“Ankara dünya ticarəti üçün mühüm tranzit nöqtəsinə çevriləcək Zəngəzur dəhlizi layihəsinin tezliklə həyata keçirilməsinə ümid edir”
“Zəngəzur dəhlizi təkcə region ölkələri üçün deyil, digər qeyri-regional dövlətlər üçün də əməkdaşlıq və təhlükəsizlik dəhlizinə çevriləcək”. AYNA xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş bu gün Ankarada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Ankara dünya ticarəti üçün mühüm tranzit nöqtəsinə çevriləcək Zəngəzur dəhlizi layihəsinin tezliklə həyata keçirilməsinə ümid edir. Biz bu layihə çərçivəsində Azərbaycana hərtərəfli dəstək verməyə davam edəcəyik”, - spiker qeyd edib.
Kurtulmuşun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması təkcə Türkiyə və Azərbaycanın deyil, bütün region ölkələrinin maraqlarına cavab verir: “Ümid edirik ki, Zəngəzur dəhlizi sülh dəhlizinə çevriləcək. Türkiyə və Azərbaycan regionda sülh və sabitliyə nail olmaq üçün hər cür səy göstərirlər”.