"/>

Məşhur güləşçimiz dünya çempionatına gedə biləcəkmi? - <font color=red> "Təəssüf ki, davamlı olaraq zədələnir"</font>

İdman

10.08.2019 - 10:07

"Toğrul Əsgərovun yenidən çempionluqlar qazanmasına heç bir maneə yoxdur"

 

Son günlər idman camiyəsində müzakirə olunan mövzulardan biri də güləş üzrə olimpiya çempionu Toğrul Əsgərova 2017-ci ildə verilən  dopinq cəzasının bitməsi və onun peşəkar idmana geri dönməsidir. İdmançının sentyabr ayının 14-də start götürəcək Dünya çempionatında iştirak edəcəyi də gözlənilirdi. Amma ötən gün Tibilisidə keçirilən beynəlxalq yarışda idmançımız yenidən zədə alıb. AYNA-nın əməkdaşı idman mütəxəssislərindən Toğrul Əsgərovun gələcək karyerasına nə kimi ümid bəslədiklərini soruşub.

 

Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı bildirib ki,  2017-ci ildə dopinq cəzasına görə olimpiya çempionumuz yarışlardan kənarda qaldı: “Daha sonra bir müddət zədə problemi yaşadı. Təbii ki, bütün bunlar istənilən idmançının psixoloji durumuna mənfi təsir göstərə, onu həvəsdən sala bilər. Ancaq Toğrul Əsgərov özündə güc tapıb yenidən məşqləri bərpa etdi. Bu ilin yazından yığmanın tərkibində, təlim-məşq toplanışları olmayan müddətdə isə fərdi qaydada intensiv məşqlər keçib. Onun üçün çatışmayan tərəf isə praktikadı. Çünki 3 ilə yaxın müddətdə demək olar ki, idmançı yarışa çıxmayıb. Bu isə peşəkar idmanda çox böyük vaxtdır. Ancaq istedadlı və xarakteri güclü olan idmançılar bu qədər fasilədən sonra qayıdıb uğur qazana bilər. Əsgərovun istedadına söz ola bilməz. Məşqlərə ciddi yanaşması da istək və əzmindən xəbər verir. Zədələrdən uzaq qalsa və tam forma yığsa, yenidən öz çəkisində favoritlər arasında olacaq”.

 

“O ki qaldı zədəsinə. Bakıya gəlib müayinədən keçəndən sonra məlum olacaq ki, Toğrul Əsgərov dünya çempionatına gedəcək, ya yox”, -deyə Sərxan Musalı əlavə edib.

 

İdman eksperti Kənan Məstəliyev açıqlamasında deyib ki, Toğrul Əsgərov Azərbaycanın fəxri olan idmançılardandı. Gənc yaşında Olimpiya çempionu olmuş, bayrağımızı zirvəyə daşımış güləşçidir. Onun kimi idmançını yarış meydanlarında görmək həmişə xoşdur. Qayıdışına ancaq sevinmək olar. Son illərdə adı ətrafında çox söz-söhbtlər oldu, problemlər yaşadı, zədə ilə bağlı çətinlikləri oldu. Ancaq bütün bunların sonunda qayıtmağa qərar veribsə, deməli olanlar-bitənlər arxada qalıb və çempion yenə döyüşə hazırdı. Bu isə maraqlı gələcək vəd edir. Düşünürəm ki, Toğrul Əsgərovun yenidən çempionluqlar qazanmasına heç bir maneə yoxdur. Yetərincə təcrübəlidir, qələbənin də, məğlubiyyətin də nə olduğunu bilir, bunun da üstünə fiziki hazırlığı yerindədisə, niyə də uğur əldə edə bilməsin? Mən onun qayıdışına ümidlə yanaşıram”.

 

İdman eksperti Sahib Əsədbəyli deyir ki, Toğrul Azərbaycanda yetişən ən istedadlı güləşçidir: “Ən azından ona görə ki, cəmi 23 yaşa iki Olimpiada finalı sığdırıb. Bu, dünya güləşində nadir hadisədir. Üstəlik, o, tarixin sərbəst güləş üzrə olimpiya çempionları arasında ikinci azyaşlıdır. Hacı Əliyevi çıxmaq şərtiylə, texnikasına görə, nə yerli, nə də millimizdə çıxış edən legioner güləşçilər onunla müqayisə oluna bilər. Təəssüf ki, davamlı olaraq zədələrə "yaxalanır". Elə dünən, üç ilə yaxın aradan sonra çıxış etdiyi Tbilisi turnirində yenə zədələndi. Deyilənə görə, sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında çıxış edəcəyi sual altındadır. Belə olmasaydı, əminliklə "Tokio-2020"-yə də lisenziya qazanacağını söyləmək olardı. İndiki halda konkret fikir bildirmək çətindir. Ümid edək ki, zədəsi ciddi olmayacaq. 74 kiloqram sərbəst güləşdə ən çətin çəki dərəcəsi sayılsa da, Əsgərov burada da sözünü deyə bilər. "Bakı2015"-də və Rio Olimpiadasında məğlub etdiyi italiyalı Frank Çamizo qısa vaxtda bu çəkidə möhkəmlənib əfsanəvi ABŞ  pəhləvanı Barrouzu üstələyə bilirsə, o niyə bacarmasın?

Müəllif: Ayna.az