“Kreml təxribat zonasını Ermənistan-Azərbaycan sərhədindən Qarabağa daşıyıb”

Aktual

16.03.2023 - 18:21

Ərəstun Oruclu: “Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq üçün Qərb ayrıca format yarada bilər”

Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin martın 5-də Xəlfəli-Turşsu-Xankəndi yolunda törətdiyi təxribat nəticəsində yaranan insident bölgədə gərgin situasiyadan xəbər verir. Separatçı ünsürlərin davranışları, təxribat cəhdləri Azərbaycan Ordusunun antiterror əməliyyatına başlayacağı barədə ehtimalları artırmaqdadır. Erməni mediası yazır ki, Azərbaycan aprel ayında Qarabağda hərbi əməliyyatlara başlayacaq. Qarabağdakı qondarma separatçı qurumun “rəhbərliyinin” sığınacaqlardakı vəziyyəti yoxlaması haqqında məlumatlar da onu göstərir ki, gərginlik yaxın zamanlarda yüksələ bilər.

Onu da qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə keçirdiyi mətbuat konfransında yeni eskalasiya riskinin yüksək olduğunu bəyan edib. Paşinyanın sülh müqaviləsi ilə bağlı fikirlərindən isə görünən odur ki, yaxınlarda sazişin imzalanması gözlənilmir. Çünki Baş nazir fundamental problemlərin olduğunu söyləyir və prosesin ağır getdiyinə işarə vurur.

Qarabağ ətrafında baş verən proseslərlə bağlı AYNA-nın suallarını “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib ki, bölgədə eskalasiyanın əlamətləri görünür:

- İstər erməni, istər də Azərbaycan mediasında baş verən proseslərin təhlili göstərir ki, bu risk yüksəkdir. Gərginlik Ermənistan-Azərbaycan sərhədində yox, Qarabağın dağlıq hissəsinə keçib. Bu da onunla əlaqədardır ki, artıq dəqiqləşməmiş sərhədin Ermənistan hissəsində beynəlxalq müşahidəçilər var. Gərginliyi iki dövlətin sərhədində yaratmaq əlverişli deyil, çünki Avropa müşahidə missiyasının orada olması gərginlik yaradan tərəfin əleyhinə addım atılmasına səbəb olacaq. Söhbət sanksiyalardan gedir. Antiterror əməliyyatlarının keçiriləcəyi barədə çoxlu yazılır, həm də erməni yox, daha çox bizim mediada səsləndirilir. Biz tez-tez “antiterror əməliyyatı keçirilməlidir” kimi çağırışları eşidirik. Bu çağırışların səbəbi nədir – bu, başqa məsələdir.

- Martın 5-də erməni separatçıları Xəlfəli-Turşsu-Xankəndi yolunda təxribat törətdilər və insident baş verdi. Bundan sonra biz görürük ki, gərginlik artan xətlə inkişaf edir. Azərbaycan tərəfi yenə də bu yoldan separatçıların Rusiya hərbi kontingentinin himayəsi ilə silah-sursat daşımağa cəhd etdiklərini bildirir. Sizcə, əsas gərginlik nöqtəsi buradırmı?

- Əlbəttə, xeyr. Bəyanatlardan görünür ki, əsas gərginlik nöqtələrindən biri olaraq Xəlfəli yolu qalmaqdadır. Amma istisna etmirəm ki, bölgədə digər məntəqələrdə də gərginlik, insident baş verə bilər. İnsident Ağdam istiqamətində də, Kəlbəcər istiqamətində də, Şuşa istiqamətində də, eyni zamanda, ətrafında bu gün onsuz da gərginlik yaşanan Laçın yolunda da baş verə bilər. Yəni ki, potensial gərginlik nöqtələri kifayət qədər genişdir. Bu nöqtələrin də süni şəkildə yaradılmasında ilk növbədə, Rusiya maraqlıdır. Rusiya iki ölkə arasında sülh prosesində maraqlı deyil. Rusiya belə gərginliyi, təxribatı əvvəl Ermənistan-Azərbaycan sərhədində yaradırdı. Avropa müşahidə missiyası Ermənistan ərazisində yerləşdikdən sonra Rusiya bu gərginlik nöqtələrini Qarabağın dağlıq hissəsinə keçirdi.

Belə insidentlərin baş verəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Mən mediaya dəfələrlə demişdim ki, gərginlik mərkəzi bundan sonra erməni əhalinin yaşadığı Azərbaycanın ərazilərinə köçürüləcək. Unutmaq olmaz ki, həmin bölgə Rusiyanın himayəsində olan qanunsuz erməni silahlı birləşmələrinin və Rusiyanın “sülhməramlı” qüvvələrinin nəzarətindədir. Erməni separatçılarının müttəfiqi Rusiyadır və qeyri-qanunu silahlı erməniləri təxribata sövq edən də Rusiyadır.

