Lənkəranda turist daşıyan avtobusun qəzaya uğramasının bəzi detalları məlum olub
Lənkəranda turist daşıyan avtobusun qəzaya uğramasının bəzi detalları məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub.
İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb.
Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
TƏBİB-dən bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.
Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir.
Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.