2026-cı il üçün dövlət büdcəsində sosialyönlü sahələrə ayrılan vəsaitlərin həcmi artacaq
Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanıb. Məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. İclasda maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər hökumət üzvləri iştirak ediblər. Büdcə layihəsi hökumət üzvləri və deputatların müzakirəsinə təqdime dilib.
Baza ssenaridə neftin qiyməti 1 barel üçün 65 dollar götürülüb
Məlum olub ki, gələn il üçün dövlət büdcəsində sosialyönlü sahələrə ayrılan vəsaitlərin həcmi artacaq. Büdcə layihəsinə əsasən, 2026-cı ildə sosialyönlü xərclər əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman və tibbi ləvazimatların təminatı, icbari tibbi sığorta və digər sosial dəstək tədbirləri dövlət büdcəsi xərclərinin 41,1 faizini təşkil edəcək. Bu istiqamət üzrə 17 milyard 145,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılır. Bu göstərici 2025-ci illə müqayisədə 213,4 milyon manat (1,3 faiz), 2024-cü ilin icrası ilə müqayisədə isə 2 milyard 492,8 milyon manat (17 faiz) çoxdur.
2026–2029-cu illər üçün ortamüddətli dövr üzrə icmal və dövlət büdcəsi parametrləri müəyyənləşdirilib. Sənədə əsasən, baza ssenaridə neftin qiyməti 1 barel üçün 65 dollar, optimist ssenaridə 75 dollar, pessimist ssenaridə isə 55 dollar səviyyəsində götürülüb.
Bu qiymət fərqləri nəzərə alınmaqla, dövlət büdcəsinin neft-qaz gəlirlərində 2026-cı ildə baza ssenariyə nisbətən təxminən 200 milyon manatlıq dəyişiklik olacağı proqnozlaşdırılır.
Böyük Qayıdış üçün 3 milyard 500 milyon manat ayrılacaq
2026-cı ildə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün 3 milyard 500 milyon manat vəsait ayrılacaq. Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2026-cı ilin dövlət büdcəsində 3 500 000 000 manat məbləğində vəsait nəzərdə tutulur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, inşa edilmiş evlərə ailələrin köçürülməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 41 900 000 manat vəsait proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 13 100 000 manat və ya 45,5 % çoxdur.
Növbəti ilin büdcə layihəsində həmin proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması məqsədilə 5 000 000 manat, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 %-i məbləğində maliyyə yardımının ödənilməsi məqsədilə 2 000 000 manat vəsait nəzərdə tutulur. Bütövlükdə 2026-cı ilin dövlət xərclərindən (bütün xərc bölmələri üzrə) işğaldan azad edilmiş ərazilərin bərpası, yenidənqurması və digər tədbirlər üzrə cəm olaraq 3 548 900 000 manat məbləğində vəsait yönəldiləcək.
Maliyyə naziri hədəfləri açıqlayıb
Müzakirələr zamanı maliyyə naziri Sahil Babayev deyib ki, “Azərbaycanda təhsil xərcləri bizim Ümumi Daxili Məhsulumuzun (ÜDM) 3,7 faizi kimi qiymətləndirilir. Dünya ortalamasında bu rəqəm 3,5 faizdir”.

“Təhsil xərclərinin büdcədə xüsusi çəkisinə baxdıqda görürük ki, büdcəmizdə təhsil xərclərinin xüsusi çəkisi 12 faizdir. Dünya ortalamasında bu rəqəm 10 faizdir, postsovet ölkələrdə isə 9 faiz”.
Nazir bildirib ki, Azərbaycan təhsil xərcləri üzrə büdcədən kifayət qədər təminat alıb.
