Kremlin Allaha qarşı savaşı

Dünya

24.07.2023 - 10:23

Rus pravoslavlığının alnındakı bu ləkə heç vaxt silinməyəcək

Odessa şəhərinin əsas ziyarətgahını və mənəvi qəlbini - Spaso-Preobrajenski Kafedral kilsəsini dağıdan Rusiya rejiminin raket hücumunu vandalizm aktı və terror aktından başqa bir şey adlandırmaq olmaz. Necə ki, gecə atəş əmri verənləri də, əmri yerinə yetirənləri də pravoslav xristian hesab etmək mümkün deyil. Qəlbində Allah sevgisi olan insan əsrlərdən bəri mövcud olan ziyarətgahları, Tanrı evlərini hansı dinə mənsub olursa olsun, dağıda bilməz.

Amma təəssüflər olsun ki, totalitar rejimi bərpa etmək xülyasını əziz tutan mübariz ateistlər öz sələfləri - bolşeviklər kimi çoxdan arzuladıqları məqsədə gedən yolda hətta Allah evinin dağıdılmasından da çəkinmirlər. Təcavüzkar faşizm onların dininə çevrildi, onların Ukraynaya, xalqına qarşı açdıqları çirkin və qəddar müharibə mənəviyyata, əxlaqa, hətta Allaha qarşı müharibəyə çevrildi. Bu gecə rus qəsbkarları Allahı, hər şeydən əvvəl qəlblərində, ürəklərində gülləbaran etdilər.

Odessadakı əsas pravoslav kilsəsi, raket hücumu nəticəsində ciddi ziyan dəymiş Ukrayna Pravoslav Kilsəsinin Müqəddəs Spaso-Preobrajenski Kafedral kilsəsi, təbii ki, yenidən qurulacaq, bərpa olunacaq və yenidən dindarların ziyarət yerinə çevriləcək. Ancaq rus pravoslavlığı heç vaxt bu utanc ləkədən yuyulmayacaq.

Kilsəyə edilən hücum, digər şeylərlə yanaşı bütün həftə ən müqəddəs olanı - Afrikanın aclıqdan ölən xalqları üçün nəzərdə tutulmuş çörəyi, taxılı amansızcasına məhv edən rus qoşununun daha bir vəhşiliyinin kulminasiya nöqtəsi idi. Afrika ölkələrinin liderləri, yeri gəlmişkən, bu gün Rusiya liderinə dözmək məcburiyyətində qalan yeganə şəxslərdir.

Ukrayna Prezidenti Volodimir Zelenski dinc şəhərlərə, yaşayış binalarına və kilsələrə raket zərbələrini “əsassız şər” adlandırıb. Bəs Rusiya Müdafiə Nazirliyi? Bəli, həmişə olduğu kimi, Odessadakı məbədi vurmadıqlarını bildirdilər. Məlum olub ki, onlar “Rusiyaya qarşı terror aktları hazırlandığı obyektlərə, habelə xarici muzdluların toplandığı yerlərə dəqiq silahlarla zərbələr endiriblər”. Yəni, yaxınlıqdakı evlərdə yaşayan 22 mülki şəxs arasından yaralanan dörd uşaq da əcnəbi muzdlular olub. Sərhədsiz sinizmdir.

Eyni vəhşiliklə Azərbaycanın işğal olunmuş ərazilərindəki müsəlman ziyarətgahları otuz il ərzində dağıdılıb, təhqir olunub. Onlar erməni işğalçıları tərəfindən tövlə kimi istifadə olunurdu. Belə ki, 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş Ağdam Cümə məscidi dağıdılıb talan edilib, sonradan donuzlar üçün tövlə kimi istifadə olunub.

Rəsmi məlumatlara görə, vaxtilə işğal olunmuş ərazilərdə 403 tarixi və dini abidə var ki, onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. 67 müsəlman məscidindən 63-ü (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8 və daha 8 Laçında) tamamilə dağıdılıb, dörd məscid qismən dağıdılıb.

Necə ki, nasistlər pravoslav kilsələrini dağıdırdılar, sonradan Allah evləri bolşevik hakimiyyətinin repressiyalarına və dağıdılmasına məruz qalıb. İndi də bolşevik Rusiyasının varisləri SSRİ-2 şəhvəti ilə xəyal quraraq, 1794-cü ildə əsası qoyulmuş, 1808-ci ildən fəaliyyətə başlayan Müqəddəs Spaso-Preobrajenski Kafedral kilsəsinə hücuma keçiblər.

İndiki rus rejiminin sələfləri onu bir dəfə, 1936-cı ildə dağıdıblar. Ancaq 2000-ci illərdə məbəd tamamilə bərpa edilib. Yeri gəlmişkən, 2010-cu ildə Ukraynanın işğalına xeyir-dua verən Patriarx Kirill tərəfindən xeyir-dua verilərək açılıb. Görünür, Rəbb onun duasını qəbul etməyib.

Tarix təkrarlanır. Müqəddəs Spaso-Preobrajenski Kafedral kilsəsi yenidən dağıdılır. Amma gələcəkdə, bərpadan sonra, şükür ki, Moskva Patriarxı tərəfindən deyil, Ukrayna Patriarxının xeyir-duası ilə açılacaq.

Yeri gəlmişkən, İtaliyanın Baş naziri Corciya Meloni dağılmış kilsənin bərpasına kömək etməyə hazır olduğunu bildirib.

Müəllif: Mira Həsənova