Sabir Rüstəmxanlı: "Hakimiyyətdəkilər xalqın Primakovla bağlı etirazını nəzərə almalıdırlar"
Yevgeni Primakov - 1990-cı ildə Azərbaycanda törədilmiş 20 Yanvar qırğınının müəlliflərindən biri kimi tanıdığımız ermənipərəst siyasətçi. Bir neçə gündür ki, bu ad Azərbaycan cəmiyyətinin dilindən düşmür, sosial şəbəkələrdə müzakirə olunur, ictimai-siyasi şəxslər ondan danışır, media Primakovdan yazır. Üstəlik, Bakının düz mərkəzində Primakovun 90 illiyi münsaibətilə sərgi təşkil olunur, universitetlərin birində onun şərəfinə müsabiqə keçirilir.
Deputat Araz Əlizadə və onun kimi bir neçə ictimai şəxs isə Primakovun ermənipərəst siyasətçi olması ilə bağlı səsləndirilən fikilərlərə qarşı çıxdı. A.Əlizadə iddia etdi ki, 20 Yanvar hadisələrinin baş verməsində Yevgeni Primakovun heç bir rolu olmayıb: “Əksinə, o, Bakıya gəlib Xalq Cəbhəsinin liderlərinə demişdi ki, “camaatı küçələrdən yığın, qan töküləcək”. Həmin qətliamın sifarişçiləri Xalq Cəbhəsinin liderləri, Qorbaçov və Azərbaycan Kommunist Partiyasının "maymaq" rəhbərləri idi”.
Maraqlıdır, Araz Əlizadə və onun kimi düşünənlər nə qədər haqlıdırlar? Bu sualımıza həmin dövrün canlı şahidi olmuş, həmçinin Xalq Hərəkatının liderlərindən biri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə AYNA tutmağa çalışdıq.
S.Rüstəmxanlı bildirdi ki, təkcə Primakov yox, həm o vaxtkı Siyasi Büro üzvləri, həm də sovet ordusunun rəhbərləri - bir nəfər istisna olmadan, bütövlükdə Azərbaycan xalqının qarşısında günahkardırlar: “1990-cı ilin yanvarında hamısının əli azərbaycanlıların qanına batıb. Belə olmasaydı, oradakılardan biri durub etiraz edərdi ki, ordunu Bakıya yeritməyək və yaxud hadisədən sonra etiraf edərdilər, ancaq heç biri bunu etmədi. Primakov isə birbaşa o vaxt SSRİ-nin ideoloji cəbhəsinə başçılıq edənlərdən biriydi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri idi. O bilmirdi ki, Bakıya ordu yeridilir?”
“Ayın 15-i, ya da 16-da Elmira Qafarova məni həbsxanada qaldırılmış üsyanı sakitləşdirmək üçün çağırmışdı. Otağındaykən təsadüfən masanın üstündə bir kağız gördüm. O, otaqdan çıxanda fürsətdən istifadə edib kağızı açdım və gördüm ki, ordunun Bakıya yeridilməsi haqqında Qorbaçovun sərəncamıdır. Və özü də qol çəkib kağıza, təkcə tarix yeri isə boş idi. Yəni 5-6 gün əvvəlcədən rəhbərliyimiz bilirdi ki, ordu Bakıya yeridiləcək, bircə tarixi bəlli deyildi, onu da yəqin ki, telefonda deyəcəkdilər”, - deyə müsahibimiz əlavə etdi.
VHP sədrinin sözlərinə görə, o vaxt Azərbaycan rəhbərliyi də, Primakov da, SSRİ rəhbərliyi də bilirdi ki, Azərbaycan xalqını diz çökdürmək, qorxutmaq üçün ordunu şəhərə yeridəcəklər: “Bəhanə də o idi ki, Xalq Hərəkatı güclüdür, SSRİ-yə qarşı çıxırlar, SSRİ-ni yıxmağa çalışırlar, İranla sərhədi açırlar, Xalq Cəhbəsi silahlanır və burada hökumət xalqın tələblərinə cavab vermədiyinə görə devrilə bilər. Və Primakov bütün bu proseslərin içində idi. İndi necə oldu ki, Primakov birdən-birə bu qədər əziz oldu, qiymətə mindi? Əgər belədirsə, o zaman Bakıda Qorbaçovun da yubileyini qeyd etsinlər, Yazovu, o vaxt Siyasi Büroda olanları da yad etsinlər, yubileylərini keçirsinlər. Heydər Əliyevə qarşı çıxan, onun Moskvada işləməsinə mane olan Büro üzvləri var ki, onların da yavaş-yavaş yubileyini keçirsinlər”.