“Növbəti dövrdə qarşımızda duran ana hədəflərdən biri məhz ortamüddətli xərclər və büdcə çərçivəsinin, habelə nəticə əsaslı büdcə proqramının ölkədə tam təmin edilməsidir”, - deyən nazir deyib ki, bu gün büdcənin 12 funksional bölməsindən 4-ü məhz nəticə əsaslı proqram büdcəsi çərçivəsində işlənilir: “Növbəti dövrlərdə orta müddətli dövrün sonunda biz düşünürük ki, ən azı 8 funksional bölməmizi əhatə edəcəyik və beləliklə, Azərbaycanın ortamüddətli xərclər çərçivəsindən, ortamüddətli büdcə çərçivəsinə keçidinin böyük ölçüdə təmin edəcəyik”.
Mikayıl Cabbarov: “Mediada özlərini müstəqil ekspert adlandıran şəxslər bəzən çaşdırıcı məlumatlar təqdim edir”
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə deyib ki, ölkədə iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub: “Bu layihədə invesitiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştlərin verilməsi və s. kimi təkliflər nəzərdə tutulub. Son həftələrdə müşahidə edirik ki, mediada özlərini müstəqil ekspert adlandıran şəxslər bəzən çaşdırıcı məlumatlar təqdim edir. Biz də bu istiqamətdə məlumatlandırma işlərinə davam edəcəyik. Xüsusilə son illərdə həyata keçirilən vergi islahatları sırasında əmək münasibətlərinin şəffaflaşdırılımasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının leqallaşmasında əhəmiyyətli nəitcələrin əldə edilməsinə imkan verib. Belə ki, özəl sektorda 8 min manatadək əməkhaqqının vergidən azad olması nəticəsində 1 yanvar 2019-cu ildən 1 oktyabr 2025-ci ilədək özəl sektorda əmək müqavilələrin sayı artaraq 471 min artaraq 1 milyonu ötüb. 2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla, özəl sektorda əməkhaqqı fondunun 2019-2025-ci illərdə 3 dəfə artaraq 10.6 milyard manata çatması proqnozlaşdırılır”.

“Bildiyiniz kimi, 1 yanvar 2026-cı ildən etibarən verilən güzəştin vaxtı bitir. Aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz özəl sektorunda əməliyyatlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim olunub. Bu, asan müzakirələr olmayıb. Burada müxtəlif baxışlar olub. Təqdim olunan sənəd vahid mövqəni əks etdirir”, - M.Cabbarov vurğulayıb.
Nazir: “Yeni vergi güzəşti tətbiq olunacaq”
“Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin təxminən yarısı kənd təsərrüfatı məhsullarının istehsalı sektoruna, digər yarısı isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmiş, 76,0%-i regionların payına düşüb. Fondun vəsaiti hesabına banklar vasitəsi ilə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sahibkarların ümumi dəyəri 564 mln. manat olan 4590 investisiya layihəsinə 250 mln. manat güzəştli kredit verilmişdir” – nazir əlavə edib.
M.Cabbarov deyib ki, 1 oktyabr 2025-ci il tarixinədək 508 sahibkarlıq subyektinə 612 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 7,4 milyard manata yaxın investisiyanın yatırılması, 44 mindən çox iş yerinin açılması nəzərdə tutulub.
Nazir deyib ki, Azərbaycanın qeyri-neft-qaz özəl sektorunda əməliyyatların mərhələli şəkildə vergiyə cəlb edilməsi ilə bağlı təkliflər təqdim olunub: “Aşağı vergi yükü tətbiq etməklə qeyri-neft-qaz özəl sektorda əməliyyatların tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması barədə təkliflər hazırlanıb. Bu, asan müzakirə mövzusu olmayıb. Müxtəlif baxışlar mövcud idi, lakin təqdim olunan sənəd nəticə etibarilə vahid mövqeni əks etdirir".
“Vergi islahatlarının davamı olaraq, iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi, şəffaflığın artırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Layihədə bir sıra stimullaşdırıcı mexanizmlər nəzərdə tutulur. Belə ki, investisiya mühitinin və sahibkarlığın təşviqi məqsədilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üçün tətbiq edilən eyni vergi güzəştlərinin verilməsi təklif olunur; nəqliyyat sektorunda avtobus və yük avtomobillərinin istehsalının stimullaşdırılması planlaşdırılır; balıqyetişdirmə fəaliyyəti kənd təsərrüfatı sektoruna daxil edilərək bu sahəyə mövcud tamhəcmli güzəştlərin şamil edilməsi nəzərdə tutulur; nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə ictimai iaşə sektoruna vergi güzəştləri və dərəcələrin azaldılması təklif edilir. Bununla yanaşı, ƏDV qeydiyyat həddi 200 min manatdan 400 min manata qaldırılacaq".
