Kritik qərar ərəfəsində: hələlik pıçıltılar dolaşır

Dünya

30.11.2023 - 10:17

Deputat: “ABŞ və müttəfiqlərinin Ukraynaya yardımı dayandıracağı gözlənilən idi”

Politoloq: “Rusiya SSRİ-nin taleyini yaşayacaq, Qərb geri çəkilməyəcək”

Almaniyanın məşhur “Bild” qəzeti Berlin və Vaşinqtonda Ukraynanın Rusiya ilə danışıqlara məcbur edilməsinə dair planlar hazırlandığını iddia edib. Nəşr yazır ki, Litvanın xarici işlər naziri Gabrielus Landsbergis ehtimal olunan planlardan narahatlığını ifadə edib.

Qeyd edək ki, bundan öncə Ağ Evin əsas təbliğat ruporlarından olan “Foreign Affairs” nəşri də ABŞ-ın Ukraynaya dəstəkdən imtina edəcəyini, artıq buna ehtiyac olmadığını, bu kontekstdə Bayden administrasiyasında ciddi müzakirələrin aparıldığını açıqlamışdı. Nəşrin məlumatına görə, ABŞ Ukrayna və onun avropalı tərəfdaşları ilə atəşkəsə əsaslanan strategiya üzərində məsləhətləşmələrə başlayacaq.

Beynəlxalq analitiklər gələn il Amerikada keçiriləcək seçkilərdə hazırda şansları yüksək qiymətləndirilən keçmiş Prezident Donald Trampın qələbəsini əngəlləmək, seçkilərə qədər Rusiya-Ukrayna müharibəsini başa çatırmaq üçün belə bir addımın atılacağını bəyan edirlər. Onların sözlərinə görə, enerji asılılığı səbəbindən bəzi Avropa dövlətləri də ABŞ-ın təşəbbüsünü dəstəkləyir.

Məlumdur ki, 2022-ci ilin fevral ayından başlanan və bu günə qədər tam şiddəti ilə davam edən Rusiya-Ukrayna müharibəsi zamanı paytaxt Kiyev də daxil olmaqla böyük şəhərlər, qəsəblər və kəndlər ciddi dağıntılara məruz qalıb. Milyonlarla ukraynalı isə mühacirətə üz tutub.

Yüzminlərlə hərbçinin və mülki şəxsin öldüyü bu müharibənin hansı sonluqla bitəcəyi dünya çapında ciddi maraqla izlənilir. Hər kəsi düşündürən sual da budur: ABŞ Ukraynanı qurban verəcək, yoxsa Rusiyanı təslimçi sülhə məcbur edəcək?

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, ABŞ və müttəfiqlərinin Ukraynaya yardımı dayandıracağı gözlənilən idi: “Bununla bağlı beynəlxalq analitiklər uzun müddət idi müxtəlif proqnozlar irəli sürürdülər. Ötən iki ilə yaxın müddət ərzində ABŞ və Qərb Ukraynaya hərbi və iqtisadi dəstək nümayiş etdirdi. Lakin bu, uzun müddət belə davam edə bilməzdi. Çünki Rusiya da kifayət qədər böyük dövlətdir və onu sarsıtmaq elə də asan məsələ deyil. Bunu okeanın o tayında da, Avropanın özündə də başa düşürlər”.

“Hesab edirəm ki, ABŞ və Qərbin məqsədi Rusiyanı kifayət qədər zəiflətmək idi ki, müəyyən mənada buna nail oldular. Rusiyanı faktiki olaraq Avropanın qaz bazarından uzaqlaşdırdılar. İqtisadi embarqolarla şimal qonşumuzu beynəlxalq iqtisadi proseslərdən kənarda qoydular. Bütün bunlara nail oldular və hazırkı şəraitdə Amerikanın geri çəkilməsi, Ukraynanı sülhə məcbur etməsi gözləniləndir. Bu mənada Qərb nəşrlərində iddia olunan məqamlarla razılaşıram. Yəqin ki, yaxın aylarda bu, baş verəcək”, - deyə həmsöhbətimiz bildirib.

Deputat əmindir ki, bu müharibədən nə Rusiya, nə də Ukrayna qalib çıxacaq: “Məlumdur ki, ABŞ və müttəfiqləri regionda sabitliyi pozmağa, bölgəni öz nəzarətinə almağa çalışır. Biz bunu Ukraynanın, Gürcüstanın və digər dövlətlərin timsalında aydın gördük. Ölkələri müharibəyə qızışdırır, toqquşduur və öz maraqlarını həyata keçirirlər. Bu, dünya, habelə bütün region dövlətləri üçün dərs olmalıdır”.

“Burada bir məqamı da qeyd edim ki, cənab Prezident İlham Əliyevin məntiqli, rasional və praqmatik siyasəti nəticəsində biz bütün bu təhlükələrdən xilas ola bildik. Nəinki regional konfilktlərin mərkəzinə çevrildik, əksinə, beynəlxalq münasibətlər sisteminin gərgin olduğu bir şəraitdə, 30 ildir işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdik. Bütün bunlar bir daha göstərir ki, regionda beynəlxalq maraqların toqquşduğu bir şəraitdə Azərbaycan xalqı hamılıqla cənab Prezident İlham Əliyevin yanında olmalı və onun apardığı siyasəti dəstəkləməlidir. Yeganə nicatımız da məhz bundadır”, - deyə Məhəməliyev vurğulayıb.

ABŞ-ın Ukraynanı yarıyolda qoyacağı barədə iddiaları AYNA-ya şərh edən politoloq Xəqani Cəfərli isə fərqli düşünür. Onun fikrincə, hətta Bayden istəsə belə, Ukraynaya dəstəyi dayandıra bilməyəcək: “İddiaların məzmunu ondan ibarətdir ki, ABŞ-dakı seçkilər öncəsi Bayden adminitrasiyası Ukrayna müharibəsini bitirmək istəyir. Eləcə də Respublikaçıların əsas namizədi, keçmiş Prezident Donald Tramp da Ukrayna müharibəsinin başa çatmasını tələb edir”.

“Lakin bir məqam var ki, ABŞ və Qərb ölkələrində dövlət başçısının iradəsi heç də hər şeyi həll etmir. Hesab edirəm ki, bu informasiyalar şişirdilib və müəyyən qüvvələrin maraqlarına xidmət edir”, - deyə analitik söyləyib.

Onun sözlərinə görə, Ukraynaya dəstəyin nəinki azaldılması, əksinə, artırılması istiqamətində ciddi müzakirələr gedir: “ABŞ-da və Avropada da başa düşürlər ki, Ukraynanı yarıyolda qoymaq Qərnbin reputasiyasını ciddi şəkildə zədələyəcək və anti-Qərb koalisiyasının güclənməsinə gətirib çıxaracaq. ABŞ və Qərbin buna gedəcəyi, belə bir ehtimalla razılaşacağı qətiyyən inandırıcı deyil”.

Cəfərli hesab edir ki, Rusiyanın çöküşü qısa müddət ərzində və sürətli formada baş verəcək: “Rusiya cəmiyyəti elə bir cəmiyyətdir ki, orada baş verəcək prosesləri əvvəlcədən birmənalı şəkildə proqnozlaşdırmaq mümkün deyil. SSRİ-nin də çöküşü belə olmuşdu. Gözlənilməz bir şəraitdə proseslər o qədər sürətlə inkişaf etdi ki, Sovet İttifaqı kimi nəhəng imperiya çökdü. Hesab edirəm ki, Rusiyanın çöküşü də məhz belə olacaq. Buna isə çox qalmayıb”.

Müəllif: Azər Niftiyev