Yanğın nəticəsində ev sahibinə təxminən 70 min manat maddi ziyan dəyib
Kürdəmirdə fərdi yaşayış evində partlayış baş verib, ev tamamilə yanaraq külə dönüb. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonunun Çölqubalı kəndində qeydə alınıb. İlkin ehtimallara əsasən, partlayışa qaz sızması səbəb olub.
Kənd sakini Məmmədov Elnur Eyyub oğluna məxsus ümumi sahəsi 250 kvadratmetr olan, ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsində partlayışdan sonra güclü yanğın baş verib. Nəticədə evin 185 kvadratmetrlik hissəsi – 3 otaq və zal tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Ev sahibinin sözlərinə görə, yanğın nəticəsində ona təxminən 70 min manat maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.