“Məmnuniyyətlə azərbaycanlı oğlanla ailə quraram” - <font color=red> Norveçdə yaşayan modelyer</font>

Ayna TV

30.07.2019 - 21:00

Həkimlər Klinikalar SEO Xidməti

"Çox istərdim ki, avropalılar Paris, İtaliya əvəzinə Azərbaycanı seçsinlər, kəşf etsinlər"

 

AYNA TV-nin budəfəki qonağı, əslən Cənubi Azərbaycandan olan, hazırda Norveçdə yaşayan modelyer Şervin Nəcəfpurdur. Şervin xanım Azərbaycana budəfəki gəlişinin səbəbi, yaradıclıq planları, o cümlədən şəxsi həyatı barədə suallarımızı cavablandırıb.

 

- Şervin, sizi Azərbaycanda növbəti dəfə xoş gördük.

 

- Mən də sizi vətəndə xoş gördüm. Arzu edirəm ki, həmişə vətəndə bir yerdə olaq.

 

- Əvvəlcə ondan başlayaq ki, Azərbaycan dilində əksər azərbaycanlıdan mükəmməl danışırsınız. Necə bacarmısınız bunu?

 

- Deməzdim ki, azərbaycancam mükəmməldir, çünki hələ öyrənirəm. Həm şivə, həm qrammatika baxımından təkmilləşdirirəm. Azərbaycan dilində danışmağımın səbəbkarı qəhrəmanlarım olan valideynlərimdir. Onlar hər zaman çalışıblar ki, evimizdə Azərbaycan türkcəsində danışılsın.

 

- Evinizdə Azərbaycan türkcəsindən başqa, Azərbaycanla bağlı daha nələr qorunub?

 

- Ailəmizi yaxından tanıyanlar bilirlər ki, atam çox milliyətçidir. O, Cənubi Azərbaycandan məcburi siyasi köçkün olub. Ona görə hər zaman çalışıb ki, ailə olaraq cəmiyyətə inteqrasiya olaq, ancaq assimilyasiyaya məruz qalmayaq. Bilisiniz ki, İran adlanan ölkədə 30 milyondan çox azərbaycanlı yaşayır, onların dilləri və s. əlindən alınıb. Atam da çalışıb ki, həsrət qaldığı bütün mənəvi dəyərlərimizi Norveçdəki evimizdə qorusun. Evimizdə milli mətbəximiz, musiqimiz, tariximiz, ədəbiyyatımız qorunur. Norveçdə bizim evi "Azərbaycan evi" adlandırırlar. Çünki bizim evə gələn şəxs Azərbaycanda olduğunu hiss edir.

- Azərbaycan mətbəxinə aid hansı yeməkləri daha çox bişirirsiniz?

 

- Evimizdə Azərbaycan dolmaları daha çox bişirilir, xüsusilə badımcanı çox sevirəm. Atam əvvəl baş aşpaz olub, çox dadlı yeməklər bişirir. Mən pesgeterianam, ancaq dəniz məhsulları ilə qidalanıram. Atam da bunu nərəzə alıb, məşhur Təbriz küftəsini balıqdan hazırlayır, adını da "Atabəyin məşhur küftəsi" qoymuşam. Norveçdə atamın bişirdiyi həmin küftə o qədər sevilib ki, hətta Norveç bələdiyyəsi tərəfindən atama qrant ayrıldı və atam 30-a yaxın Norveç əsilli aşpaza Təbriz küftəsinin bişirilmə qaydasını öyrətdi. Hər il Norveçdə yemək festivalları keçiriləndə atam 100-ə yaxın küftə hazırlayır və bu, Norveçdə yaşayanlar tərəfindən çox yaxşı qarşılanır.  

 

- Azərbaycanın hansı milli bayramlarını, tarixi günlərini evinizdə qeyd edirsiniz?

