Zelenski Azərbaycana Ukraynaya humanitar yardımlarına görə təşəkkür edib
İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
AYNA xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıldı, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edildi. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Respublikasının Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirdi və bunun çox yüksək qiymətləndirildiyini dedi.
Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olundu.