur: “Ortamüddətli büdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36 faiz artacaq”. Nazir bildirib ki, növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaq: “Gələn il əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılmışdır”.

“2026-cı ildə dövlət borclarına xidmətlə bağlı xərclər 2,5 milyard manat məbləğində proqnozlaşdırılır. Daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat və dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 3 milyard manat məbləğində təklif edilir”, söyləyən S.Babayev deyib ki, hazırda ölkəmiz dövlət borcunun ÜDM-ə nisbəti baxımından ən aşağı ölkələrdən biridir: “Borc portfelinin tərkibində dövlətin xarici borcu ümumi borc portfelinin 32,8 faizinə  bərabərdir ki, bu da dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığını azaldır. Cari ildə görülən tədbirlər nəticəsində istiqrazların orta ödəmə müddəti 2,4 dəfə artaraq 3,5 ilə çatdırılmış, istiqraz portfelində 7 və 10 illik istiqrazların payı 30 faiz bəndi artmışdır. Bu isə istiqrazların yenidən maliyyələşdirilməsi və ödəmə yükünün optimallaşdırılmasına imkan yaradır”.

“Müdafiə qabiliyyətimizin gücləndirilməsi növbəti ilin büdcə prioritetidir”

Nazir qeyd edib ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsində 1,2 milyard manat vəsait ayrılacaq:.” Aqrar sektora gələn il üçün ayırmalar proqnozlaşdırılan aqrar ÜDM-in 15 faizinə çatacaq. Kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 faizi və yaxud 513 milyon manatı ərzaq təhlükəsizliyi tədbirlərinə, o cümlədən subsidiyalara, kənd təsərrüfatı texnikası və avadanlıqlarına, habelə suvarma sistemlərinə güzəştlərə yönəldiləcəkdir. Kənd təsərrüfatı xərclərinin 40 faizi və ya 490 milyon manatı torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, 18 faizi və ya 219 milyon manatı isə baytarlıq və digər kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulmuşdur”.

S.Babayev əlavə edib ki, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi sahəsində maliyyə təminatı 2026-cı il dövlət büdcəsinin əsas prioritetlərindən biri olaraq müəyyən edilib: “Növbəti il müdafiə və milli təhlükəsizlik məqsədləri üçün dövlət büdcəsi xərclərinin 21 faizi həcmində, yəni 8,7 milyard manat vəsait nəzərdə tutulur. Bu məbləğ cari illə müqayisədə 319 milyon manat çoxdur: “2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat səviyyəsində proqnozlaşdırılır. Büdcə kəsiri 3,1 milyard manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri ÜDM-in 31,1 faizi, gəlirləri 28,8 faizi, kəsir isə 2,3 faizi həcmində müəyyənləşib”.

Nazir: “Aşağı gəlirlilər üçün vergi yükü 3 il ərzində dəyişəcək”

İclasda iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, son 7 il ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 58,3%-dən 70,2%-ə yüksəlib: “2018-ci ildən başlayaraq vergi-gömrük və əmək bazarı sahəsində islahatlara start verilmiş və 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş vermişdir. 2019-2025-ci illər ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58,3%-dən cari ilin son tarixinə 70,2%-ə yüksəlmişdir”.

“ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunur. 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3% artması gözlənilir ki, bu da strategiya ilə müəyyən edilmiş diapazon (3-4%) çərçivəsindədir. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1% olacağı gözlənilir ki, bu da 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası ilə müəyyən olunmuş hədəfdən (5%) 1,1 faiz bəndi yüksəkdir”, - deyə vurğulayıb.

M.Cabbarov onu da bildirib ki, aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artıb: “1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötmüşdür”.

“Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq”, - deyən nazir əlavə edib ki, "Cənab Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi və bunun mərhələləri şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu çərçivədə qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilmişdir".

Bildirib ki, aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq: “Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilmişdir. Belə ki, 2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır”.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş