“Belə getsə, Azərbaycanda orta sinif yox olacaq”

İqtisadiyyat

22.12.2020 - 23:09

Natiq Cəfərli: “Hökumət qadağaların sayını artırır, amma qarşılığında vətəndaşa heç nə təklif etmir”

 

Azərbaycanda COVID-19 pandemiyası səbəbindən sərtləşdirilmiş xüsusi karantin rejimin davam edir. Əksər ticarət müəssisələri, ictimai-iaşə obyektlərinin bağlıdır, əhalinin böyük hissəsi yaşayış yerini gündə saat (SMS-icazə ilə) tərk edə bilir.

 

Bu gedişlə ölkə iqtisadiyyatı hara gedir? Qarşıdan gələn ildə vəziyyətin daha da pisləşməməsi üçün nələr etmək lazımdır? AYNA-nın mövzuya dair suallarını iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb:

 

- Azərbaycan iqtisadiyyatı mart-aprel aylardan başlayaraq çökməyə başlayıb. Artıq 10 aydır ki, bir neçə dəfə SMS-icazə sistemi tətbiq edilib və hər dəfəsində bir neçə ay vətəndaşlar evdə oturmalı olub. Hətta, bu gün də sərt karanin rejiminin tətbiq olunması və verdiyi müsbət nəticəsi də ciddi müzakirə mövzusudur. Səhiyyə sisteminin vəziyyətə hazır olmadığının şahidi olduq. Bu da normal hal idi. Virus yeni idi və buna hazırlıq aparılmamışdı. Ona görə də bütün dünyada olduğu kimi, Azərbaycanda da səhiyyə sistemini xəstəliklə mübarizə üçün hazırlayırdılar. Amma sonrakı dövrdə zaman-zaman sosial paket olmadan sərt karantin rejiminin tətbiq edilməsinin hansısa bir effekt verəcəyini düşünmək doğru deyildi. Sərt karantin rejimi ilə bağlı dövlətin və hökumətin atdığı addımların alqoritmi doğru deyil. Bütün dünyada dövlətlər yaranandan belə bir qayda var ki, bütün qadağaların qarşılığında nəsə vətəndaşlara təklif olunur. Yəni, dövlət qanunlar çərçivəsində vətəndaşlarına nəyisə qadağa edə bilər, amma bunun qarşılığında vətəndaşlarına nələrisə təklif etməlidir. Bizdə isə karantin qaydaları günü-gündən çətinləşdirilir, amma bunun qarşılığında vətəndaşlara heç nə təklif olunmur.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

- Təklif demişkənbir müddət vətəndaşlara 190 manat yardım verildiO zaman da çox sayda narazı vətəndaşlar oldu. Hansılar ki, işləmirdilər, amma 190 manat ala bilmədilər və narazılıqların da nəticəsi olmadı. Yenə də eyni hal müşahidə olunur. Niyə sistemdə belə problem var?

 

- Bəli, vətəndaşların bəzilərinə 190 manat verildi. Mart ayında açıqlandı ki, 200 min vətəndaşa 190 manat ödəniləcək. Sonradan bu say 600 minə qaldırıldı. Qəribəsi o idi ki, öncədən necə konkret rəqəm bildirdilər…? Axı müraciətlər olmadan, müraciətlər dəyərləndirilmədən necə say açıqlamaq olardı? 600 min nəfərlik say dolandan sonra işsizlik kriteriyalarına uyğun gələn vətəndaşların müraciətləri rədd edildi. Bununla yanaşı, öncə 2 ay ödəniş edildi, sonra bir ay ödəniş edilmədi. Daha sonra 1 ay yenidən 190 manat ödənildi, daha sonra yenidən ödənilmədi. Bu günlərdə həmin 600 min nəfərə yenidən 190 manat ödəniləcəyi gözlənilir. Bu da absurd yanaşmadır. Bu siyahının qeydə alınmasından 9 ay keçib. Yəni 10 ayda pandemiya şəraiti vaxtı işsizlərin sayı artmadı? Təbii ki, artdı. Onminlərlə insan pandemiya şəraitinə görə işsiz qaldı. Yaxşı, onda niyə 600 min yox, 700 min və daha çox insana 190 manat birdəfəlik yardım edilmir? Təəssüflər olsun ki, hökumət bu barədə heç bir açıqlama vermir.

 

- Orta və kiçik biznes sahəsində vəziyyət necədir?

