Kartof qəhətə çıxır, çünki...

İqtisadiyyat

06.04.2023 - 14:01

İstehsalı artır, idxaldan asılılıq isə bitmir

Belarusdan Azərbaycana kartof idxalına qadağa qoyulub. Buna səbəb Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adıçəkilən ölkədən gətirilən kartof məhsullarına fitosanitar baxış keçirilməsi və həmin məhsulların müvafiq standartlara cavab verməməsidir. Agentliyin açıqlamasında bildirilir ki, Belarus Respublikasından idxal edilən ərzaqlıq kartof məhsullarında 44 halda kartof yumrularında halqavari bakterial çürümə və 1 halda kartofun qonur çürümə bakteriyası aşkar edilib.

Belarus ixracatçılarına məxsus ərzaqlıq kartof məhsullarında aşkar olunan uyğunsuzluqlardan isə 14-ü “Совхоз Доброволец”, 5-i “Восход”, 3-ü “Царево”, 3-ü isə “Машпищепрод” şirkətlərinə aid olub. Faktla bağlı AQTA tərəfindən Belarus Respublikasının Kənd Təsərrüfatı və Qida Nazirliyinə bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib.

Qeyd edək ki, kartof qida rasionunda vacib yer tutur və bu tərəvəzi “ikinci çörək” adlandırırlar. Rəsmi məlumatlara görə, Azərbaycanda kartof istehsalı ölkə tələbatını iki dəfə üstələyir. Amma buna baxmayaraq, Azərbaycana Belarusdan, İrandan və digər ölkələrdən kartof idxal olunur. Bunun da əsas səbəbi fermerlərin ərsəyə gətirdikləri kartofun saxlanma şəraitinin olmaması ilə bağlıdır. Məhz elə bu səbəbdən də mövsüm zamanı məhsul bolluğu qeydə alınsa da, qeyri-mövsüm dövründə idxaldan asılı vəziyyətə düşürük.

“Agromix” şirkətinin direktoru, aqrar sahə üzrə ekspert Gülpəri Bayramova mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, kartof strateji məhsuldur və kök yumrularının tərkibində insan orqanizmi üçün zəngin bioloji aktiv maddələr var: “Kartofun mineral tərkibi çox zəngindir. Onun tərkibində kalium duzları digər meyvə və tərəvəzlərdən təxminən iki dəfə artıqdır. Bundan əlavə kartof sümüklər üçün zəruri olan fosfor və kalsium ilə zəngindir”.

“Qida rasionumuzda önəmli yer tutan kartof istehsalı mövcud tələbatdan çox olsa da, hələ də idxaldan asılılığı aradan qaldıra bilmirik. Bunun da əsas səbəbi saxlanma şəraitinin olmaması ilə bağlıdır. Tədarük olunan bəzi kənd məhsulları, eləcə də kartof, xüsusi saxlanma şəraiti tələb edir. İllərdir aqrar ekspertlər müvafiq saxlanma anbarlarının sayının artırılması təşəbbüsü ilə çıxış etsələr də, bu məsələ öz həllini tapmır. Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət yetirilsə də, təəssüf ki, məhsulların saxlanılması üçün münbit şərait yoxdur. Hansı ki, dünya təcrübəsində meyvə-tərəvəz məhsullarının saxlanılmasına onun becərilməsi qədər xüsusi önəm verilir”, - deyə həmsöhbətimiz bildirib.

Ekspertin sözlərinə görə, qonşu ölkələrdə meyvə-tərəvəz məhsulları soyuducu anbarlarda qorunub saxlanılır: “Misal üçün, Türkiyə və İranın təcrübəsində bunu görürük. Məhz elə bu səbəbdəndir ki, adıçəkilən ölkələr daxili tələbatı ödəməklə yanaşı, xarici bazarlara da məhsul ixrac edirlər. Onlarda məhsulların qorunması məqsədilə “Smart-5” tipli soyuduculardan istifadə edilir. Azərbaycanın kartof idxalından asılılığı azaltması, habelə xarici bazarlara ixrac üçün imkanlar əldə etməsi üçün bu soyuducu anbarların sayının artırılmasına xüsusi ehtiyac var. Bu, bazarda bolluğun yaranmasına gətirib çıxarar və qiymət artımının qarşısını alar”.

“Dünyada baş verən müharibələr, beynəlxalq münasibətlər sistemindəki gərginliklər hər bir ölkəni ərzaq təhlükəsizliyi ilə bağlı daha ciddi addımlar atmağa sövq edir. Belə bir şəraitdə ərsəyə gətirilən meyvə-tərəvəz məhsullarının qorunması, “Smart-5” tipli soyuducu anbarların sayının artırılması labüddür. Bunu həyata keçirmək üçün bir neçə üsuldan istifadə edilər bilər. Bir variant regionlar üzrə soyuducu anbarların sayının artırılması, digər variant isə mövsüm dövründə fermlərdən kartofun alınaraq soyuducu anbarlarda saxlanması və münasib qiymətlərlə sonradan satışa çıxarılmasıdır”, - deyə Bayramova vurğulayıb.

Əlavə edib ki, Azərbaycanda yetərli səviyyədə “Smart-5” tipli soyuducu anbarlar olsaydı, fermerlərin məhsulları xarab olmazdı: “Və istehlakçılar olaraq daha sağlam və orqanik məhsullar istehlak edərdik”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyub Hüseynov da AYNA-ya şərhində problemin aktuallığına diqqət çəkib: “Son dövrlər ərzaq məhsulları ilə yanaşı, kartofun da qiymətində ciddi artım var. Bunun da öz növbəsində bir sıra səbəbləri var. Birinci səbəb odur ki, kartof strateji məhsuldur və istehlakçılar bu məhsuldan daha çox istifadə edirlər. Xüsusilə kasıb təbəqənin kartofa üstünlük verməsi və həmin ərzağa tələbatın artması işbazlar üçün fürsətə çevrilib”.

“Digər bir səbəb isə əkinçilərin kartof becərilməsinə olan marağının azalmasıdır. Əkinçi kartofu min bir əziyyətlə əkib becərir, yetişəndə isə məhsulu əlində qalır. Fermerlər məhsulu mümkün qədər tez satışa çıxarmalıdır. Əks halda məhsulları əlində qalacaq, zərərə uğrayacaqlar. Çünki saxlanma anbarları yox səviyyəsindədir. İdxal məhsulları isə öz növbəsində baha qiymətə satışa satışa çıxarılır və bir çox hallarda orqanik olmur. Adətən ölkələr ikinci dərəcəli məhsulları idxala yönəldirlər”, – deyə Hüseynov fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev