Konstitusiya Məhkəməsində özəlləşdirmə çekləri barədə müzakirə gedir: “Oktyabrın sonunadək...”

İqtisadiyyat

19.09.2023 - 11:52

Həkimlər Klinikalar SEO Xidməti

Vəkil: "Konstitusiya Məhkəməsindən müsbət qərar gözləmək haqqımız və ümidimizdir"

Özəlləşdirmə çekləri ilə bağlı şikayətçi olan vətəndaşların hüquqi nümayəndəsi, vəkil Mübariz Yolçuyev Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərovla görüşüb.

Xatırladaq ki, bir müddət öncə əllərində özəlləşdirmə çekləri qalan müharibə veteranları və təqaüdçülər hüquqlarının bərpa olunması və özəlləşdirmə çekləri ilə bağlı qərarın yenidən araşdırılması üçün Konstitusiya Məhkəməsinə şikayət məktubu göndərmişdilər. Müraciətdə qeyd olunurdu ki, "Qiymətlər kağızlar haqqında" Qanunda qiymətli kağızlar üçün müddət nəzərdə tutulmayıb. Bundan başqa, imzalanan fərmanda və qanunvericilikdə özəlləşdirmə çeklərinin qiymətli dövlət kağızı olması qeyd olunub.

AYNA-nın xəbərinə görə, şikayətçilərin vəkili M.Yolçuyev bildirib ki, A.Cəfərovla görüş çərçivəsində vətəndaşların narazılıqlarını və tələblərini şöbə müdirinin diqqətinə çatdırıb: "Görüş zamanı qeyd etdim ki, özəlləşdirmə çeki sahibləri tərəfindən Prezident Aparatına, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə də müraciət olunub. Artıq 4 aydan çoxdur ki, vətəndaşların şikayət məktubu Konstitusiya Məhkəməsinə də daxil olub. Lakin bu günə kimi Konstitusiya Məhkəməsi tərəfindən rəsmi cavab bildirilməyib”.

“Anar Cəfərov prosedur qaydaları barədə məlumat verdikdən sonra bu prosesin diqqətlə və ən yüksək səviyyədə araşdırıldığını, müzakirələrin davam etdiyini bildirdi. O qeyd etdi ki, oktyabr ayının sonuna kimi bu məsələ ilə bağlı qərarın qəbul olunacağı gözlənilir. Ona görə də düşünürəm ki, vətəndaşlarımız səbirlə gözləməlidir. Konstitusiya Məhkəməsinin müsbət qərar gözləmək haqqımız və ümidimizdir", - vəkil vurğulayıb.

Qeyd edək ki, özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz:

Müəllif: Ayna.az