Məktəbli yarmarkalarından əlinizi üzün

Cəmiyyət

12.09.2020 - 15:12

Rəsmi qurumlar hesab edir ki, yarmarkaların təşkili yoluxma təhlükəsi yarada bilər

 

Ümumtəhsil müəssissələrinin açılmasına bir neçə gün qalıb. Valideynləri narahat edən məsələlərdən biri uşaqlarınına məktəb ləvazimatlarını haradan alacaqları ilə bağlıdır. Təbii ki, məktəbə lazım olan bütün əşyaları eyni yerdən əldə etmək çətindir. Üstəlik, qiymətlər hər kəs üçün əlçatan deyil.

 

Bu mənada qabaqlar şəhərin müxtəlif ərazilərində təşkil olunan məktəbli yarmarkaları valideynlərin köməyinə çatırdı. Bu ilə onlar hələ də təşkil olunmayıb. Bəs, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Təhsil Nazirliyi (TN) bu haqda nə düşünür?

 

BŞİH-in mətbuat xidmətinin rəhbəri Mətin Hüseynovun AYNA-ya dediyinə görə, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar bu il məktəbli yarmarkalarının təşkili nəzərdə tutulmur: “Bununla bağlı yalnız Təhsil Nazirliyi qərar verə bilər. Biz də bunu mütəxəssilərin rəyi nəticəsində həyata keçiririk”.

 

“Əgər həmin yarmarkalar təşkil edilsə, böyük bir izdihamla qarşı-qarşıya olarıq. Bu da artıq yeni yoluxma sayının artmasına gətirib çıxara bilər”, - BŞİH rəsmisi bildirib.

 

TN-in mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da AYNA-ya açıqlamasında yarmarkalarının təşkilinin təhlükəli olduğunu deyib: “Əvvəllər Kənd Təsərrüfatı Nazirliyi də öz sahəsinə uyğun yarmarkalar təşkil edirdi həftəsonları. Amma indi  elə yarmarkalar təşkil olunmur. Üstəlik, iri ticarət mərkəzləri bağlıdır”.

 

“Böyük yarmarkaların təşkili böyük insan izdihamı deməkdir. Buna görə də indiki halda bunun həyata keçirilməsi məqsədəuyğun olmazdı”, - Valehov vurğulayıb.

Müəllif: Ülviyyə Şahin