Nazir həmçinin vurğulayıb ki, son illərdə həyata keçirilən vergi islahatları çərçivəsində əmək münasibətlərinin leqallaşdırılmasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının şəffaflaşmasında mühüm nəticələr verib: "Belə ki, qeyri-neft-qaz özəl sektorda 8 000 manata qədər olan əməkhaqları gəlir vergisindən azad edildikdən sonra, 2019-cu il yanvarın 1-dən 2025-ci il oktyabrın 1-dək bu sektorda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötüb, ümumi əmək müqavilələri içində payı 38,5 %-dən 54,1 %-ə yüksəlib. Bunun fonunda 2018-2024-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən edilən transfertlərin payı 35,6 %-dən 17,5 %-ə enib".
Palata sədri: “150 milyon manatdan çox uyğunsuzluq aşkarlanıb”
Müzakirə zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatası tərəfindən Milli Məclisdən daxil olmuş 2026-cı il dövlət büdcəsi layihəsinə dair rəy hazırlanıb: “Rəyin hazırlanması prosesində müvafiq dövlət orqanları ilə müzakirələr aparılaraq büdcə zərfində düzəlişlər edilib. Bununla yanaşı, qanun layihəsinin bəzi maddələri üzrə təkmilləşdirmələrin aparılmasının zəruri olduğu qənaətinə gəlinib. Belə ki, qanun layihəsinin 7-ci maddəsində əks etdirilən dövlət büdcəsi xərclərinin funksional təsnifatının təhlili nəticəsində uçotda bəzi uyğunsuzluqlar müəyyən olunub. Hesablamalarımıza əsasən, bu uyğunsuzluqların məbləği 150 milyon manatdan çoxdur. Hesab edirik ki, bu uyğunsuzluqların bir qismi büdcə təsdiq edilənədək dövlət büdcəsində nəzərə alınacaq”.

“Qanun layihəsinin 15-ci maddəsində göstərimiş icmal büdcənin xərclərinin yuxarı həddi ilə bağlı hesablamalarımızda uyğunsuzluqlar var. Belə ki, icmal büdcənin tərkibindəki bəzi qrup daxili əməliyyatlar icmal büdcədə nəzərə alınmalı olduğu qənaətinə gəlmişik. Dövlət büdcəsinin xərcələri ilə bağlı əlavələrdə strategiya tədbirlərinin həyata keçirilməsi üçün vəsaitlər yalnız əsas icraçılar üçün nəzərdə tutulmuş, digər icraçılar üçün xərclər ayrıca qeyd edilməmişdir. Strategiyada müəyyən edilmiş bəzi hədəflər də 2026-cı ilin sonuna proqnozlaşdırılan göstəricilər arasında uyğunsuzluqla izlənilmişdir. Vəsait ayrılması nəzərdə tutulan tədbirlər arasında icra müddəti bitmiş tədbirlərə də rast gəlinir. Strategiyanın əksər tədbirləri üzrə qeyri-maliyyə xarakterli məlumatlar təqdim edilməyib ki, bu da hədəflərə nail olmaq imkanlarının qiymətləndirilmısində bizdə çətinlik yaradır”, - deyə Palata sədri vurğulayıb.
