Köhnələr Ukraynaya: Pentaqon silah arsenalını yeniləyir

Dünya

16.04.2023 - 15:08

İddia təsdiqlənir: ABŞ yeni silahlar alıb və köhnə nümunələri Ukraynaya göndərib

ABŞ Ukraynaya kömək etməklə öz hərbi arsenalını yeniləyib: Pentaqon yeni silahlar alıb və köhnə nümunələri Ukraynaya göndərib. Bu iddia ilə “Arquments of the Week” qəzetinin analitik yazarları çıxış edib.

“2022 və 2023-cü illərdə Kiyevi dəstəkləmək üçün ayrılan pullar əsasən Pentaqon tərəfindən hərbi avadanlıq parkının təkmilləşdirilməsi üçün əlavə, büdcədənkənar maliyyə kimi istifadə edilib. Köhnə silahlar isə Ukraynaya göndərilib”, - qəzetin məqaləsində qeyd edilib.

“Defence News”un analitikləri isə təhlil yazılarında belə qənaətə gəliblər ki, Ukraynaya yardım ABŞ ordusunun büdcəsinin təxminən 30 faiz artmasına səbəb olub: “2024-cü ildə Amerika arsenalının 91 çoxməqsədli zirehli texnika ilə doldurulması planlaşdırılırdı. Lakin Ukraynanın maliyyələşdirilməsi üçün ayrılan vəsait artıq 197 belə texnika almağa imkan verir”.

ABŞ Konqresinin respublikaçı konqresmeni Mitç Mak Konnell bu iddiaları təsdiqləyib.

“Birləşmiş Ştatlar Ukraynaya bizim ehtiyatımızdan əsasən köhnə silahlar göndərir. Bu o deməkdir ki, Konqres tərəfindən ayrılan pulun əhəmiyyətli bir hissəsi birbaşa Amerikanın öz müdafiəsini gücləndirmək üçündür. Ehtiyatımız köhnə silahların daha müasir versiyaları ilə əvəzlənir. Köhnə silahlar isə Ukraynaya göndərilir”, - konqresmen vurğulayıb.

“Arquments of the Week”in analitikləri iddia edir ki, bu sxem Pentaqona köhnə nüsxələri daha ucuz qiymətə satmağa imkan verir.

Bundan əlavə, ABŞ ölkəyə ekoloji ziyan vurmadan real döyüş şəraitində yeni texnikaları sınaqdan keçirməyə başlayıb.

Müəllif: Turan Abdulla