Könüllü peyvəndə hazır və razısınızmı – <font color=red> Vətəndaşlar tərəddüddə</font>

Cəmiyyət

25.12.2020 - 13:17

Koronavirusa qarşı vaksinlərin vurulmasının tərəfdarı olanlar da var, əleyhinə çıxanlar da

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı dedi ki, yeni ilin əvvəllərindən başlayaraq koronavirusa qarşı vaksinin könüllü olaraq vurulmasına başlanılacaq. Maraqlıdır, vətəndaşlar könüllü olaraq koronavirusa qarşı vaksinin vurulmasına razıdırlarmı? AYNA bu məqsədlə sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Beləliklə:

 

Ülviyyə Quliyeva: “Vurdurmayacam. Çünki nə inanıram, nə də güvənirəm”.

 

Günel Məmmədova: “Vaksin vurduracam. Vaksin vurdurmaq koronavirusa yoluxmaqdan yaxşıdır”.

 

Rumiyyə Miraslan: “İmtina edəcəm. Yoluxmayanları da vaksinlə öldürmək istəyirlər? Vaksin COVID üçün yox, qrip üçündür. Zatən, immuniteti aşağı olan insanlara hansı ağılla vaksin vuracaqlar, onu anlaya bilmirəm. Soyqırımına hazırlaşırlar?”

 

Gülşən Şərif: “Görəsən, koronaya tutulmuşlara da vaksin lazımdır? Axı, artıq bu xəstəliyi keçiriblər”.

 

Xəyal Həsənov: “Mənə görə, bu vaksini vurdurmaq vacibdir”.

 

Savalan Talıblı: “Heç bir halda heç kimə zor tətbiq edilə bilməz. Bu, qanuna ziddir. Vaksini də kütləvi şəkildə vurmurlar. İnsan orqanizmi fərqli olduğu üçün vaksini qəbul etməyə bilər”.

 

Müşfiq Qədirov: “Hansı səhiyyə bu vaksinləri bizə vuracaq?! Necə vuracaq? Adi poliklinikada sahə həkimi yoxdur yaralı barmağa yod sürtməyə, o ki qala, vaksin vuracaqları peşəkarlar ola”.

 

Xanoğlan Heydərov: “Axırıncı dəfə nə zaman iynə vurdurduğumu, dərman atdığımı xatırlamıram. Təbii ki, imtina edecəm”.

 

Fəridə Aslanova: “Biz labarotoriya dovşanları deyilik ki, vaksini üstümüzdə sınaqdan keçirələr. Bir xəstəlik ki, elm tərəfindən tam öyrənilməyib, hələ də üstündə baş sındırırlar, mən necə o vaksinlərə inanım?! Peyvənd məsələsi çox ciddi mövzdur. Düzdür, bu üsulla vaxtı ilə bir çox xəstəliklərin kökünü tamamilə kəsiblər. Amma söhbət koronavirusun vaksinindən gedirsə, şəxsən mən risk etmərəm”.

 

Aqil Rəhimov: “Şübhə ilə yanaşıram. Vaksindən xəstəlik keçməsə, yaxşıdır”.

 

Könül Əlizdə: “Heç bir qanunda məcburiyyət yoxdur, amma bu qanunu elə tətbiq edəcəklər ki, mütləq hamı vaksin vurdursun, könüllü də olsa, elə şərtlər qoyacaqlar ki, vaksin üçün özümüz yalvaracığıq”.

 

Cavid Qara: “Mənə vurmağa razı olsalar, çox sevinərəm. Amma öncə valideynlərim və onlardan da öncə daha yüksək risk qrupu insanlar var”.

 

İsmayıl Əhməd: “Nə Ümumdünya Səhiyyə Təşkilatına inanıram, nə Səhiyyə Nazirliyinə, nə də Təbibə”.

 

Nurlan Cəfəri: “İynədən qorxuram, yataq xəstəsi olanda belə, məcbur qalsam da, vurdurmuram. Vurduran deyiləm”.

 

Aysel Sultanova: “Hazırda mövcud vaksinlərdən heç biri lazımi sınaqlardan keçməyib, bunun üçun kifayət qədər vaxt keçməyib heç. Ona görə tez-tələsik hazırlanan bir preparatı qəbul edə bilmərəm. Zaman keçsin, araşdırmalar aparılsın, sonra vaksin vurdurarıq”.

 

Aynur Cavid: “Vurduracam. Palaza bürün, elnən sürün. Hamı öləcəksə, mən də ölüm, qalacaqsa, mən də qalım”.

 

Elnur Mədətoğlu: “Məncə, birinci səhiyyəmizə yaxşı bir vaksin vurmaq lazımdır. Onun vəziyyəti korona xəstələrindən pisdir. Səhiyyəmiz düzəlsə, insanlarımız öz-özünə sağalacaq, vaksinə ehtiyac olmayacaq”.

 

Elnurə Abuşova: “İmtina edəcəm, çünki güvənmirəm”.

Müəllif: Təranə Xudabaxşiyeva