“Maska tələbini saxlayın, lakin iş yerlərini açın”

Cəmiyyət

11.01.2021 - 22:53

Pandemiyadan dolayı təkcə işimizi itirmirik, daha betəri – aqressiv cəmiyyət formalaşır

 

Geridə qoyduğumuz 2020-ci ilin mart ayından bu günə kimi pandemiya şəraitində yaşayırıq. Koronavirus (COVID-19) infeksiyasının yayılmasından dolayı dünyada və Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur.

 

Ötən bir ilə yaxın müddətin əksər vaxtlarında restoranlar, ticarət mərkəzləri, müxtəlif ictimai iaşə obyektləri fəaliyyətini dayandırdı. Həmçinin, bir çox iş yerləri məsafədən fəaliyyətə keçdi, bəziləri isə növbəli iş rejimində xidmət göstərdi. Nəticədə xeyli sayda insan işini itirdi və ya onlayn iş rejimində çalışmaq məcburiyyətində qaldı.

 

Bütün bunların iki əsas təsiri var: maddi-sosial və psixoloji. İnsan nə qədər məhdudiyyətlərlə, qadağalarla, maddi sıxıntılarla üzləşərsə, onun psixoloji durumu da bir o qədər zədələnər.

<img alt="Boşanmaların artmasına səbəb erkən nikahlardır" -="" lalə="" mehralı="" |="" reaksiya"="" data-cke-saved-src="https://lh3.googleusercontent.com/proxy/F3G1ZvU1F7x6xyroyhQlIuz6P0Kqij_u8B_ueFjn-S1JteWV_5c6rQ3l-h7shPt-COg5KSTsUWWHog_sDiqBYyz2zRhxluVUwEM" src="https://lh3.googleusercontent.com/proxy/F3G1ZvU1F7x6xyroyhQlIuz6P0Kqij_u8B_ueFjn-S1JteWV_5c6rQ3l-h7shPt-COg5KSTsUWWHog_sDiqBYyz2zRhxluVUwEM">

Sosioloq Lalə Mehralı AYNA-ya deyib ki, ətrafımızda pandemiya səbəbi ilə işini, gəlir yerini itirmiş işsizlər ordusu görünür: “Vəziyyət getdikcə pisləşir. Kafelərdə, restoranlarda, sexlərdə və bu kimi əksər günəmuzd əməkhaqqı verən yerlərdə işləyənlər üçün pandemiya, karantin fəlakət deməkdir, işsiz qaldığı gündən etibarən yemək, kommunal, kirayə probleminin yaranacağı deməkdir. Necə ki, müşahidə edirik”.

 

“İnsanlar acdır, işsizdir, çətinlik çəkirlər. SMS-icazə sistemi tətbiq olunandan bəri nə qədər cərimələnən vətəndaş olub, ürək ağrısı ilə izləyirik... Bu insanlar evlərindən 10 manat gündəlik çörəkpulu üçün çıxır, tutub 200 manat cərimələyirlər ki, SMS-in 2 dəqiqə vaxtı keçib. Neyləsin bu adam? Evində çörək, yemək gözləyən körpəsi var, nə desin onlara?”, - sosioloq bildirib.

 

Mehralı hesab edir ki, iş yerləri açılmalıdır: “Maska tələbini qüvvədə saxlasınlar, sosial məsafəni qorumağı məcbur etsinlər, amma iş yerlərini açsınlar. Axı, hamı dövlət işində işləmir, maaşı aybaay hesablanmır. Tər töküb gündəlik qazanır çoxu, o imkanı da əllərindən alanda neyləməlidir? Valideynləri xəcalətli etməyin övladının yanında, şərait yaradın işləsin, ailəsinə baxsınlar. Əgər belə davam etsə, ciddi problemlər olacaq, həm ailələrdə, həm ümumi cəmiyyətdə. Evlərə qapanan insanların psixoloji vəziyyəti yaxşı deyil, boşanmalarla bağlı ciddi artım olacaq, evlilik sayı azalıb, demoqrafiq problem astanasındayıq”.

Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi işini yerinə yetirmir!”  – Psixoloq Fərqanə Mehmanqızı – Turkustan.info

Psixoloq Fərqanə Mehmanqızının da AYNA-ya şərhinə görə, mövcud qadağalar insanların psixologiyasına ciddi təsir edib: “İnsanlarda aqressiya yaranıb, xəstəliyə yoluxma qorxusundan panik atak, depressiya və bu kimi digər psixoloji pozuntular meydana çıxıb. Toplumun psixologiyası bu gün aqressiyaya meyillidir. Üstəlik, müharibə şəraiti və şəhidlərimizin olması insanların həyatını dəyişdi, onlara həyatın başqa bir üzünü göstərdi”.

 

“Bütün dünyada olduğu kimi bizim də toplumda böyük travmalar yaradıb. İnanırıq ki, dövlət proqramları tətbiq edilərək, bu cür travmalar aradan qaldırılacaq. Mütləq şəkildə reabilitasiya kursları, seminarlar və s. təşkil olunmalıdır ki, yardıma ehtiyacı olan şəxslər bu travmalardan qurtulsunlar. “Yellə gələn sellə gedər” misalına sığınaraq deyim, ümidim var ki, 2021-ci ildə bu bəla bitər və hər kəs normal həyatına geri dönər”, - psixoloq bildirib.

Müəllif: Təranə Xudabaxşiyeva