 

- Çalışırıq ki, bütün bayramlarımızı qeyd edək, hətta orada yaşayan dostlarımızı evimizə dəvət edirik. Ancaq istərdik ki, bayramlarımızı daha geniş, dəbdəbəli şəkildə qeyd edək, başqa millətlər də bizə qoşulsun.

 

- Belə anladım ki, orada yaşayan azərbaycanlılarla sıx əlaqələriniz var...

 

- Bəli, orada bizim Azərbaycan diaspor təşkilatımız var, keçən il qurmuşuq. Baxmayaraq ki, həm Azərbaycanın cənubundan, həm də şimalından olan azərbaycanlılar 30 ildən çoxdur Norveçdə yaşayırlar, bir sıra təşkilatlar qurulub, ancaq biz çalışdıq ki, ayrı-seçkiliyə yol verməyən bir təşkilat quraq. Bizim üçün Güney-Quzey fərqi yoxdur, bütöv Azərbaycan var. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı “Can” adlı təşkilatımızı qurduq. İdarə heyətimizdə Norveçdə böyümüş gənclər yer alır, böyüklərimiz də bizə dəstək olurlar.

- Bildiyim qədər, Bakıya budəfəki səfəriniz də elə bununla bağlıdır...

 

- Təəssüflər olsun ki, Norveç mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Bir azərbaycanlı olaraq hər zaman çalışıram ki, buna qarşı mübarizə aparım, Azərbaycanla Norveç arasında dostluq münasibətləri qurum. Bu məqsədlə də norveçli bir fotoqraf və bir blogeri Azərbaycana gətirdim. Azərbaycanla Norveç arasında keçmişə dayanan bir tarixi bağ var. Norveçin tanınmış tarixçisi Tur Heyerdal deyib ki, vikinqlərin tanrısı Qafqazlardan Skandinaviyaya köçüb. Biz də bu iki ölkənin mədəniyyətini birləşdirməyə çalışdıq. Azərbaycanlı model Elvin İsmayıla öz milli geyimimizi, Norveçdən gəlmiş qıza isə Norveç milli geyimini geyindirdik. Və Qobustanda, Şamaxıda, Atəşgahda, Yanardağda onların fotosessiyalarını etdik. Bu fotolarda Azərbaycanla Norveçin necə bir-birinə bənzədiyini də görəcəklər.

 

- İstədiyiniz nəticəni ala bildinizmi?

 

- Çəkilişi bitirmişik. Xərclərimizin müəyyən bir hissəsini Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Diaspora Dəstək Fondu qarşıladı. Buna görə onlara təşəkkür edirəm. Hazırda çalışırıq ki, həm Norveçdə, həm də Azərbaycanda bir sərgimiz baş tutsun.

 

- Modelyer olsanız da, sizi daha çox sülh səfirinə bənzədirəm. Gələcəkdə Şervini siyasi arenda görə bilərikmi?

 

- Atamın ən böyük arzusu olub ki, mən siyasətdə olum. Bütün işlərimdə, layihələrimdə məni dəstəkləsə də, bir xahiş etmişdi ki, Norveç siyasətində olum. Mən də çalışdım ki, əməl edəm. Norveç Bələdiyyə Şurasına seçilmiş ilk azərbaycanlı xanımam. Bu il də Norveçin iqtidar partiyasından bələdiyyə üzvlüyünə namizdəliyim irəli sürülüb. Ümid edirəm ki, nə atamı, nə də Azərbaycan xalqını utandıraram, qalib gələrəm.

 

- Bir azərbaycanlı oğlan sizə elçi düşsə, ailə qurmaq, Azərbaycanda yaşamaq təklif etsə, qəbul edərsinizmi?