“Növbəti ildə dövlət vergi xətti ilə daxilolmalar üzrə proqnozlaşdırılan gəlirlərin reallaşmasında ciddi risklər yaranmayacaq"
Əsas məqamları bildirən V, Gülməmmədov qeyd edib ki, qanun layihəsinə əsasən növbəti ildə gəlirlər cari ilin eyni göstəricisindən 253 milyon manat çox olması planlaşdırılır: "Lakin Dövlət Neft Fondundan transferin əhəmiyyətli azaldılması fonunda artımın tamamilə vergi daxilolmaları hesabına təmin ediləcəyini ifadə edir. Qeyd edim ki, növbəti ildə Dövlət Neft Fondundan transferlər cari ilin proqnozları ilə müqayisədə 1,6 milyard manat azalması nəzərdə tutulur. Növbəti ilin dövlət büdcəsində vergi gəlirləri 21,4 milyard manat təşkil etməklə cari ilin proqnozu ilə müqayisədə 8,9 faiz çox proqnazlaşdırılır. Onun ümumi gəlirlərdə payının cari ilin proqnoz göstərici ilə müqayisədə 4,2 faiz çox olmaqla 55,4 faizə bərabər olacağı gözlənilir. Dövlət vergi xətti ilə qeyd edildiyi kimi, 2026-cı ildə təminedilməli daxilolmalar 16,9 milyard manat proqnozlaşdırılır. Apardığımız təhlillər göstərir ki, növbəti ildə dövlət vergi xətti ilə daxilolmalar üzrə proqnozlaşdırılan gəlirlərin reallaşmasında ciddi risklər yaranmayacaq".
Baş bankir inflyasiya proqnozunu açıqlayıb
Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib ki, Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, 2026-cı ildə illik inflyasiya 5,7% gözlənilir: “Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi 2026-cı ildə qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. Pul siyasəti alətlərindən istifadə zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaq. Maliyyə sektoru üzrə prioritetlər 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyasına uyğun həyata keçiriləcək".

Deputat: “3 ildən artıq istifadə olunan avtomobillərin ölkəyə girişinə qadağa qoyulmalıdır"
Müzakirə zamanı deputat Qüdrət Həsənquliyev elektrik avtomobillərinin idxalı ilə bağlı vergilərdə rüsumların azad edilməsindən narazılıq bildirib: “Əgər köhnə avtomobillərin ölkəyə daxil olmasını qadağan etmək istəyiriksə, yaxud, hamının elektrik avtomobili almasını stimullaşdırmaq istəyiriksə, bu çox yaxşıdır. O zaman köhnə avtomobillərə, benzinlə işləyən avtomobillərə daha çox idxal rüsumu tətbiq olunmalıdır. Məsələn, 3 ildən artıq istifadə olunan avtomobillərin ölkəyə girişinə qadağa qoyulmalıdır. Bir adam 1000 manatlıq telefon alanda idxal rüsumu ödəyirsə, 21-22 min manatlıq elektrik avtomobili alan adam niyə vergi ödəməsin? Vergini hamı ödəməlidir. Onu idxal edən də ödəmlidir. Bilmirəm bu avtomobillərin idxalı ilə hansı şirkətlər məşğuldur. Bunu stimullaşdırmaq istəyiriksə, o halda digərlərinə vergini artırmalıyıq ki, onlar gətirməsinlər. Elektrik avtomobilini idxal edənlər vergidən azad olunmamalıdır".
Deputat Tahir Mirkişili büdcədə texnologiya sahəsinə maliyyə vəsaitinin artırılması istəyib. Onun sözlərinə görə, 2026-29-cu illərdə neft-qaz gəlirlərinin təqribən 10 % azalaraq sabitəşməsi gözlənilir: "Dövlət büdcəsi xərclərinin artımının dayanıqlı qeyri-neft-qaz gəlirləri hesabına təmin olunması fiskal dayanıqlığın qorunmasının əsas şərtlərindən biridir. Bu isə büdcə xərclərinin həm də texnoloji tutumunun artırılmasını zəruri edir. Məsələn, universitetlərə, elm institutlarına elmi tədqiqatlarla bağlı dövlət büdcəsindən əlavə maliyyə vəsaitinin ayrılmasının vacib olduğunu düşünürəm".
İclasda hökumət üzvləri çıxış edib, deputatların suallarını cavablandırıblar. Sonda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi” plenar iclasa müzakirə üçün tövsiyə edilib.