Məhkəmə noyabrın 15-də keçiriləcək
Noyabrın 15-də Avropa İttifaqı (Aİ) Məhkəməsi Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin Amerikanın “Pfizer” şirkətindən koronavirus peyvəndinin alınması üçün müqavilələr bağlayarkən yol verdiyi mümkün pozuntularla bağlı işə baxacaq. AYNA xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, “The New York Times” AK-yə qarşı iddia qaldırıb. Amerika qəzetinin yazdığına görə, 2021-ci ildə fon der Leyen Aİ ölkələrinin əvvəlcədən razılığı olmadan “Pfizer” şirkətinin baş direktoru Albert Bourla ilə SMD yazışmaları vasitəsilə sınaqları hələ tamamlanmamış peyvəndin alınması üçün müqavilə bağlayıb. Söhbət ümumilikdə 35 milyard avroya 1,8 milyard doza “Pfizer” peyvəndinin alınması ilə bağlı sövdələşmədən gedir. Sonra AK SMS vasitəsilə “Pfizer” ilə müqavilələrin müzakirəsini təsdiqləyib, lakin yazışmaların özünü dərc etməkdən qəti şəkildə imtina edib.
İddialara görə, yazışmalar "səhvən silinib". Bununla əlaqədar “The New York Times” məhkəməyə müraciət etmək qərarına gəlib.
“Financial Times”ın məlumatına görə, məhkəmə AK nümayəndələrindən bu yazışmaların olub-olmadığını izah etməyi xahiş edəcək. Yazışmaların məhv edilib-edilməməsi məsələsinin də məhkəmə tərəfindən sorğu-sual ediləcəyi gözlənilir. Qəzetin yazdığına görə, fon der Lyayenin rəhbərliyi ilə AK-nın törətdiyi mümkün pozuntularla bağlı işə adətən yüksək ictimai əhəmiyyət kəsb edən işlərə həvalə edilən 15 hakimdən ibarət palata baxacaq.