 

- Təklifə isti baxaram. Norveçi də çox sevdiyimə baxmayaraq, gələcəkdə çox istərəm ki, Azərbaycanda, Türkiyədə yaşayım. Burada başqa bir istilik var, vətən mənə hər dəfəsində, sanki “can” deyir. Bəzilərinə qəribə gəlsə də, mən Azərbaycanda və Türkiyədə özümü öz evimdəki kimi hiss edirəm. Ola bilsin ki, bu, valideynlərimin aşıladığı Azərbaycan, türkçülük sevgisindən irəli gəlir. Xəyallarımda da görürəm ki, Azərbaycanda, Türkiyədə özümə həyat qurmuşam.   

- Siz həm də Azərbaycanı bəzi azərbaycanlılardan daha çox sevirsiniz, təbliğ edirsiniz. Və biz də sizi məhz bu sevgindən dolayı tanıdıq. Gözləmədiyimiz halda bir norveçli modelyerin dəfiləsinin şuarı “Mən evimə, Qarabağa getmək istəyirəm” oldu...

 

- Azərbaycanın həm dilinə, həm özünə olan sevgimə görə valideynlərimə minnətdaram. Təəssüflər olsun ki, xaricdə yaşayan bəzi azərbaycanlılar öz ana dilində danışa bilmirlər. Bizim ailə isə milli-mənəvi dəyərlərimizi hər zaman qorumağa çalışır. Mənə qədər bir modelyer Azərbaycanın milli-mənəvi dəyərlərini dünyada tanıtmayıb. Mən 2013-cü ildə ilk dəfə öz kolleksiyamı Türkiyəyə və Azərbaycana həsr etmişdim. İlk dəfiləmi “Dünyanın qəlbi İstanbulda atır” adlandırmışdım. Həmin kolleksiya üçün “Araz” adlı bir geyim hazırlamışdım. Arxası qara, önü mavi olan geyimi bir kəmər ortadan iki hissəyə bölmüşdü. Həmin geyimi də azərbaycanlı model Günay Musayeva geyinmişdi. O zaman bu geyim çox səs-küyə səbəb oldu. Orda da belə bir mesaj verdim ki, qaranlıqda qalmış bütün torpaqlarımız bir gün mütləq aydınlığa çıxacaq.

 

2014-cü ildə Bakıda da bir kolleksiyam nümayiş olundu, kolleksiyaya “Atropatena” adı vermişdim. Kolleksiyadakı geyimlər milli elementlərlə zəngin idi. Antalyada olan moda nümayişimlə isə insanlar məni daha yaxından tanıdılar. Oradakı şüarlar çox diqqət cəlb etdi.

 

- Qarabağla bağlı şüarlar kimin ideyası idi?

 

- Mən çox yaradıcı insanam, çalışıram ki, olmayan işləri ortaya qoyum. Moda nümayişindən, təxminən 7 ay öncədən düşünmüşdüm ki, dəfilənin adı “Mən bir ulduzam” olacaq. Və orada Azərbaycanın ərazi bütövlüyünü tərənnüm etməyi qarşıma məqsəd qoymuşdum. Həmin ərəfədə Ermənistanın Baş Naziri İrana səfər etdi və orada pankart açdılar ki, “Qarabağ ermənilərindir”. Mən bunu bir təhqir kimi qəbul etdim və buna səssiz qala bilmədim. Bu səbəbdən də böyük risk alaraq dəfiləmdə Qarabağla bağlı şüarlara yer ayırdım. “Antalya Fashion Week”in rəhbəri Eda xanım sağ olsun ki, bunu etmək üçün mənə icazə verdi. Moda nümayişimizin başlamasına bir saat qalanadək bundan heç kimin xəbəri olmadı. Çünki oradakı ermənilərin xəbərləri olsaydı, buna mane olmağa çalışardılar.

 

- Bilirəm ki, Azərbaycanla bağlı işlərinə görə, sizə çox təzyiqlər olur. Bezmirsiniz ki?

 

- Yox, mən bundan daha da həvəslənirəm. Əgər təzyiqlər varsa, deməli, daha çox iş görməliyəm. Ona görə səslənirəm ki, mənə dəstək olsunlar, əl-ələ verib Azərbaycanımızı daha layiqli şəkildə təmsil edək.

