“Köhnələr”, “yenilər” və köhnəlməyən korrupsiya

İqtisadiyyat

14.03.2023 - 18:05

Deputat: “Köhnə idarəçilik metodu ilə çalışanlar korrupsiya azarından qurtula bilmirlər”

İqtisadçı: “Elə bir sistem qurublar ki, camaat süründürməçilikdən qurtulmaq üçün rüşvət vermək istəyir

Vəzifəli şəxslərin öz mövqeyindən, təmsil etdiyi qurumun statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan sui-istifadə etməklə qanunsuz olaraq maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi günümüzün aktual problemlərindən biridir. Dünyanın inkişaf etmiş ölkələrində iş adamları, ixtiraçılar sərvət sahibləri olduğu halda, Azərbaycanın əsas zənginlər ordusu məmur oliqarxiyasıdır. Vəziyyət o qədər dözülməz xarakter alıb ki, dövlət başçısının özü də dəfələrlə korrupsioner məmurlara xəbərdarlıq edib.

Prezident İlham Əliyevin son çıxışından sitat: “Mən məmurlara şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün məmurlar məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları çox ciddi fəaliyyət göstərməli və tamamilə şəffaf vəziyyət yaradılmalıdır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vahid Əhmədov mövzuya dair AYNA-ya açıqlamasıbda deyib ki, son illər korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində müəyyən addımlar atılır: “Ən əsası odur ki, ortada çox ciddi siyasi iradə var. Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında və müsahibələrində bildirib ki, rüşvətxorluğa və korrupsiyaya yol verən məmurlar ciddi şəkildə cəzalandırılacaqlar. Son prezident seçkilərindən sonra keçirilən inauqurasiya mərasimi zamanı ölkədə çox ciddi dəyişikliklərin baş verəcəyini bəyan edib. Ötən dövr ərzində kompleks islahatlar aparılıb. Bu islahatlar nəticəsində hakimiyyət qolları yenilənib. Gənc və peşəkar kadrlar yüksək dövlət vəzifələrinə təyin edilib. Onların bir qismi etimadı doğrultmasa da, əksəriyyəti vicdanla çalışır. Bunu etiraf etmək lazımdır. Korrupsiya elə bir bəladır ki, qısa müddətə ondan qurtulmaq mümkün deyil”.

Deputatın bildirdiyinə görə, Azərbaycanda ən çox korrupsiyaya məruz qalan sahə tikinti sahəsidir: “Bununla yanaşı bir çox sahələr də var ki, orada da korrupsiya geniş yayılıb. Hesab edirəm ki, onların adlarını sadalamaq yox, kompleks mübarizə tədbirləri barədə düşünmək lazımdır. Ələlxüsus, köhnə idarəçilik metodu ilə çalışanlar rüşvət və korrupsiya azarından qurtula bilmirlər. Nəticədə cinayət başında yaxalanır və azadlıqdan məhrum olurlar. Lakin bu da onları dayandırmır”.

“Hesab edirəm ki, son dövrlər yürüdülən dövlət siyasəti korrupsiya və rüşvətxorluğun qarşısının alınmasına xidmət edir. Artıq müsbət nəticələr müşahidə olunur. Lakin tam mənada bunu aradan qaldırmaq üçün zamana ehtiyac var. Bütün dünya ölkələri korrupsiyadan əziyyət çəkir. İnanıram ki, yaxın gələcəkdə bu istiqamətdə əhəmiyyətli dəyişikliklərin şahidi olacağıq”, - deyə Əhmədov vurğulayıb.

Sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli AYNA-ya şərhində söyləyib ki, Azərbaycanda korrupsiya geniş şəkildə vüsət alıb və əksər sahələri əhatə edir: “Gömrükdən tutmuş tikintiyə, təhsildən tutmuş səhiyyəyə qədər bütün sahələrdə rüşvət və korrupsiya faktları mövcuddur. Bu günə qədər korrupsiyaya qarşı mübarizə tədbirləri kontekstində müxtəlif sərəncam və qərarlar verilsə də, ciddi nəticəsi olmayıb. Bunun da əsas səbəbi odur ki, Azərbaycanda buna qarşı dayanan ciddi qüvvə mövcuddur. Bu qüvvənin adı məmur oliqarxiyasıdır. Onlar vəzifə təyinatlarından biznes fəalyiyətinə qədər hər yerə əl qoymağa çalışırlar. Hesab edirlər ki, ölkədə hər şey onlara məxsusdur və talamaqda davam edirlər”.

“Korrupsiya ittihamı ilə bi sıra məmurlar da həbsə göndərilib. Lakin bu da problemin qarşısını almayıb. Heç şübhəsiz ki, vəzifələrə tanışları, qohumları təyin edəndə korrupsiya, rüşvətxorluq da çiçəklənəcək. Məmur oliqraxiyası Rəqabət Məcəlləsinin qəbul edilməsinə belə, imkan vermir. Hər vəchlə buna mane olurlar. Hansı ki, bu məcəllə qəbul edilsə belə, Azərbaycanda normal sahibkarlıq mühitinin formalaşacağı gözlənilmir. Rəsmi sənədin qəbul olunmasına da imkan vermirlər”, - deyə müsahibimiz bildirib.

Mütəxəssisin sözlərinə görə, əksər qurumlar korrupsiyaya bulaşsa da, bəziləri daha çox fərqlənir: “Misal üçün, gömrükdə və yol polisi sistemində korrupsiya və rüşvətxorluq tüğyan edir. Ən adi sənədi almaq üçün vətəndaşlar süründürməçiliyə salınır. Elə mühit yaradıblar ki, insanlar özləri süründürməçiliyə məruz qalmamaq üçün rüşvət vermək istəyirlər. Bununla da əhalini rüşvət verməyə təhrik edirlər”.

“Yerli idarəetmə orqanları haqqında isə haqqında danışmağa dəyməz. İcra başçıları “şah”, “xan” statusu ilə özlərinə səltənət toplayırlar. Vəzifəyə təyin olunan şəxs ilk növbədə öz ətrafını formalaşdırır. Bu zaman da əsas diqqət qohumluq, tayfabazlıq, keçmiş münasibətlər prinsipinə söykənir. Belə bir şəraitdə hansı inkişafdan danışmaq olar?! Gənc kadrlarla bağlı cəmiyyətdə müəyyən gözləntilər olsa da, onların da çoxu etimadı doğrultmadı və sələflərinin yolu ilə getdi”, - deyə Bəydəmirli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev