Məktəbliyə təcavüz faktı üzrə çıxarılan hökm etirazlara səbəb olub: <font color=red> “Yenidən baxılsın”</font>

Cəmiyyət

18.08.2020 - 15:30

Vəkil: “İş əlavə araşdırılma üçün təkrar istintaqa göndərilməlidir”

 

Avqustun 14-də saytımızda “Rezonans doğuran qərara imza atan hakim danışdı: “Qanuni hökm çıxarmışam”” başlıqlı məqalə yayımlandı. Yazıda Lerik Rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyovun, 15 yaşlı qıza təcavüz etdiyinə görə, 60 yaşlı Səfayət Məmmədovu bir il müddətinə azadlıqdan məhrum etməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlardan bəhs olunurdu. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu maddəsinə görə zorlama dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Ancaq elə həmin məqalədə hakim Atabəy Kiçibəyovun özü sualımıza “Orada heç bir zorlamadan, təcavüzdən söhbət gedə bilməz, zorlama olmayıb”, - sözləri ilə cavab vermişdi.

 

Hakimin dediyinə görə, məhkəmə zamanı qızın özünün Səfayət Məmmədovla intim münasibət qurmağa razılıq verməsi bəlli olub: “Hökm bu il iyulun 30-da verilib. Cinayət Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən, on altı yaşına çatmamış şəxslə cinsi və ya digər cinsi xarakterli hərəkətlər etmək üç ilə qədər həbs cəzası ilə cəzalandırılır. Bu işdə yüngülləşdirici hallar da mövcud idi. Səfayət Məmmədovun 60 yaşı var. Özü də II qrup əlildir. Anasının I qrup əlilliyi var. Həyat yoldaşı da II qrup əlildir. Onlara yalnız Səfayət Məmmədov baxır. Bütün bu halları nəzərə alaraq, onu bir il müddətinə həbs cəzasına məhkum etdim. Mən yalnız qanun çərçivəsində hərəkət etmişəm”.

Kiçibəyov Atabəy Qələbəy oğlu - Lerik Rayon Məhkəməsi

Hadisənin izi ilə araşdırmaları davam edən AYNA-ya məlum olub ki, cinayətin qurbanı olan qız “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. Bu təşkilatın rəhbəri Mehriban Zeynalova əmədaşımızla söhbətində deyib ki, hazırda zərərçəkmiş suallarımızı cavablandırmaq iqtidarında deyil.

 

“Ancaq bilirəm ki, onun qohumları Lerik Rayon Məhkəməsinin qərarından işin əlavə istintaqa göndərilməsi tələbi ilə apellyasiya şikayəti verəcəklər. Hesab edirəm ki, qohumların şikayəti kifayət qədər haqlıdır. Axı təcavüzkar qurbana dərs deyib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, on altı yaşına çatmamış şəxslə cinsi xarakterli hərəkətlər yetkinlik yaşına çatmayanların tərbiyəsi üçün məsuliyyət daşıyan şəxslər tərəfindən törədilirsə, dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yeri gəlmişkən, əvvəlcə fakt üzrə cinayət işi Cinayət Məcəlləsinin 152.3-cü maddəsi ilə başlanmış, lakin sonradan 152.1-ci maddəyə dəyişdirilmişdi”, - Zeynalova bildirib.

 

İctimai Birlik rəhbərinin sözlərinə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olan müəllim daha sərt maddə ilə cinayət məsuliyyətinə cəlb edilmirsə, digər müəllimlər belə halların olacağı təqdirdə, cəmi bir il azadlıqdan məhrum ola biləcəklərini düşünə bilərlər: “Hesab edirəm ki, hakim Atabəy Kiçibəyov işi araşdırılması üçün əlavə istintaqa göndərməli idi. Yeri gəlmişkən, Səfayət Məmmədov zərərçəkənin qohumudur”.

 

Vəkil Elçin Sadıxov da M.Zeynalovanın fikirləri ilə razıdır. Onun AYNA-ya şərhinə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olan şəxs, həqiqətən onun müəllimi olubsa, o zaman həmin şəxs Cinayət Məcəlləsinin 152.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməlidir: “Bu iş əlavə araşdırma üçün istintaqa  göndərilməlidir. 152.1-ci maddə ilə Məmmədovun məsuliyyətə cəlb edilməsi səhv bir qərar idi”.

Müəllif: Rəşad Rüstəmov