- Ümumiyyətlə, Rusiya nə istəyir və bölgədə niyə gərginlik olmasında maraqlıdır?

- Rusiyanın birinci məqsədi konflikti tam nəzarətində saxlamaq, ikinci məqsədi isə təhlükəsizliyi təmin etmək adı ilə bölgəyə əlavə hərbi qüvvə yeritməkdir. Rusiya hər vasitə ilə nümayiş etdirməyə çalışır ki, Qarabağın dağlıq hissəsində baş verən insidentlərin qarşısını almağa onun bölgədəki “sülhməramlılarının” guya gücü çatmır, əlavə qüvvəyə ehtiyac var. Bölgəyə əlavə hərbi qüvvə yeritmək üçün isə, əlbəttə, ciddi arqument lazımdır. Bu arqumenti də Rusiya təxribat yolu ilə yaratmağa çalışır. Bu ehtimal özünü doğruldarsa, o zaman böyük təxribatlar hələ qarşıdadır. Dinc əhalinin, hətta “sülhməramlılar” arasında itkilərlə müşahidə olunan daha böyük təxribat mümkündür. Rusiyanın məqsədi bölgəni tam nəzarətində saxlamaq və gələcək geosiyasi planları həyata keçirməkdir. Bunun üçün əlavə qüvvələrə mütləq ehtiyac var. Məsələn, Gümrüdəki hərbi bazadan qüvvələri bölgəyə yeritmək ehtimalı var.

- Paşinyan açıqlamasında bildirdi ki, sülhlə bağlı irəliləyişlər əldə olunduqca, ortaya fundamental problemlər çıxır. Ermənistan Baş naziri fundamental problemlər dedikdə nələri nəzərdə tutur?

- Paşinyan güman ki, Qarabağdakı separatçı rejimi sülh prosesinə cəlb etmək istəyir. İrəvan danışıqlarda iki erməni, bir Azərbaycan tərəfi formatına nail olmağa cəhd göstərir. Başqa fundamental məsələlər nə ola bilər ki?! Azərbaycanla Ermənistan arasında sərhəd məsələsidir ki, bu, delimitasiya və demarkasiyadır, başqa məsələ yoxdur. Və nəhayət, sülh müqaviləsinin imzalanmasıdır. “Fundamental məsələ” dedikdə, Ermənistan tərəfi hər zaman Qarabağdakı ermənilərin guya təhlükə altında olduqlarını, onların mövcudluğunun təhlükədə olduğunu iddia edir. Yəqin ki, Paşinyan buna eyham vurur. Söhbət yəni separatçıları tərəf kimi masaya gətirmək istəyindən gedir.

- Paşinyan həmçinin bildirdi ki, Brüssel formatına ABŞ və Almaniyanı da daxil etmək olar. Sizcə, bu, Minsk Qrupunu dirçəltmək cəhdidir?

- Danışıqlar prosesinə Almaniyanın aktiv qoşulması cəhdini görürük. Məlumdur ki, əvvəl Paşinyan, sonra ilə İlham Əliyev Almaniyada səfərdə oldu. Müzakirələrdə əsas mövzu isə şübhəsiz ki, Ermənistan-Azərbaycan konfliktidir. ABŞ, Rusiya prosesin içərisindədir. Görünən odur ki, başqa ad altında Minsk Qrupunun həmsədrlər formatının bərpasına cəhdlər göstərilir. Bu format başqa ad altında ola bilər, amma mahiyyətcə heç nə dəyişmir.

Düzdür, indiki Qərb-Rusiya gərginliyi fonunda bu, mümkünsüz görünür. Amma biz dəfələrlə görmüşük ki, Qərb və Rusiya bütün zidiyyətlərə baxmayaraq, Cənubi Qafqaz bölgəsində, xüsusilə də Azərbaycana münasibətində necəsə ortaq maraqlar tapırlar, uzlaşırlar. Mən bu dəfə də ortaq maraqları tapa biləcəklərini istisna etmirəm. Onu da istisna etmirəm ki, Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq üçün Qərb ayrıca format yarada bilər. Fransanın bu formatda iştirakı baş tutmadı, görünür indi Avropa Birliyini təmsil etmək hüququ anlaşma ilə Almaniyaya verilib. Hesab edirəm ki, Minsk Qrupunu başqa ad altında bərpa etmək təhlükəsi var. Əgər bu, baş verərsə, yekun həlli uzun müddət gözləmək lazım olacaq.

Müəllif: Anar Bayramoğlu