“Nə oldu ki, bunlar birdən-birə əziz oldular, qiymətə mindilər? Torpaqlarımız işğalda ola-ola, Rusiya pasportu daşıyan ermənilər dəstə-dəstə Azərbaycana gətirilir, Qarabağın işğalında əli olanlar yavaş-yavaş Azərbaycana ayaq açırlar. Rusiyada yaşayan ermənilər Qarabağda savaşan ermənilərə yarım etmirdilərmi? Bu gün başda Rusiyanın Xarici İşlər naziri olmaqla, Rusiyada yaşayan erməni diasporu Ermənistana yardım etmirmi? Onlar, axı həmişə ermənilərin arxasında dayanıblar, kömək ediblər. İndi nə oldu ki, yenidən erməni sevgisi baş qaldırdı, Azərbaycan düşmənlərinə olan sevgi alovlandı? Filipp Kirkorovun müğənni dədəsi Bedros Bolqarıstanda diz çöküb, göz yaşıyla “Artsax” haqqında mahnı oxuyur. Oğlunu isə ailəsiylə birlikdə təntənəli şəkildə Bakıya gətirirlər, böyük konsert salonlarını doldururlar. Hansı ki, həmin salonları doldurmaq üçün ancaq hökumət işə qarışmalıdır”, - deyə S.Rüstəmxanlı bildirdi.
"Ermənilər dəstə ilə Bakıya gəlirlər və şəhərin mərkəzində öz qalibiyyətlərinə mahnılar oxuyurlar, özümüzü də təhqir edirlər. Bu, nə erməni aşiqliyidir? Belə ideologiya olmaz, milləti belə aşağılamaq olmaz. Millətin düşmənlərini belə böyütmək, başımıza çıxarmaq olmaz. Bu, necə siyasətdir, başa düşə bilmirəm! Millətin qəzəbindən bu qədərmi qorxmurlar? Üstəlik Azərbaycanla Türkiyəni düşmən etmək istəyirlər. Araz Əlizadə tez-tez belə çıxışlar edir. Dünyada onun kimi ikinci səfeh adam tanımıram ki, ata-anasını bu qədər söydürsün. O, bir söz deyir, özündə söyülməli bir şey olmadığına görə, camaat yarım ay ata-anasını söyür. Hansı ki, atası abırlı kişiydi, mənim də dekanım olmuşdu. Bir oğul dədəsini niyə bu qədər söydürməlidir?! Otursun yerində, bilmədiyi şeylərə burnunu soxmasın”, - o vurğuladı.
Sabir Rüstəmxanlı A.Əlizadənin məlum fikrinə də aydınlıq gətirdi: “20 Yanvar qırğınının sifarişçisi Xalq Cəbhəsi ola bilməzdi, bu, gülünc söhbətdir. Primakovun Xalq Cəbhəsində kiminləsə əlaqəsi olduğunu dəqiq deyə bilmirəm, amma inanmıram ki, belə bir şey olsun. Primakov da, onun yanındakılar da gəlib Azərbaycanda TV-də, radioda çıxış edirdilər ki, guya, "ordu Bakıya girməyəcək, Bakının yanından keçib Qarabağa və cənub sərhədlərinə keçəcək, arxayın olun". Millətin başının altına yastıq qoya-qoya Bakıda qətliam törətdilər, millətə qarşı düşmənçilik yaşandı. Azərbaycan Xalq Cəbhəsi liderləri belə şey edə bilməzdilər, axı. Bu, nə yalandır? Həmçinin ondan bir az əvvəl Araz Əlizadə özü də, qardaşı da Azərbaycan Xalq Cəbhəsi rəhbərliyində var idi”.
Xalq şairinin fikrincə, Primakovla bağlı atılan addımlar təxribatdır: “Hakimiyyətdə Primakovun tərəfdarı olan, onu sevən, müəyyən bağlarla bağlanan bəzi adamlar ola bilər. Bu da dövlətin ümumi mövqeyi kimi qəbul oluna bilməz. Ona görə də hakimiyyətdəkilər xalqın Primakovla bağlı etirazını nəzərə almalıdırlar. İndiki gərgin vaxtda ölkənin min dərdi, problemi var, düşmən torpağımızı işğal edib, insanlar aqressivləşib, bir-birini söyür, təhqir edir, milləti toparlamaq əvəzinə millətin içinə düşmənçilik toxumu səpilib, üstəlik Primakovu da gətirib ortaya atırlar. Nə baş verir, bu, nə deməkdir? Düşünürəm ki, bu, dövlətə qarşı təxribatdır və hakimiyyətin özünə ziyandır. Hakimiyyət belə şeylərin qarşısını qətiyyətlə almalıdır”.