“Kaşaqan” neftinin Aktau-Bakı marşrutu ilə ilk nəqlinə başlanılıb

İqtisadiyyat

20.03.2023 - 18:49

Neftin daşınması “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib

Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb. Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib.

ASCO-dan AYNA-ya verilən məlumata görə, ilk partiyada tankerin anbarlarına ümumilikdə 6 min 900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal” terminalına çatdıracaq.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ümumi yükgötürmə qabiliyyəti 7 min 800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.

Müəllif: Ayna.az