 

- Orta və kiçik biznes sahəsində vəziyyət daha acınacaqlıdır. Bir neçə önəmli məsələ var ki, onlar həll olunmadı. Bunların ən vacibi icarə məsələsi idi. Ona görə də bir çox sahibkarlar icarə pulunu verə bilmədikləri üçün ofislərdən çıxdılar. Buna şahid olmaq üçün şəhərdə gəzən zaman ətrafda icarəyə verilən boş məkanları görmək kifayətdir. İkincisi isə kredit məsələsi idi. Mart ayında elan edildi ki, kreditlərə dəstək olunacaq. Şərtlər o qədər çətin idi ki, demək olar, heç kim bu xidmətdən yararlana bilmədi. Məcburi bağlanan biznes sahələrinin də kreditlərinin yarısının ödənməsi məsələsi də çox çətin şərtlər ilə həyata keçirilirdi. Bu da doğru addım deyildi. Əgər sahibkarın obyekti bağlanıbsa, onsuz da krediti ödəyə bilməyəcək. Ona görə də dövlət kredit faizinin yarısına dəstək olsa, nə olacaq, olmasa, nə olacaq?!  Onsuz da sahibkar çalışmır. Çalışmırsa, qazanmır. Qazanmırsa, krediti ödəyə bilməyəcək. Bundansa sahibkarlara birbaşa yardımlar olmalı idi. Həmçinin kommunal xidmətlərin ən azı 3 ay ümumiyyətlə pulsuz olması ola bilərdi.  Ən pis halda 50 faiz endirim olmalı idi. Bunlar baş vermədi.

 

- Karantin dövründə vətəndaşlara tək pul yardımı edilməlidir?

 

- Təbii ki, yox. Şəhər və rayonlar üzrə aztəminatlı ailələr öncə müəyyən edilməli idi və onlara ərzaq ilə yardım etmək olardı. Axı Sosial Müdafiə Fondunda onların siyahısı var. Onlara ayrıca bir yardım paketi olmalı idi. Necə ki, bu yardımları bir çox ölkələrdə gördük.

 

- Hazırkı mərhələdə belə yardımların olacağını gözləyirsiniz?

 

- Bu ilin sonuna kimi hansısa addımın atılacağını düşünmürəm. Artıq dövlət büdcəsi bu il üçün tamamlanıb. 2021-ci ilin dövlət büdcəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Heç olmasa, 2021-ci ildə sərt karantin rejiminin tətbiq edilməsini nəzərə alaraq vətəndaşlar üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Həmçinin, sosial müavinətlər ayrılmalıdır ki, onlara da “evdə otur” deyəndə otursunlar. Çünki 2021-ci ildə nə vaxt virus bəlasından qurtulacağıq, bilmək olmur.

 

- İctimai nəqliyyat da problemli sahələrdəndir…

 

- Pandemiya dövründə nəqliyyat ilə bağlı problemlər də ayrı müzakirə olunacaq problemdir. Metro virusun yayılmasına şərait yaradan məkandırsa, artıq neçə aydır bağlıdır. Məntiqlə artımda azalma olmalı idi. Amma bu gün 4000-dən çox gündəlik yoluxma qeydə alınır (son günlər bir az azalsa da). O zaman niyə metro aylarla bağlı qalıb? Və ya həftəsonları hər yeri qapatmaqla nəyəsə nail olundu? Yox. Yoluxma sayı yenə də artdı. Bir sözlə, başqa çıxış yolları olmalıdır. Əks halda sərt karantin rejimi tətbiq etməklə heç bir nəticə əldə etmək olmaz. Hökumətin atdığı addımlara yenidən baxılmasına və ictimai müzakirəsinə yenidən ehtiyac var. Əks halda heç bir nəticə əldə olunmayacaq.

 

- Bir il də sərt karantin rejimi davam etsə, Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

 

- Noyabr ayına kimi ümumi daxili məhsulda 4.2 faizə kimi azalma müşahidə olunub. Bu, çox ciddi rəqəmdir. Ticari dövriyyə azalıb, insanların gəlirləri azalıb, inflyasiya yüksəlib. Bütün bunlar rəsmi rəqəmlərdir. Yumşaq desək, rəsmi rəqəmlər həqiqəti tam bildirmir, deməli vəziyyət daha da pisdir. Orta sahibkarlıq silinmək üzrədir. Belə davam etsə, orta sinif olmayacaq. Halbuki, orta sahibkarlıq iqtisadiyyatın əsas dayağıdır. Gələn ilin büdcəsində bu sinif ilə bağlı qərarlar verilməsə, iqtisadi çarxların yenidən dönməsi ilə bağlı addımlar atılmasa, ciddi təşviq paketləri olmasa, təəssüf ki, 2021-ci il 2020-ci ildən heç də fərqlənməyəcək.

Müəllif: Təranə Xudabaxşiyeva