Onun addımlarında mərhəmət, məğfirət, şəfaət, sevgi var
Bahar nə xoş gəlir, ruha dad verir,
Xəyala, duyğuya qol-qanad verir;
Var olsun şerimiz, şairlərimiz! –
Hər gülə, çiçəyə təzə ad verir.
Səməd Vurğun
Baharın ən gözəl çağıdır. Könüllər sevinir, arzular gerçəkləşir, ümidlər işıq saçır. Təbiətin ən gözəl fəslində, ən gözəl ayında günəş də, torpaq da, hava da, yol da, cığır da bir söz söyləyir: Sevirəm! Sevginin dil açıb danışdığı ayda dünyaya gələn insanlar da sevgidən yoğrulub, sevgidən doğulublar.
Onun addımlarında mərhəmət, məğfirət, şəfaət, sevgi var. O, yolumuzu aydınlatan ziyalıdır. Onu tanımaq bir ayrı xoşbəxtlik, onun mərdliyinə, müqəddəsliyinə heyran olmaq özü də xüsusi xoşbəxtlikdir. İnsanların yoluna Xızır peyğəmbər kimi çıxan, xəstəyə təbib, dərdliyə loğman, yaraya dərman, bəxtsiz insana xoşbəxtlik, kimsəsizə səadətdir o. Onun xeyirxah əməllərini yazsam inanın bir neçə cild kitab da bəs etməz.
O, təkcə Daş Salahlının, Qazax mahalının deyil, bütün Azərbaycanın hörmət bəslədiyi, sevdiyi ziyalı oğlu İlham Pirməmmədovdur!
Lap qısa yazıram. Gülayə birinci sinifdə oxuyanda Binəqədi rayonunda gedirdi məktəbə. İbtidai sinif müəlliməsi biləndə ki, mən qazaxlıyam, o dəqiqə sevinclə dilləndi: "İlham Pirməmmədovun yerlisisiz. Nə gözəl. Tanıyırsızsa, məndən salam deyin. İllər öncə övladlarım instituta qəbul oldu. Ödənişli təhsil alırdılar. İmkanım yox idi. Həyat yoldaşım birinci Qarabağ savaşında şəhid olmuşdu. İlham müəllim o zaman Təhsil Nazirliyində işləyirdi. Qəbuluna getdim. Məni qəbul etdi, dinlədi. İki övladımın təhsil almasında bir qardaş kimi mənə kömək oldu. Çox şükür indi balalarım ali təhsilli, savadlı insanlardır. Mən İlham Pirməmmədovun yaxşılığını ölənə kimi unutmaram". Onu da qeyd edim ki, həmin müəllimə qazaxlı deyildi.
Ötən il pandemiyanın ən çətin dövründə Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədov Qazax və Ağstafadan olan iş adamlarına müraciət etdi. İctimai Birliyin üzvlərini bir yerə topladı. Qazax və Ağstafada on min ailəyə yardım olundu. Vətən müharibəsi dövründə arxa cəbhənin müsəlləh əsgəri oldu. İnanın, bu yaşda ona deyilsəydi ki, döyüşmək lazımdır, döyüşə də gedərdi. İlham Pirməmmədov Vətən müharibəsi dövründə Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri yox, Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin komandiri oldu. Ali Baş Komadan, cənab İlham Əliyevin hər əmrinə hazır dayanan İlham Pirməmmədov biz "əsgərlərinin" güvənc yeri idi. Bilirdik ki, cəbhəyə nə lazım olsa o, “bəli” deyəcək! Onun rəhbərliyi ilə şəhid ailələrini ziyarət edirik, qazilərin görüşünə gedirik.
Onun rəhbərliyi altında çalışmaq özü də böyük xoşbəxtlikdir! Hər zaman böyük kimi, ağsaqqal kimi kölgəsi üstümüzdə olsun. Palıd kökü kimi dərindən gəlir onun kökü. Ağalı-bəyli, duz-çörəkli, düz çörəkli bir kəndin - mərdlərin məskəni olan Daş Salahlı kəndinin ləyaqətli oğlu, mərdi Məmməd Koxanın layiqli davamçısı olan İlham Pirməmmədov tək Qazaxın yox, bütün Azərbaycanın sevdiyi, hörmət etdiyi, fəxr etdiyi şəxsiyyətdir.
Ləyaqətli el ağsaqqalı, müdrik ziyalı İlham Pirməmmədovun doğum günüdür bu gün. Ömrü sevgidən, mərhəmətdən, məğfirətdən, sədaqətdən, səadətdən, mərdlikdən yoğrulan uca şəxsiyyəti doğum günü münasibətilə Qazax Xeyriyyə İctimai Birliyinin üzvləri, Qazax və Ağstafa ziyalıları, igid, qəhrəman Qazax övladları, döyüşçülər, qazilər adından ürəkdən təbrik edirik!
Qısa yazdığım bu təbriki Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın İlham Pirməmmədova həsr etdiyi "Mən bir kişi tanıyıram" şeirindən bir bənd ilə tamamlayıram:
Bağla, ona ümid bağla,
Yaxşılığını yadda saxla!
Azərbaycanla, Qazaxla
Canbir kişi tanıyıram,
Mən bir kişi tanıyıram!
Böyük hörmətlə: Səbinə Yusif