Kremlin “bioloji kozır”ı və postsovet ölkələri üçün həyəcan siqnalı

Dünya

12.03.2022 - 19:10

Həqiqətən də, Rusiyanı ağılla başa düşmək mümkün deyil

Söz yox ki, Rusiya bu gün Qərbə ifrat dərəcədə nifrət siyasəti aparır (ancaq bu düşmənçilik hissi qarşılıqlıdır), xüsusən də Ukraynadakı hərbi əməliyyatlar fonunda. Kremlin Ukraynada apardığı müharibə kollektiv Qərb tərəfindən Rusiyaya qarşı sərt və görünməmiş maliyyə və iqtisadi sanksiyalara səbəb olub.

Nəticədə bumeranq effekti işə düşdü: ABŞ və onun avropalı müttəfiqləri Rusiya hakimiyyətinin açıq nifrəti ilə üzləşdi - bu, hətta ötən əsrin “soyuq müharibə”sinin ən ağır günlərində də belə olmamışdı.

Amma diqqətçəkən məqam başqadır: “şəxsi düşmənçiliyə” baxmayaraq, Moskva Kiyevə qarşı Vaşinqtonun Yaxın Şərqdə – İraq, Liviya, Suriya, Əfqanıstanda tətbiq etdiyi eyni taktikadan istifadə edir. Kobud desək, Putin əslində Amerikanın əvvəlki prezidentlərinin tələbəsi və təqlidçisidir: ata və oğul Buş, Klinton, Obama, Tramp.

Məsələn, Corc Buşun dövründə ABŞ və müttəfiqləri Səddam Hüseyn rejimini devirmək üçün xarici ölkəyə - İraqa soxulmuşdu. Hər halda rəsmi versiya belə səslənirdi. Bəli, Səddam Hüseyn tiran, diktator olsun, amma İraq monastırına Amerikanın öz “demokratik” nizamnaməsi ilə müdaxilə etmək beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Yeri gəlmişkən, hərbi müdaxiləyə səbəb kimi Səddam Hüseynin anbarlarında kimyəvi və bioloji silahların olması göstərilirdi. Düzdür, bir ildən sonra Vaşinqton İraqda kimyəvi-bioloji silahların olmadığını bəyan etdi, amma Səddamın qatarı artıq getmişdi.

Və bu gün Rusiya Ukraynanı məhz eyni şəkildə - “demokratik” məram ilə (bu, gülünc olardı) olmasa da, oxşar bəhanə ilə işğal etməyə çalışır: Zelenskinin “neonasist rejimini” devirmək və “əsarət altında əzilən” Ukrayna xalqına azadlıq vermək. Düzdür, bu plagiat bəhanəni Qərb qəbul etmədi. Və Ukraynaya qarşı təcavüzü tezislə əsaslandırmağa çalışan Solovyov, Norkin, Şeynin, Skabeyeva və siyasi bordellərin başqa daimi üzvləri olan bəzi rus “ekspertlərinin” bütün cəhdləri (“Niyə ABŞ-a olar, amma Rusiyaya yox?” bəhanəsi) sərt reallıqla qarşılaşdı. Birləşmiş Ştatlar açıq şəkildə bildirdi ki, “Yupiterə icazə verilən şey öküzə icazə verilmir”.

Sonra Rusiya yenidən Amerika ssenarisini təkrarlamaq qərarına gəldi (uğursuz da olsa) və qolundan “bioloji” kozırı çıxartdı. Belə çıxır ki, ukraynalı “nasistlər” nəinki öz xalqına işgəncə veriblər, həm də bioloji silahlar hazırlayıblar. Hər halda, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov belə deyir.

Konaşenkovun sözlərinə görə, “xüsusi əməliyyat” zamanı ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən, Ukraynada həyata keçirilən hərbi bioloji proqramın izlərinin təcili təmizlənməsi faktları aşkarlanıb. Deyilənlərə sübut olaraq Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna Səhiyyə Nazirliyinin Poltava və Xarkov bioloji laboratoriyalarında patogenlərin və məhvetmə aktlarının məhv edilməsi barədə təlimatını təqdim edib.

"Alınan sənədlər təsdiq edir ki, bioloji silah komponentlərinin hazırlanması Rusiya ərazisinə yaxın Ukrayna biolaboratoriyalarında həyata keçirilib", - deyə Konaşenkov bildirib.