 

- Azərbaycandakı dostlarınızdan bu dəstəyi ala bilirsiniz?

 

- Azərbaycan mətbuatından mənə çox dəstək var. Ancaq, əslində daha çox başqalarından dəstək gözləyirəm. Ətrafımdakı tanınmış insanlar çox vaxt səssiz dururlar. Halbuki biz güclərimizi birləşdirsək, daha möhtəşəm işlər ortaya qoya bilərik.

 

- Azərbaycandakı modelyerlərdən hər hansı iş təklifləri olurmu?

 

- Daha çox dostluq əlaqələrimiz var. Gülnarə adlı bir xanım var, aksesuar dizayneridir. Onunla işbirliyimiz olub, mənə dəstək göstərib, dəfiləmdəki bütün baş aksesuarlarını o hazırlamışdı. Fəxriyyə xanım da yaxın dostumdur, mənə hər zaman dəstək olmağa çalışır.

 

- Cənubi Azərbaycana getmək, orada hər hansı işlər görmək arzunuz varmı?

 

- Ora getməyim qadağandır. Sonuncu dəfə 2007-ci ildə orda olmuşam. Onda da İran dövləti tərəfindən xeyli travmalar aldım. Yeganə arzum odur ki, orada da üçrəngli Azərbaycan bayrağı dalğalansın. Ancaq bundan sonra oraya getmək, işlər görmək barədə planlar quracağam.

- Həm şəxsi geyimlərinizdə, həm də dizayn etdiyiniz geyimlərdə ağ rəngə xüsusi önəm verirsiniz. Ağ rəng da dostluq, sülh, barış rəmzidir. Bəyaza üstünlük verməyiniz də burdan qaynaqlanır, yoxsa başqa səbəb var?

 

-  Ağ, əslində ana rəngdir. Həm də mən müəyyən stereotipləri pozmağı çox sevirəm. Kilolu qadınlar ağ rəng geyinə bilməz deyirlər, mən də çalışıram, göstərim ki, bu, belə deyil. İnsan özünə yaraşan nə varsa, geyinə bilər. Həmçinin sizin dediyiniz səbəbdən də ağ rəngə üstünlük verirəm.

 

- Bizim xanımlar necə geyinirlər?

 

- Azərbaycan qadınları çox gözəl, səviyyəli geyinirlər. Çox sevinirəm ki, Azərbaycan xanımları baxımlıdır, özlərinə diqqət edirlər. Qadın yerinə görə qlamur, səliqəli olmalıdır.

 

- Azərbaycanda elə model varmı ki, hələ dünya onu fəth etməyib?

 

- Bəli, var. Mənim ulduzum Şakir Əhmədzadə başda olmaqla, Günay Musayeva, Rüstəm Cəbrayılov moda sektorunda bizim uğurumuzdur. Hüseyn Cavadzadə “Miss & Mister Azerbaijan National Beauty Contest” keçirir ki, orada çox gözəl simalar var. Əminəm ki, bir gün onlar Azərbaycanı beynəlxaq platformada layiqincə təmsil edəcəklər. İnanıram ki, Azərbaycandan da yüzlərcə monika belluçilər çıxacaq.

 

- Siyasətdən başladıq, modaya qədər danışdıq. Sonda nə demək istərdiniz oxucularımıza, tamaşaçılarımıza?

 

- Çox istərdim ki, Azərbaycan lobbiçiliyi daha da güclənsin. Çünki Norveçdə erməni lobbiçiliyi güclüdür. Biz güclərimizi birləşdirib bunu bacararıq. Azərbaycanı təkcə siyasətlə deyil, moda dünyası ilə də tanıtdıra bilərik. Çox istərdim ki, Azərbaycana Avropadan daha çox turist gəlsin. Paris, İtaliya əvəzinə Azərbaycanı seçsinlər, kəşf etsinlər.

 

Müəllif: Rumiyyə Miraslan