Koronavirus təhlükəsinə qarşı məktəblər bağlanacaqmı – <font color=red> Təhsil Nazirliyindən cavab</font>

Cəmiyyət

27.02.2020 - 14:00

“İstər dünya təcrübəsində, istərsə də respublikamızda müəyyən fövqəladə vəziyyətlərlə bağlı belə hallara yol verilib və bundan sonra da yol verilə biləcəyi istisna deyil”

 

“Azərbaycanda koronavirus yoxdur”. Bu gün rəsmi açıqlamalarda ən çox əminliklə səslənən fikir budur. Buna baxmayaraq, xüsusən paytaxtda şayiələrin yayılması insanlarda təşviş yaradır. Gərginlik hər nədən olursa olsun, cəmiyyətdə təklif kimi ortaya çıxan məsələlərdən biri, mart ayının ilk 2 həftəsi ərzində (Novruz bayramından sonraya qədər) təhsil öcaqlarının müvəqqəti bağlanmasıdır.

 

Təhsil eksperti Nadir İsrafilov AYNA-ya şərhində deyib ki, hazırda məktəblərin bağlanması o qədər də real görünmür: “Bununla yanaşı, qeyd edim ki, istər dünya təcrübəsində, istərsə də respublikamızda müəyyən fövqəladə vəziyyətlərlə bağlı belə hallara yol verilib və bundan sonra da yol verilə biləcəyi istisna olunmur. Düzdür, bir sıra ölkələr koronavirus təhlükəsi ilə bağlı belə addımı atıb. Bizdə isə real vəziyyət təhlükədən daha çox panika xarakteri daşıyır, yoluxma halı hələ ki, rəsmi qeydiyyata alınmayıb”.

 

“Bir də biz indidən məktəbləri bağlasaq, Novruz bayramından sonra nələr baş verəcəyini haradan bilə bilərik?! Əgər belə bir addım atmaq zərurəti yaransa, bunu ilk növbədə ali məktəblərdən başlamaq lazımdır. Çünki bizdə xeyli sayda xarici tələbə var və ayrı-ayrı universitetlərimiz xarici ölkələrlə müəyyən əməkdaşlıq mübadilələri həyata keçirir. Hələ ki, orta ümumtəhsil məktəblərimizdə normal davamiyyəti təmin etmək üçün profilaktik maarifləndirmə işləri və digər zəruri sayıla biləcək müvafiq tədbirlər həyata keçirilməlidir”, - deyə ekspert bildirib.

Raminə Eyvazqızı