Öz növbəsində, Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayaraq, "Ukraynanın bioloji silahların hazırlanması ilə məşğul olmadığını" açıqlayıb: “Ukrayna Səhiyyə Nazirliyi “ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən hərbi bioloji proqramın izlərinin təcili təmizlənməsi” və “xüsusi təhlükəli patogenlərin məhv edilməsi” ilə bağlı məlumatları təkzib edir, Ukrayna ərazisində heç bir Amerika laboratoriyası yoxdur”.

"Ukraynadakı bütün laboratoriya qurğuları vahid ümumi funksiyanı yerinə yetirir - əhəmiyyətli epidemik potensiala və/və ya beynəlxalq əhəmiyyətə malik olan və beynəlxalq sağlamlıq qaydalarına uyğun tənzimlənməyə tabe olan yoluxucu xəstəliklərin patogenlərinin göstəricisi və identifikasiyası", - deyə nazirlik vurğulanıb.

Bu arada, İsrailin “Details” saytı Rusiya Müdafiə Nazirliyinin biosilahın inkişafının sübutu olduğunu iddia etdiyi sənədləri təsdiqləyib və saxlayıb. “Onlardan biri guya Ukrayna Səhiyyə Nazirliyi tərəfindən verilmiş “bioloji patogen agentlərin” məhv edilməsi üzrə standart təlimatdır. Sənədin üzərində nömrə, imza, qeydiyyat nömrəsi və ya dövlət qurumlarının hər hansı möhürü yoxdur. Standart sənəddə "Hərbi fövqəladə hallar" halında nümunələrin avtoklavda zərərsizləşdirilməsi və ya dezinfeksiyaedici maddələrin tətbiqi təklif olunur”, - nəşr bildirir.

Qeyd olunur ki, digər iki sənəddə - nümunələrin məhv edilməsi aktlarında - həkimlərin imzaları var: “Lakin bunlar “gizli laboratoriyaların” deyil, Ukrayna Səhiyyə Nazirliyinin Xarkov və Poltava Regional Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzlərinin laboratoriyalarının sənədləridir”.

Yeri gəlmişkən, bəzi MDB ölkələrində guya bioloji silahların hazırlandığı laboratoriyalar barədə söhbətlər uzun müddətdir ki, gedir. Belə ki, hələ 2018-ci ildə Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov bildirmişdi ki, Azərbaycan, Ukrayna və Özbəkistanda Pentaqonun nəzarətində olan laboratoriyaların yenidən qurulması davam edir.

Kirillovun iddiasına görə, laboratoriyaların prioriteti yoluxucu xəstəliklər haqqında məlumat toplamaq və tərkibində patogen mikroorqanizmlərin ştamları, o cümlədən peyvəndlərin qoruyucu təsirinə qalib gələn və antibiotiklərə davamlı olan milli kolleksiyaları ixrac etməkdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə bəyan edib ki, Azərbaycan ərazisində başqa dövlətin nəzarətində olan heç bir laboratoriya yoxdur və yenidənqurmadan söhbət gedə bilməz.

Ancaq üç il sonra, 2021-ci ildə “Rospotrebnadzor”un keçmiş rəhbəri, Dövlət Dumasının deputatı, epidemioloq Gennadi Onişenko yenidən bildirdi ki, keçmiş SSRİ respublikalarının ərazisində Amerika bioloji laboratoriyaları yaranmağa başlayıb: “Onların fəaliyyəti ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir. Belə obyektlər hazırda Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Moldova, Özbəkistan və Ukraynada fəaliyyət göstərir”.

Biolaboratoriyalar məsələsində Rusiyanın reallığı olduqca qəribə qavradığını görürük. Axı biolaboratoriyaların olması heç də o demək deyil ki, onlarda bioloji silahlar hazırlanır. Bu, təxminən eyni misala bəznəyir: Ermənistanda Metsamor AES var, bu, o deməkdir ki, bu ölkədə nüvə silahı hazırlanır. Deməli, Tyütçev haqlı idi: "Rusiyanı ağılla başa düşmək olmaz".

P.S. Bəziləri üçün bu, konspirologiya nəzəriyyəsi kimi görünəcək, lakin Rusiyanın “bioloji kozır”ı digər postsovet ölkələri üçün də həyəcanverici siqnaldır. Və ola bilsin ki, sabah Onişşenkonun yuxarıda qeyd etdiyi ölkələr də “planetin sanitarı”nın – Rusiyanın hədəfinə gələ bilər. Ukrayna müharibəsi göstərdi ki, istənilən fantaziya reallığa çevrilə bilər.

Müəllif: Fed Bakinski