“Alyans Rusiyanın təhdidlərindən qorxmur və Ukraynanın qələbəsini təmin etmək üçün hər şeyi edəcək”
“Rusiyanın NATO-nu qorxutmaq taktikası işləməyəcək. Çünki Alyans Rusiyanın təhdidlərindən qorxmur və Ukraynanın qələbəsini təmin etmək üçün hər şeyi edəcək”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri NATO-nun yeni baş katibi Mark Rutte deyib.
“Rusiya Prezidenti Vladimir Putinə mesaj ondan ibarətdir ki, biz onun məqsədlərinə çatmayacağına və Ukraynanın qalib gəlməsinə əmin olmaq üçün lazım olan hər şeyi etməyə davam edəcəyik”, - Rutte vurğulayıb.
NATO-nun baş katibi həmçinin vurğulayıb ki, NATO hücum yox, müdafiə ittifaqıdır: “Biz NATO ərazisindən kənarda hər hansı digər ölkənin ərazisini ələ keçirməkdə maraqlı deyilik. Demokratik ittifaq, dünya tarixinin ən güclü ittifaqı, 1 milyard insana xidmət edən bir ittifaq olaraq biz istənilən təhlükə ilə üzləşməyə hazırıq”.
Bundan əvvəl Rutte bəyan etmişdi ki, Ukrayna NATO-ya üzv olmalıdır, çünki onsuz Avropada davamlı təhlükəsizliyə nail olmaq mümkün deyil. Rutte Alyansın baş katibi kimi bu məsələni prioritetlərindən biri adlandırıb.